Şuşada I Türk Dünyası Mədəniyyət Forumu

post-img

Oktyabrın 13-də Şuşada Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun açılışı olub.

Əvvəlcə bu il “Türk dünyasının mə­dəniyyət paytaxtı” missiyasını yerinə yetirən Azərbaycanın muğam-sənət beşiyi olan Şuşa şəhərinə həsr olun­muş videoçarx nümayiş etdirilib, "Dər­vişlər" adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

Mərasimin açılışında çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Şuşanın 2023-cü il üçün “Türk dün­yasının mədəniyyət paytaxtı" elan edil­məsi Türk dünyası tərəfindən Şuşaya olunan xüsusi diqqətin göstəricisidir. O, vurğulayıb ki, Müzəffər Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi nəticəsində Azərbay­canın işğal altında olan torpaqlarını, həmçinin Şuşanı azad edib. Hazırda həmin ərazilərdə yüksək səviyyəli bər­pa-quruculuq işləri davam edir.

Nazir bildirib ki, türk dünyası birliyi­nin təmin olunması, ortaq milli dəyərlər ətrafında birləşdirilməsi məhz Ulu ön­dər Heydər Əliyevin adı ilə bağlıdır.

TÜRKSOY-un Baş katibi Sultan Raev təşkilatın ortaq türk mədəniyyə­tinin, dilinin, tarixinin, mədəni irsinin qorunması, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürül­məsi məqsədilə qurulduğunu vurğula­yıb.

S.Raev TÜRKSOY-un türkdilli xalq­lar və ölkələr arasında mədəniyyət, incəsənət sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük işlər gördüyünü deyib.

Tədbirdə TDT-nin Baş katibi Kuba­nıçbek Ömüralıyev, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er, BTA-nın preziden­ti, akademik Şahin Mustafayev, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış ediblər.

Bildirilib ki, türk xalqlarının birliyi hər zaman böyük əhəmiyyət kəsb edib.

Qeyd edək ki, forum işini üç panel üzrə davam etdirir. Panellərdə “Türk dilləri və Ədəbiyyatları: Differensiasiya və inteqrasiya”, “Mədəni və tarixi irsin qorunması və bərpasında ən yaxşı təc­rübələr” və “Yaradıcı Sənayelər və in­novasiyalar” mövzularında müzakirələr aparılır. 

XQ



Mədəniyyət