Artıq 12 gündür davam edən HƏMAS–İsrail irimiqyaslı qarşıdurması səbəbindən Yaxın Şərqdə gərginlik kritik həddə çatıb. Oktyabrın 17-də Qəzza zolağındakı xəstəxana yüzlərlə fələstinlinin ölümü ilə nəticələnən raket hücumuna məruz qalıb. Dünya ictimaiyyətini dəhşətə salan bu hadisəyə görə tərəflərin heç biri məsuliyyəti üzərinə götürməyib.
Qəzza rəsmiləri xəstəxanada baş verən partlayışda İsrailin hərbi qüvvələrinin “əli” olduğunu iddia edirlər və qarşı tərəfin tam məsuliyyət daşıdığını bildirirlər. İsrail siyasətçiləri isə bu ölkənin silahlı qüvvələrinin hücumda iştirakını inkar edirlər.
İsrail Müdafiə Qüvvələrinin rəsmisi dünən axşam saatlarında bir daha Təl-Əvivin Qəzzadakı xəstəxanada yüzlərlə insanın ölümünə səbəb olan partlayışla heç bir əlaqəsi olmadığını və partlayışın Fələstinin “İslami cihad” qruplaşması tərəfindən səhvən atılan raketlə törədildiyini bildirib. Lakin sonuncu İsrailin hücuma görə məsuliyyət daşıdığına dair ittihamlarını qəbul etməyib.
Ağ evin rəhbəri ABŞ-ın uzunmüddətli müttəfiqinə dəstəyini nümayiş etdirmək üçün dünən günorta saatlarında Təl-Əvivə gəlib. Burada o, dərhal Baş nazir Binyamir Netanyahu ilə geniş müzakirələr aparıb.
Co Bayden bir daha ABŞ-nin İsrailə dəstəyini bəyan edib: “Bilməyinizi istəyirəm ki, siz tək deyilsiniz! Daha əvvəl də bəyan etdiyim kimi, biz İsrailin arxasında dayanmağa davam edəcəyik. Siz öz xalqınızı qoruyursunuz. Biz sizinlə və regiondakı tərəfdaşlarımızla günahsız mülki insanlara qarşı faciələrin qarşısını almaq üçün çalışmağa davam edəcəyik”.
Bayden qeyd edib ki, 75 il əvvəl İsrail dövlətinin əsasını qoyanlar bunun azadlığa, ədalətə və sülhə əsaslanacağını elan edib. O əlavə edib ki, ABŞ bu prinsiplərin qorunması üçün İsrailin yanında olacaq: “Bu gün, sabah və həmişə! Mən sizə söz verirəm”. Bayden qeyd edib.
Qeyd edək ki, Baydenin Təl-Əvivdən Əmmana gedərək İordaniya kralı II Abdullahla görüşəcəyi, daha sonra isə II Abdullahın evsahibliyi edəcəyi və Fələstin Prezidenti Mahmud Abbas ilə Misir Prezidenti Əbdül Fəttah əs-Sisinin qatılacağı dördtərəfli sammitdə iştirakı gözlənilirdi.
İordaniya rəsmisi Fələstin və Misir liderlərinin də qatılacağı zirvə görüşünün baş tutmayacağını açıqlayıb. Görüşün Qəzzadakı xəstəxananın vurulmasından sonra Fələstin lideri Mahmud Abbasın toplantıya qatılmasından imtina etməsi səbəbindən ləğv olunduğu bildirilir.
Qəzzada “Əl-Əhli Ərəb” xəstəxanasında baş vermiş güclü partlayışla bağlı həyəcan və narahatlıqlar ABŞ Prezidenti Co Baydenin İsrailə səfərini də kölgədə qoyub. Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen dünən səhər Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında çıxışı zamanı bildirib ki, Qəzzada xəstəxanaya hücuma görə məsuliyyət daşıyanlar cəzalandırılmalıdır.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə özünün “X” səhifəsində yazıb ki, Qəzzada xəstəxananın vurulması ilə bağlı bütün faktların hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb olunması vacibdir.
Dünən yayılan xəbərlərə görə, Livanın paytaxtı Beyrutda ABŞ səfirliyinə hücum edilib. TASS xəbər verir ki, Livan polisi ABŞ səfirliyinə basqın etməyə cəhd edən fəallara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.
Görünən budur ki, regionda gərginlik artır. Prezident Baydenin bölgəyə səfəri də Yaxın Şərqin səmasını bürüyən “savaş buludları”nın çəkilməsinə şərait yarada bilmədi. Halbuki, bu gün hər iki xalqa sülh hava-su kimi lazımdır.
M.HACIXANLI
XQ