Özbəkistanda “Şuşa Türk dünyasının mədəniyyət paytaxtı” adlı ensiklopedik kitab çap olunub

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə «Şuşa Türk dünyasının mədəniyyət paytaxtı» adlı Azərbaycan, özbək, türk, ingilis və rus dillərində ensiklopedik kitab çap edilib. 

Daşkənddəki “Niso Poligraf” nəşriyyatında nəşr olunan topluda Şuşanın tarixi, mədəniyyəti, incəsənəti, ədəbi mühiti, elm və təhsil müəssisələri, tanınmış ədəbiyyat, mədəniyyət, incəsənət, xadimləri, ictimai siyasi həyatı, abidələri, təbiəti, turizm məkanları,aparılan quruculuq işlərinə dair məlumatlar,fotoşəkillər yer alıb. 

Kitabda qeyd olunur ki, Şuşa ili və bu qədim şəhərin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar AMM bir sıra layihələr həyata keçirib: ilk dəfə olaraq XIX əsrdə Şuşada fəaliyyət göstərən «Məclisi- fəramuşan» poeziya məclisi iki ölkənin gənc şairləri arasında yenidən bərpa edilib, Şuşa şəhər kitabxanası ilə Özbəkistanın “Turan” kitabxanası arasında «qardaş kitabxanalar» haqqında müqavilə imzalanıb. Nəşrdə bildirilir ki, “Turan” kitabxanasında «Şuşa guşəsi» yaradılıb, Termez Dövlət Universitetində «Xurşidbanu Natəvan adına Azərbaycan Ocağı» fəaliyyətə başlayıb. Azərbaycanın Şuşa və Özbəkistanın Xivə şəhərlərinin qardaşlaşması layihəsi reallaşdırılıb. 

 Topluda qeyd edilir ki,  Özbəkistan səhnəsində müsəlman Şərqində ilk operanın müəllifi, Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsertlər təşkil olunub, Xurşidbanu Natəvanın şeirlərinin özbək dilində nəşri reallaşdırılıb, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birlikdə «Özbəkistanda Şuşa günləri» adlı silsilə tədbirlər keçirilib.

Kitabın Özbəkistanda geniş təqdimatının keçirilməsi nəzərdə tutulur.  

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Daşkənd

 

Mədəniyyət