“Neftçi”nin qızıl payızı

post-img

On səkkiz oktyabr 1976-cı il. SSRİ çempionatının birinci dəstəsində finişə üç tur qalmış “Neftçi” öz meydanında Rostovun OİK komandasına böyük hesabla qalib gəlir – 4:1. Rafiq Əlizadə, Elbrus Abbasov və bu oyunda iki dəfə fərqlənən Nikolay Smolnikovun vurduqları qolların Azərbaycan paytaxtı komandasına qazandırdığı inamlı qələbədən sonra azarkeşlərin ürəyi yerinə düşür. “Neftçi” 20 kollektivin mübarizə apardığı turnirdə ikinci yeri özünə təmin edir və birinci pillənin sahibi Alma-Atanın “Kayrat” komandası ilə birlikdə dörd illik fasilədən sonra yenidən güclülər dəstəsində oynamaq hüququ qazanır.

 Həmin qızıl payız günlərində “Kayrat”, “Paxtakor” (Daşkənd), “Nistru” (Kişinyov), “Torpedo” (Kutaisi), “Pamir” (Düşənbə), OİK (Rostov), “Dauqava” (Riqa), “Rubin” (Kazan) və daha 11 komanda ilə rəqabətdən şərəflə çıxan “Neftçi”yə və onun pərəstişkarlarına böyük sevinc bəxş edən səmimi və mübariz kollektivin bir çox üzvü bu gün həyatda yoxdur. Tarixi uğurun 47-ci ilində rostovlularla görüşdə meydana çıxan və ümidləri doğruldan komandanın oyunçularını bir daha hörmət və ehtiramla xatırlayaq, həyatda olanlara cansağlığı arzulayıb, dünyasını dəyişənlərə ruhunuz şad olsun deyək.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) 2011-ci ildə nəşr etdirdiyi “Azərbaycan futbolu-100” kitabından götürüb, bu gün diqqətinizə çatdırdığımız fotoda gördüyünüz futbolçular OİK-lə oyunda  xalqımıza böyük sevinc bəxş etmiş komandadır. Ayaq üstə duranlar (soldan sağa): Anatoli Banişevski, Elbrus Abbasov, Əli Rəhmanov, Yuri Romenski, Əbdülqəni Nurməmmədov, Nikolay Smolnikov, Asəf Namazov; oturanlar: Səməd Qurbanov, Rafiq Əlizadə, Arif Orucov, Bəxtiyar Qulamov, Rəşid Özbəyov. 

Oqtay BAYRAMOV, 
Əməkdar jurnalist

 

İdman