Müharibə təzadlarından biri və bəlkə də, ən qəribəsi odur ki, özü ilə ölüm, qan-qada gətirməklə, nifrət göyərtməklə yanaşı, məhəbbət, qorxaqlıqla yanaşı, cəsarət, qəhrəmanlıq doğurur. Və bəşəriyyətin müharibə adlı cəhənnəmindən keçənlər xalq alqışı, ölməzlik qazanırlar. Onların haqqında dastanlar yaranır, dillərdə sevgi dolu xatirələri dolaşır.
Bu xatirələrdən birini “Oqonyok” jurnalının müxbiri Konstantin Smirnov qələmə alıb. Özünün yazdığı kimi, təsadüfən Natiq adlı azərbaycanlı döyüşçünün qəhrəmanlığının şahidi olan Konstantin Smirnovun qeydlərindən: “Biz Stepanakertdən (Xankəndi—red) Əsgəran tərəfə gedərkən yolda üzərinə saqqallılar yığışan BMP (zirehli döyüş maşını – red.) ilə rastlaşıb onlara qoşulduq. Erməni yaraqlıları bir neçə gün əvvəl xeyli itki verərək tutduqları kəndi təkcə qədim kilsədə qalıb mövqe tutan Azərbaycan döyüşçülərindən təmizləməyə gedirdilər. Nə həmin gün, nə də səhərisi erməni yaraqlıları döyüş nöqtəsini susdura bilmədilər. Yalnız 3-cü gün kilsə zəbt olundu və sağ qalan yeganə azərbaycanlı döyüşçü əsir götürüldü. O, 5 gün ac-susuz üzərində Azərbaycan bayrağı dalğalanan qədim məbəddə ermənilərə müqavimət göstərib, son anda bayrağı götürüb ermənilərin üstünə getmişdi...”
Erməni tərəfdən Qarabağ döyüşlərində olub səfər xatirələrini yazan rusiyalı jurnalistin həmin reportajına istinad edib onun haqqında AzTV efirindən soydaşımızın hünərindən söz açmışdım. Konstantin Smirnov adlı müxbirin “Oqonyok” jurnalının 1992-ci ilin aprel sayında (№ 14-15) dərc olunmuş “Qorxu” sərlövhəli həmin yazısında, hətta təslim olduqda belə Azərbaycan bayrağını düşmənə verməyən Natiq Qasımovun şücaətindən bəhs edilirdi. Jurnalda əlində Azərbaycan bayrağını dəyanətlə saxlayan Natiq Qasımovun Ermənistan hərbçilərinin əhatəsindəki qorxusaçan fotosu da yer almışdı. Nədənsə, Natiq Qasımov adlı bu cəsur döyüşçünün əsirlikdən geri qayıdacağına, onun qəhrəmanlığı haqda özündən eşidib təfərrüatı ilə yazacağıma çox inanırdım. İllər keçdi və mənim ümidlərim doğrulmasa da, Natiq dillərdə dolaşan cəsurluq hekayəti ilə qəlblərdə əbədiləşdi.
Bu günlərsə igid soydaşımız Nizami Kino Mərkəzində nümayiş olunan “Oğul” sənədli filmində əks olunan ölməzlik dastanı ilə geri döndü. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi, “LİBRAFF” kitab mağazalar şəbəkəsinin və TEAS Press Nəşriyyat evinin təşkilati dəstəyi ilə Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filmini rejissor və ssenari müəllifi Karan Sinqh italiyalı hərbi fotoreportyor Enriko Sarsininin dərc olunmamış fotoları əsasında ekranlaşdırıb. Enriko Sarsinin Qarabağda baş verənlərlə bağlı danışdığı olduqca kədərli, lakin parlaq hekayəti dünyaya çatdırmaq qərarına gələn rejissor həmin hadisəni və qəhrəmanın aqibətini aydınlaşdırmaq üçün 3 il Azərbaycan, Ermənistan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə görüşüb, onların müsahibələrini lentə alıb.
Əcnəbi rejissor Birinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların gedişatında 6 döyüş yoldaşını itirdikdən sonra 5 gün təkbaşına müdafiə etdiyi Alban kilsəsində mühasirədə qalan Natiqin cəsurluğunu böyük ustalıqla ekranlaşdırıb. O, həm ölkəmizdə, həm də erməni tərəfdə Natiqin izi ilə çəkilişlər apararaq qəhrəmanının cəsarətli döyüş yoluna işıq salıb...
Filmdə Natiq Qasımovun erməni əsirliyində dindirilməsi ilə bağlı məqamlar və bu dindirilmələrdə ermənilərin səhra komandiri Vitali Balasanyanın da iştirak etməsinə dair faktlar yer alır. Şahidlərin məlumatına görə, erməni hərbçi Vitali Balasanyan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyatda olan Natiq Qasımovu əsirlikdə olduğu müddətdə işgəncə ilə qətlə yetirib. İstedadlı rejissor filmdə müharibənin acı həqiqətlərini, necə deyərlər, min üzünü göstərməklə yanaşı, qəddar erməni xislətini də ustalıqla aşkara çıxarıb...
“Oğul” adlandırılan filmi izləyərkən, yaradıcı heyətin əksəriyyətinin əcnəbi vətəndaşlar olmasına baxmayaraq, ustalıqla qurulmuş süjet xətti boyu dahi Məmməd Arazın dillər əzbəri olan “Vətən mənə oğul desə nə dərdim...” misralı şeiri qulaqlarımda leytmotiv kimi səslənirdi. Film bitsə də, diqqətlə izləsəm də erməni quldurlarının əlinə keçəndən sonra da onların əhatəsində əlindəki üçrəngli bayrağımızla irəliləyən Natiqin məşhur fotoandakı təsviri gözüm önündən getmirdi.
Natiqin faciəvi aqibəti barədə kədərli filmi izləsəm də illər əvvəl gördüyüm o qürurverici foto gözüm önündə ilğıma dönmüşdü. “Kaş ki, Natiq və yüzlərlə Vətən qəhrəmanı o bayrağın Şuşada, Xocalıda, Xankəndidə necə qürurla dalğalandığını da görəydilər! – deyə iftixarla köks ötürürəm. Ətrafımdakıların da köks dolusu nəfəs aldıqlarını görüncə hamının Azərbaycanın dünyanı heyran qoyan oğlu barədə filmi nəfəs dərmədən izlədiyini yəqin etdim.
***
Təqdimatda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Birinci Qarabağ müharibəsinin şəhidi Natiq Qasımovun ailə üzvləri, rəsmi şəxslər, tanınmış sənət adamları və digər qonaqlar iştirak edirdilər.
Rahib QƏRİB
XQ