Ölkənin musiqi ocaqları isə yeni mövsümə zəngin repertuarla gəlib
Prezident Heydər Əliyevin 18 sentyabr 1995-ci il tarixli fərmanı ilə Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin dünyaya gəldiyi 18 sentyabr ölkəmizdə Üzeyir Musiqi Günü kimi qeyd olunur.
Ötən illərdə həmin gün ərəfəsində ənənəvi beynəlxalq musiqi festivalı, klassik musiqi konsertləri, müxtəlif tədbirlər keçirilib. Bu il də Üzeyir Musiqi Gününün repertuarı zəngindir.
Sentyabrın 18-i saat 15-də Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təşkil ediləcək. Həmin gün bu mərkəzdə “Açıq qapı” elan edilib və konsertə giriş sərbəst olacaq. Konsert proqramında mərkəzin solistləri – əməkdar artistlər Səbuhi İbayev, Ehtiram Hüseynov, xanəndələr Hüseyn Məlikov, Ayşən Mehdiyeva, Vəfa Vəzirova və Günay İmamverdiyeva muğam və xalq mahnılarından ibarət rəngarəng proqramla tamaşaçıların görüşünə gələcəklər. Xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərlik etdiyi ansambl müşayiət edəcək.
Həmin gün Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalına da start veriləcək. İlk gündə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Rəqs Ansamblı Heydər Əliyev Sarayının səhnəsində çıxış edəcək, burada Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti tamaşaçılara təqdim olunacaq.
Festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında sentyabrın 19-dan 22-nə qədər hər gün silsilə elmi konfranslar və konsert proqramları olacaq.
Bu gün isə Üzeyir Musiqi Günü ilə bağlı tədbirlərə start verilir. Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda musiqi” adlı sərgi açılacaq və uşaqlar üçün konsert proqramı təşkil olunacaq. Sərgidə muzeyin kolleksiyasından musiqi sənəti ilə əlaqəli 11 ədəd zəngin kompozisiyalı portret və süjetli xalçalar, qobelenlər nümayiş etdiriləcək. Xalq rəssamları Tahir Salahov və Eldar Mikayılzadənin görkəmli bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev və Dmitri Şostakoviçə həsr etdikləri portret xalçaları, xalçaçı-rəssamlar Gülmurad Bəbirov, Bəsti Şərif, rəssamlar Pavel Kuzmenko, Rimma Eminova və Faiq İbrahimovun əsərləri ekspozisiyada aparıcı yer tutur.
***
Ölkənin musiqi ocaqları da yeni mövsümə başlayacaq. Sentyabrın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının yay zalında milli kinematoqrafiyamızın 125 illiyinə həsr olunmuş konsert təşkil ediləcək.
Bu il filarmoniyanın səhnəsində tanınmış bəstəkarların ənənəvi yaradıcılıq gecələri təşkil ediləcək. Xalq artisti, bəstəkar Vasif Allahverdiyevin 60 illiyi, xalq artistləri Tofiq Bakıxanov, Eldar Mansurov və Nəriman Məmmədovun yaradıcılıq gecələri, görkəmli rus bəstəkarı Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş fortepiano axşamı, violonçelçi Sabir Əliyevin 95 illiyi ilə bağlı tədbir, İlyas Mirzəyevin 60 və Fərəc Qarayevin 80 illiyinə həsr olunmuş yaradıcılıq axşamları musiqi gündəmində aparıcı yer tutacaq. Xarici ifaçıların və tanınmış musiqi kollektivlərinin iştirakı ilə konsertlər nəzərdə tutulub. Fransada yaşayan soydaşımız, Əməkdar artist, Fransanın Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyeva öz çıxışı ilə klassik musiqi həvəskarlarını sevindirəcək.
Gənc istedadlara və bəstəkarlara öz yaradıcılıqlarını böyük səhnədə nümayiş etdirmək imkanı verən filarmoniyada “Gənclərə dəstək” layihəsi çərçivəsində konsertlər ölkənin müxtəlif salonlarında da davam etdiriləcək.
Uzun fasilədən sonra 2022-ci ilin noyabrından filarmoniyanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil etdiyi abonement konsertləri yenidən başlanır. Konsertlər hər şənbə günü saat 15-də kamera və orqan musiqisi zalında keçiriləcək. Bu konsertlərdə müxtəlif kollektivlər rəngarəng proqramlarla çıxış edəcək.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı özünün115-ci mövsümünün açılışına hazırlaşır. Teatrın direktoru, Xalq artisti Yusif Eyvazov yeni mövsümün açılışı ilə əlaqədar kollektivdə müzakirə keçirib. Qarşıda duran prioritet məsələlər, maraqlı layihələr, təqdimatlarla bağlı geniş yaradıcılıq diskussiyası aparılıb. Əsas məsələlərdən biri də teatrın qastrol səfərlərinin təşkilidir. Qeyd olunub ki, milli və klassik operaların bərpası teatrın qarşısında duran məsələlərdən biridir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında isə Xalq artisti, bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında hazırlanan və yeni səhnə əsərlərindən olan “Nəğməmə inan” tamaşası nümayiş olunacaq. Teatrın rus bölməsində hazırlanan bu musiqili komediya növbəti dəfə sentyabrın 24-də teatrsevərlərə təqdim olunacaq. Librettosu və mahnılarının mətni Mixail Şerbaçenkoya məxsus olan bu səhnə əsərinə quruluşu teatrın baş rejissoru Cavid İmamverdiyev, dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev veriblər. Quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Rolları əməkdar artistlər Boris Qrafkin, Fərid Əliyev, Nərgiz Kərimova, aktyorlar Emil Heydərov, Mehriban Zaliyeva, Rauf Babayev və Leonid Klyotc ifa edəcəklər.
Onu da deyək ki, Rusiyanın bir neçə teatrında oynanılan bu əsərin radio-tamaşasında baş rolu Polad Bülbüloğlu özü səsləndirib.
Şuşa Dövlət Musiqili Dram Teatrı 150 -ci teatr mövsümünü sentyabrın 16-da gənc yazar Jalə Novruzun “Molla Nəsrəddini tapın” tamaşasının premyerası ilə açacaq. Tamaşanın quruluşu teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimova məxsusdur. Quruluşçu rəssam Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Molla Nəsrəddin rolunu Əməkdar artist Teymur Məmmədov, Mollanın arvadını isə Xalq artisti Şükufə Musayeva ifa edəcəklər. Digər rolları isə teatrın aktyorları Rasəf Mehdiyev, Hamlet Qənbərov, Dürdanə Dünyamalıyeva, Təranə Əliyeva, Nihad Heybətov, Mobil Qurbanov, Vüsal Məmmədov, Sevinc Ağayeva, Bahar Həmzəyeva, Gündüz Qasımov və Orxan Abışov canlandıracaqlar.
Bir sözlə, musiqi ocaqları yeni mövsümə tam hazırdır və sənətsevərləri bir-birindən maraqlı tamaşalar, konsertlər, digər mədəni-kütləvi tədbirlər gözləyir.
Q.RAMİLƏ