Yeddi igiddən biri

post-img

Sabir Əziz oğlunu uşaqlığından tanıyırdım. 1969-cu il iyulun 26-da Zəngilan şəhərində anadan olmuşdu. Orta məktəbi 1986-cı ildə bitirdi. Sənədlərini Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna verdi,  müsabiqədən keçə bilmədi. Zəngilan Rayon Hərbi Komissarlığının göndərişi ilə Əli-Bayramlıda (indiki Şirvan şəhərində) sürücülük peşəsinə yiyələndi. 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun tikinti fakültəsinə qiyabi daxil oldu. Birinci kursu bitirəndən sonra 1988-ci ilin oktyabrında  hərbi xidmətə çağırıldı...

Adətən, atalar oğullara örnək olurlar. Hərdən atanın peşəsi oğulun düşüncələrinin səyyarəsinə çevrilir. Sabir hərbi xidmətdən sonra 30 ildən çox daxili işlər orqanlarında xidmət etmiş atasi Əziz Paşayevin yolunu seçir. Hərbi xidmətdən tərxis edildikdən sonra, 1990-cı ilin avqustun 12-də Zəngilan rayon milis şöbəsinə patrul xidməti üzrə inspektor təyin edilir...

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlamaq istədiyi müharibə ərəfəsində düşmən Zəngilana vaxtaşırı həmlələr, hücumlar edirdi. Zəngilanı rayon ərazi ozünümüdafiə taboru, bir də milis işçiləri qoruyurdular. Çavuş Sabir Paşayev də Zəngilanı qoruyanların sırasında idi...

Yaxşı iş, nümunəvi xidmət heç zaman diqqətdən yayınmır. Sabir Paşayevin xidməti, bu mənada düşmənlə döyüşləri onun xidmətində ən etibarlı zəmanət oldu. 1992-ci ildə ona “kiçik leytenant” rütbəsi verildi, Məmmədbəyli kəndini və Həkəri stansiyasını əhatə edən geniş bir əraziyə sahə müvəkkili təyin edildi. 

1993-cü il aprelin  10-da gedən döyüşlərdə Sabir  də yaralanmışdı, başqa bir döyüşçünün də yaralandığını görəndə, onu düşmənin  güclü atəşi altından çıxarda bilmişdi. Müalicədən sonra yenə döyüşlərə qayıtmışdı. Nümunəvi xidməti döyüşdə igidliyi və qorxmazlığı yüksək qiymətləndirilərək, ona növbədənkənar “leytenant” rütbəsi təqdim olunmuşdu...

Sabir  Paşayev məzuniyyətdə idi. Yenicə dünyaya gəlmiş qızının yanında  – məcburi köçkün kimi müvəqqəti məskunlaşdıqları Bakıda bir neçə gün qaldıqdan sonra Zəngilana qayıdan gün –  oktyabrın 25-də düşmən Zəngilanı mühasirəyə almışdı. 

Cəbhə xətti 150 kilometrə qədər uzanmışdı. Alayın bütün bölmələri müdafiə mövqeyində yerləşdirilmişdi. Müdafiə olunmaq üçün qüvvə çatışmırdı. Olduqca çətin şəraitdə Baloğlan Süleymanovun rəhbərlik etdiyi kəşfiyyat bölüyü Cəbrayıl rayonunun Dərzili kəndində müdafiə mövqeyi tutmuşdu. 

Ermənilər kəşfiyyat bölüyünün üzərinə 1 motoatıcı taboru və 1 tank bölüyü ilə hücuma keçmişdilər. Lakin ciddi müqavimətlə qarşılaşmış və itki verərək geri qayıtmışdılar. Yenidən qüvvələrini cəmləşdirən düşmənin bir neçə tankı müdafiə zolağını yararaq, Baloğlanın bölüyünə tərəf irəlilədi. Düşmən tankları bu dəfə səngərləri hədəfə almağa başladı. Baloğlan Süleymanov, Emin Nəsibov, Qasım Mönsümov, Bəhram Adıgözəlov, Əlibaba Məmmədov  və digərləri düşmənlə bu qeyri-bərabər döyüşdə şəhid oldu və  onlarca əsgər yaralandı. Təminat bölüyünün əsgərləri də kömək üçün oraya göndərildi. Onlar da şəhid oldular.

Ermənilərin hücumunun qarşısını  almaq üçün   oktyabrın 25-də leytenant Sabir Paşayevin rəhbərliyi ilə  altı nəfər milis əməkdaşı – baş çavuş Elşad Nərimanov, çavuşlar  İsmayıl İsmayılov, İlham Quliyev, Aqil Quliyev, Möhlət İsmayılov, Fazil Bəşirov ilə birgə oraya döyüşə göndərildi. Onlar qəhrəmanlıqla döyüşdülər.

Düşmənin qarşısını kəsənlərin sırasında bu yeddi milis əməkdaşı da var idi. Düşmən irəliləyə bilmirdi. Ermənilərin bir neçə döyüş texnikası, onlarca döyüşçüsü məhv edilmişdi. Onlar döyüşçülərimizin müqavimətini qıra bilmirdilər. Az sonra əlavə  kömək alan düşmən fəallaşdı, manevr edərək döyüşənlərimizi mühasirəyə aldı. Təslim olmadılar. Döyüşdülər. Amma, mühasirədən çıxa bilmədilər....

Hərdən 7 rəqəmi mənə "Yeddi oğul istərəm" bədii filmini xatırladır. 

Vətən naminə ölümdən qorxmadan fədakarlıqla sinələrini sipər edən yurdsevər yeddi oğul da düşmənlə ölüm-dirim savaşına atıldı. Yeddi milis əməkdaşının taleyi həmin gün “itkinlik dumanı”na büründü. Şəhidmi oldular, əsirmi düşdülər?

***

Sabirin qızı Vəfa atasını görməyib. Uşaqlığında babası Əzizdən, nənəsi Qənfilədən qəhərlənə-qəhərlənə soruşardı:

– Atam nə vaxt gələcək?

“Leytenant Sabir Paşayevin qızıyam...” – tələbə yoldaşlarına özünü belə tanıdardı. Leytenant Sabir Paşayevin kim olduğunu soruşana bircə kəlmə deyərdi: “Döyüşçü...”. Yoldaşları gerçəkliyi sonralar bilmişdilər. Biləndə hamısının kiprikləri nəmlənmişdi...

O tarixdən 31 il keçir. O günü unutmamışıq. O tarix unudulmayacaq. 

 

Bayram MƏMMƏDOV,
istefada olan polkovnik-leytenant

Sosial həyat