Qədim İçərişəhərin Kiçik Qala küçəsində yazı-pozu adamları üçün sevimli bir ünvan var: “Ədibin Evi”. Görkəmli yazıçı Mir Cəlal Paşayev 1920–1940-cı illərdə bu evdə yaşayıb-yaradıb və ona şöhrət gətirən bır sıra əsərlərini – “Bir gəncin manifesti”, “Dirilən adam” romanlarını, bir çox satirik hekayələrini və “Füzuli sənətkarlığı” monoqrafiyasını burada ərsəyə gətirib.
Yazdıqlarını çap maşınında yığdırmaq üçün tez-tez “Kommunist” qəzeti (indiki “Xalq qəzeti”) redaksiyasına gedən və orada tanış olduğu Püstəxanımla tanış olub ona könül verən Mir Cəlalın ilk ailə ocağı məhz bu ünvandır. Onlar bu evin 1-ci mərtəbəsindəki 2 otaqlı kiçik mənzildə yaşayıblar. İlk övladları bu evdə dünyaya gəlib. 20 il ərzində bu evin divarlarına nə qədər acılı-şirinli xatirə hopub. Bu evin çoxlu möhtərəm qonaqları olub. Mir Cəlal müəllim tələbələri ilə öz evində ədəbiyyat diskussiyaları aparıb, onları yedizdirib razı halda evlərinə yola salıb. Sonralar ədibin yazdığı “Bakı görüşləri” adlı xatirə qeydlərində bu ünvan da xatırlanır.
Bütün bu xatirələri qorumaq və ədəbiyyatımıza töhfə vermək üçün 2017-ci ildə ədibin oğlu Arif Paşayevin təşəbbüsü ilə ev təmir olunub və “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu kimi fəaliyyətə başlayıb. “Ədibin Evi”nin qapısı sahibinin qəlbi kimi hamıya açıqdır. Ədəbiyyat adamları, tələbələr, şagirdlər, gənclər, sadə adamlar tez-tez bura gəlirlər. Yazıçının həyat və fəaliyyəti, yaşadığı dövrün ədəbi mühitinə bələd olmaq üçün nadir eksponatlarla tanış olurlar. “Ədibin Evi”nin ədəbiyyatsevərlərin ixtiyarına verilməsində məqsəd bu məkanı ədəbiyyat, mədəniyyət ocağına çevirməkdir.
“Ədibin Evi”nin Bakı Dövlət Universitetinin kafedra müdiri Ədibə Paşayeva, həmin universitetin professoru Təhsin Mütəllimov və ADA Universitetinin rektoru Hafiz Paşayevdən ibarət mükəmməl Himayəçilik Şurası var. Məkanın icraçı direktoru Şəfəq Mehrəliyeva qonaqları daim gülər üzlə qarşılayır, həvəslə yazıçının həyat və yaradıcılığı haqqında məlumat verir, ASAN Radio ilə “Ədibin Evi”nin birgə media layihəsi əsasında reallaşan “Ədibin Evindən Hekayələr”ə baxmağa dəvət edir.
“Ədibin Evi”ndə tez-tez maraqlı ədəbi tədbirlər keçirilir. Aprelin 26-da Mir Cəlal Paşayevin burada qeyd edilən 115 illik yubileyi xüsusilə yaddaqalan olub. Görkəmli ədibin xeyirxahlıq və mərhəmətdən, səmimiyyət və insanlıq duyğularından nur almış bu ünvan ilk andanca ziyarətçilərinə könül rahatlığı bəxş edir.
Bu günlərdə “Ədibin evi”ndə oxucular şair Elçin Mirzəbəyliyə həsr olunmuş “Özgə adam” poeziya axşamına toplaşıblar. Elçin müəllimin həmin görüş barədə təəssüratlarını təqdim edirik: “Meqapolsin səs-küyündən özünə çəkilən İçərişəhərin divarları arasında kiçik bir ədəbiyyat məbədidir “Ədibin Evi”. Qapısını açıb içəri daxil olan kimi tamamilə fərqli bir ovqata köklənirsən. Hətta ruhuna, iç dünyasına İçərişəhərin divarlarından da möhkəm sədd çəkən insan da yumşalır burada, kövrək, lirik duyğuların ayrılmaz bir parçasına çevrilir.
Ana dilimizin cilalanmasında və zənginləşməsində müstəsna xidmətləri olan böyük ədibimiz Mir Cəlal bizi bu gün də heyrətləndirən əsərlərinin bir qismini bu ünvanda yaradıb. “Ədibin Evi”, sözün əsl mənasında, ədəbiyyat vadisidir. Çiçək-çiçək duyğular cücərir hər qarışından...
Dünən bu doğma ünvanda ilk poeziya axşamı gerçəkləşdi. Dəqiqələrin, saatların doğmalıq şirinliyinə necə əridiyindən xəbərimiz olmadı. Mir Cəlalın İçərişəhərin əsrarəngiz guşələrindən birində yerləşən kiçik evini ədəbiyyat məbədinə çevirən varislərinə, “Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyevaya mənə bu imkanı yaratdıqları üçün minnətdaram”.
“Ədibin Evi”ndə təşkil olunan poeziya axşamının adı “Özgə adam” olsa da, heç kəs burada özünü özgə hiss etmədi...
Ə.DOSTƏLİ
XQ