Qocaman bəstəkar-pedaqoqa ehtiram

post-img

Naxçıvan Dövlət Universitetində  Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Tofiq Bakıxanovun müəllimlik fəaliyyətinin 70 illiyinə həsr olunmuş konsert proqramı təşkil olunub. 

Universitetin rektoru Elbrus İsayev bəstəkarın həyat və yaradıcılığından bəhs edib. Qeyd edilib ki, Tofiq Bakıxanov əsərləri ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafına xidmət edən böyük bəstəkar, mahir ifaçılıq imkanlarına malik skripkaçı, milli musiqiçi kadrların yetişməsində əməyi olan gözəl pedaqoq, professor, musiqi sənətinin müxtəlif problemlərinə həsr olunmuş elmi-publisistik məqalələrin müəllifi, milli musiqimizi, incəsənətimizi, mədəniyyətimizi xarici ölkələrdə geniş təbliğ edən fəal ictimai xadim kimi tanınır. 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günay Məmmədova qeyd edib ki, Tofiq Bakıxanov görkəmli bəstəkar, Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin xeyir-duası ilə musiqi aləminə gəlib. Bildirilib ki, ­Tofiq Bakıxanovun yaradıcılığı çoxşaxəli və məhsuldardır. Bəstəkar skripka, viola, violonçel, fleyta ilə fortepiano üçün 20-dən artıq sonatanın, trio, kvartet, kvintetlərin, müxtəlif alətlər ilə simfonik orkestr üçün 26 konsertin müəllifidir. O, Azərbaycanda ilk birpərdəli baletin yaradıcısı olub.  Bəstəkar, eyni zamanda, 3 balet, 3 musiqili komediya, 100-ə qədər mahnı və romans bəstələyib. Simfonik musiqi sahəsi isə bəstəkarın yaradıcılıq irsində 8 simfoniya, 5 simfonik muğam, 5 simfonik poema, simfonik süitalar, uvertüralar və s. əsərlərlə təmsil olunub.

Məclisin bədii hissəsində Tofiq ­Bakıxanovun əsərlərindən ibarət konsert təqdim olunub. Respublika və beynəlxalq müsabiqələr laureatı Firuzə Qədimalıyevanın müşayiəti ilə Azərbaycan Milli Konservatoriyasının  magistrantı Hüseynağa Səmədovun tarda ifası tamaşaçılara xoş ovqat bəxş edib. Konsertdə “Xeyir və Şər” baletindən “Qəhrəmanın çalışması”, “Vals” “Şərq poeması” baletindən “Qızlar rəqsi”, “Xeyir və Şər” baletindən rəqs və digər musiqiləri yüksək peşkarlıqla ifa edilib.

 

Zərifə HÜSEYNOVA  
XQ

 

Mədəniyyət