Erməni lobbisinin pulla ələ aldığı şəxslərdən biri olan “Beynəlxalq Xristian Həmrəyliyi” xristian hüquq-müdafiə təşkilatının rəhbəri, Humanitar Yardım Fondunun (HART) təsisçisi və prezidenti, baronessa Kerolayn Koks Ermənistana səfər edib. Oradan dərhal Azərbaycanla şərti sərhədə gəlib. Dığ kəndində yerli icmanın rəhbəri və üzvləri ilə görüşüb. Daha sonra “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinin qarşı tərəfində düzülmüş yük maşınlarının yanında videoçəkiliş edib. Çəkiliş zamanı ölkəmizin ünvanına böhtan atıb, baş verənləri “dövrümüzün faciəsi” adlandırıb. O, İrəvanda qondarma separatçı rejimin “xarici işlər naziri” Sergey Qazaryanla da görüşüb.
Qeyd edək ki, Böyük Britaniya Lordlar Palatasının üzvü və keçmiş sədr müavini, ixtisasca sosioloq olan baronessa Koksun ermənipərəstliyinin keçən il 30 illiyi “təntənəli şəkildə” qeyd edilib. O, 1992-ci ildən Ermənistan–Britaniya parlament dostluq qrupunun sədri olub. Sosialist və xristian baxışlarına malikdir.
Baronessa Qarabağın erməni işğalı altında olduğu illər ərzində ora 60 dəfədən çox səfər edib. Guya, bu səfərlər “humanitar xarakter” daşıyıb və sakinlərə lazımi dərmanlar çatdırıb. 2006-cı ildə “görkəmli dövlətçilik və ictimai-siyasi fəaliyyətinə, habelə diplomatiya, hüquq və siyasət sahələrində mühüm nailiyyətlərə görə” Ermənistanın “Mxitar Qoş” medalı ilə təltif edilib.
ABŞ-dakı qatı ermənipərəst konqresmen Frenk Pallone onu “əsl erməni millətçisi” adlandırıb. Deyib ki, K.Koks Ermənistan və Qarabağ uğrunda canını verməyə hazırdır.
Ermənistanla Azərbaycan arasındakı münaqişədən bəhs edən “Qara Bağ” kitabının müəllifi Tomas de Vaal K.Koksun münaqişədə iştirakını təsvir edərək, onu “Qarabağ ermənilərinin çılğın tərəfdarı” adlandırıb.
Onu da qeyd edək ki, Azərbaycanın razılığı olmadan Qarabağa səfərlər etdiyinə görə Koks Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizdə arzuolunmaz şəxs elan edilib, onun ərazimizə daxil olması qadağan olunub. İndi belə bir şəxs əlinə düşən fürsətdən istifadə edərək öz aləmində ölkəmizdən “qisas almağa” çalışır. “Qisas”ı isə böhtan atmaqda görür. Ancaq Koks və onun kimilər belə haray-həşir salmaqla, çətin ki, nəyəsə nail olsunlar.
XQ