Oktyabrın 18-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş katibi Talip Uzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Qərbi Azərbaycan İcmasının rəhbərliyi arasında görüş keçirilib.
İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli son 200 ildə Azərbaycan xalqının üzləşdiyi müsibətlər barədə danışıb, ötən əsrdə Qərbi azərbaycanlıların Ermənistandan dörd dəfə deportasiya edildiyini, soyqırımlara məruz qaldıqlarını söyləyib.
İcmanın Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov və Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı qonaqlara soydaşlarımızın yaşadıqları ağrı-acı, eləcə də deportasiyalar zamanı mədəni irsimizə dəyən zərər barədə məlumat veriblər.
Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzun verilən məlumatların onları təsirləndirdiyini bildirib, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, ağrı-acısını bölüşdüyünü deyib. “Bir millət, iki dövlət” fəlsəfəsini dilə gətirən Baş katib Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq modelinin dünyanın başqa heç bir yerində olmadığını vurğulayıb.
XQ