Müsahibimiz Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadədir
Firəngiz Əlizadə: Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1974), Əməkdar incəsənət xadimi (1990), professor (1998), Xalq artisti (2000), AMEA-nın müxbir üzvü (2017), UNESCO-nun “Sülh artisti” (2007), “Şöhrət” (2007), “Şərəf” (2017) ordenləri laureatı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür. Azərbaycan Bəstəkarlar İttifaqının VIII (2007), IX (2012) və X (2019) qurultaylarında sədr vəzifəsinə seçilib. Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında ən tanınmış simalarındandır. Onun əsərləri xarici ölkələrdə ən böyük konsert və teatr səhnələrində, beynəlxalq festivallarda səsləndirilir. Onun musiqiləri milyonlarla xarici dinləyici tərəfindən böyük rəğbətlə qarşılanaraq beynəlxalq arenada şöhrət qazanıb.
Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin “Muğamsayağı” əsəri Almaniyada musiqi dərsliklərinə salınıb. Oktyabr ayında isə Musiqi Forumu öz işinə başlayacaq. Bu və digər xoş xəbərlər barədə oxucuları geniş bilgiləndimək üçün Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə ilə görüşüb söhbət etdik.
– Firəngiz xanım, “Muğamsayağı”ndan başlayaq. Bu əsər Almaniyada musiqi dərsliklərinə salınıb.
– O qədər belə hadisələr olub ki, həyatımda. Nədənsə, yalnız bu hadisə çıxdı üzə. İsraildən bir bəstəkar gəlmişdi, mənə dedi ki, sizin bəstəkarlıqda yetirmələrinizi də tanımaq istəyirəm. Dedim ki, mənim bəstəkar yetirməm yoxdur, çox təəccübləndi.
– Görəsən, niyə yoxdur?
– Mən də o suala cavab almaq istərdim. Bəstəkarlıqdan dərs demək üçün nə Milli Konservatoriyaya, nə də Musiqi Akademiyasına bu vaxtadək dəvət olunmamışam. Amma xaricdə bəstəkarlıqdan ustad dərsləri verirəm. Amerikadan belə, xeyli ölkədə tələbələrim olub, hamısının də əlimdə sənədləri var. Nədənsə, burada məni axtaran olmayıb.
– Klassik musiqinin zirvələrdə olacağı zaman gələcək, hər sənət öz yerində olacaq.
– Bizim çox gözəl ənənələrimiz var, onlara söykənərək hərəkət etməliyik. Tanrı bizə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev kimi dahilər bəxş edib. Onların yaratdıqlarını, qurduqlarını, fədakarlıqlarını unuda bilmərik. Onlar istəyirdilər ki, Azərbaycanda klassik musiqi də inkişaf etsin. Mən Qara Qarayevin sinfində oxuyanda onun çox gərgin iş qrafiki var idi – gah Moskvada, gah burada işləyirdi. Deyəndə ki, müəllim, əsər yazın, bizə sizin əsərləriniz lazımdır, o bir əhvalat danışdı. Dedi ki, Cövdət Hacıyev bəstəkarlığı qurtarıb gələndə Üzeyir bəy ona dedi ki, bizə indi bəstəkar lazımdır, amma yalnız musiqi bəstələyən yox: “ Biz musiqi mədəniyyətimizi inşa etməliyik. Bəstəkar ictimai xadimdir”. Bunlar Üzeyir bəyin fikirləridir.
Baxın, mənim əyləşdiyim bu kresloda Qara Qarayev 35 il oturub. İndi telekanallarda səhərdən axşama toyxana musiqiləri səsləndirilir. Heç biri də Azərbaycan musiqisi deyil, ərəb, hind, türk, meksikan musiqilərinin qarışığıdır. Azərbaycan musiqisinin çalarları itirilir. Halbuki, bizim misilsiz muğamımız, gözəl xalq mahnılarımız var.
– Qara Qarayev Şostakoviçdən də dərs almışdı, Fikrət Əmirov isə daha çox Rusiya bəstəkarlığının yetirməsi idi, amma onların musiqiləri millilikdən qətiyyən uzaqlaşmadı. İndi müstəqillik dövrüdür, öz milli bəstəkarlarımızdan dərs alan gənclər, nədənsə, digər ölkələrin musiqilərinin təsiri altına düşürlər.
– Dediyiniz sənətkarlar, həm də böyük şəxsiyyətlər idilər, ruhlarında o qədər millilik var idi ki, xalq musiqisindən uzaq düşmələri mümkün deyildi. Cövdət Hacıyev şəkili idi, Qara Qarayev Novxanıdan. İndiki vəziyyət bir tərəfdən təhsilsizlikdən irəli gəlir, ikinci tərəfdən də sosial şəbəkələrdə tələbkarlıq yoxdur. İnsanlar parkda, bulvarda, harada gəldi toyxana musiqilərinə qulaq asırlar. Heç kim oturub simfonik musiqi dinləmir. Bir az da təbliğatdan asılıdr, o, böyük qüvvədir. Bizim televiziyalar nəyi təbliğ edir? – Toyxananı. Bütün günü müğənnilər toydan aldıqları vəsaitdən danışırlar.
Bir vaxtlar bizdə təhsil ən yüksək səviyyədə idi. Mən 2007-ci ildə Bəstəkarlar İttifaqına sədr seçiləndə bütün telekanallara məktub yazdıq ki, bədii şuralar bərpa edilsin. Cavanlıqda biz tələbələr, bəstəkarlar bədii şuranın iclaslarına gedirdik. Səid Rüstəmov Tofiq Quliyevin musiqisində vəznlərin düzgün olmadığını deyib və geri qaytarıb ki, bunları düzəlt, gətir. O, da düzəldib, amma heç vaxt da bir-birilərindən inciməyib. İndi deyirlər ki, yox, fikir demək, geri qaytarmaq olmaz, düşmənçilik yaranar. Demək, o sahədə başda oturan günahkardır. Bəzi kanallarda bədii şura bərpa olundu, amma o tərkibə kimlər salındı? Biz kimin ki, mahnılarını qəbul etmirik, onlar bədii şurada oturublar. Ona da çıxış yolu tapdılar. Hətta cənab Prezident bizi qəbul edəndə dedi ki, Firəngiz xanım deyir bədii şura olsun, görün, onun tərkibində kimlər oturub? Bax, bu, çox mühüm məsələdir.
– Qayıdaq “Muğamsayağı”nın uğur-larına...
– İlk dəfə Almaniyada mənim haqqımda “Görkəmli şəxsiyyətlər, silsiləsindən böyük kitab yazıldı. Onların kitabları çox xoşuma gəlir, çünki adama tərif vurmazlar, sadəcə, sənədləri və faktları göstərərlər və oxucu artıq sənin kim olduğunu özü müəyyən edər. Xədicə Orduxanova da haqqımda bir kitab işləyib. Orada da faktlar və sənədlərdir.
1992-ci ildə məni Türkiyəyə dəvət etdilər. Dedilər, Mersində Opera və Balet Teatrı yaratmaq istəyirik, siz gəlin, birlikdə bu işi quraq. Dedilər, sizə balet sifariş edirik – “Boş beşik” adında. “Boş beşik” Mersinin çox qədim əfsanəsidir. Baleti 3 aya yazdım. 1993-cü ilin yanvarında teatrı açdıq. Bakıdan hamını açılışa dəvət etmişdim, yalnız Tofiq Quliyev rəhmətlik gəldi. Sonra “Kronos–kvartet” məni Amerikaya dəvət etdi ki, o əsərin bir premyerası da bizdə olmalıdır. 1993-cü ilin sonunda əsər artıq milyonlarca insana çatmışdı, dinləmişdilər. Dünyada belə bir tendensiya var: Sənin əsərin neçə dəfə satılır, neçə nəfər bilet alır, nə qədər qonorar yığılır, hamısı qeyd olunur və sənin zəhmət haqqın ödənir. Bizdə təəssüf ki, bu yoxdur .
– Əlbəttə, insan zəhmətinin haqqını almalıdır.
– 4 yaşımdan musiqidəyəm, mənim bundan başqa qazanc yerim yoxdur. Özümü demirəm, heç bir ehtiyacım yoxdur. Axı, bizm bəstəkarlığı bitirən, o işlə məşğul olan gənclərimiz var. Nə ilə dolansınlar? “Muğamsayağı” milyon dəfələrlə ifa olunub. “Kronos – kvartet”də partlayış oldu. Sinqapur kvarteti “Muğamsayağı”nı ifa edib – görün hardan- hara. Deməli, dünyada ifa olunub. Çox uğurlu əsər oldu, adı da üstündə muğamımızdır. “Habilsayağı” əsərim də bütün dünyada ifa edilib. Dünyada elə violonçel ifaçısı yoxdur ki, bu əsəri ifa etməsin. İndi “Rəqs” əsərim çox yayılıb. Amerikalı musiqiçi Devit mənə dedi ki, deyəsən, “Rəqs” “Muğamsayağı”nı keçəcək. Dedim bu 2 milyon tamaşaçı qazanar.
– Siz o vaxt Mersində opera teatrını yaradanda burada müharibə gedirdi, həyat yoldaşınız Qarabağ döyüşlərinə qatılmışdı...
– O, I Qarabağ müharibəsinin qazisidir. Moskvada Kinematoqrafiya İnstitunu bitirib, həm də hərbi operatordur. Biz evləndik, oğlumuz dünyaya gəldi, bu hadisələr başlandı. Başımıza nələr gəlmədi? Həyat yoldaşım 20 Yanvar hadisələrindən nadir kadrlar çəkmişdi, sovet əsgərləri kamerasını əlindən alıb, qolunu da sındırmışdılar. Biz də Türkiyədə oğlumla oturub onun qayıdacağını gözləyirdik.
1988-ci ildə ilk dəfə Amerikaya getmişdim, həm konsert verdim, həm də dərs dedim. İlk konsertdən gələn qonorarla yoldaşım özünə kamera aldı ki, mənim konsertimi və mühazirələrimi çəksin. 1989-cu ildə məni 2-ci dəfə Amerikaya konsertə dəvət etdilər.
Mən getdim, o qaldı Bakıda, 20 Yanvar hadisəsini də o vaxt lentə almışdı. Mənim Mersindəki premyeramda yoldaşım iştirak edə bilmədi. Təkcə böyük bacım bizm evi kirayəyə verərək, onun pulu ilə bilet alıb gəlmişdi premyeraya.
1994-cü ildə I Aspendos festivalı mənim baletimlə açılıb. Səhnədə Süleyman Dəmirəlin teleqramını oxudular. O, fəxrlə bildirirdi ki, uluslararası festival türk əsəri ilə açılır.
– Firəngiz xanım, siz həm də Almaniyada Berlin İncəsənət Akademiyasının professorusunuz.
– Bəli, Türkiyədə fəaliyyət göstərəndə imkan geniş idi, hər yerə səyahət edirdim, konsertlər, dərslər verirdim. Türkiyədə həm konservatoriya açdıq, həm opera teatrı. 1998-ci ildə Amerikadan dəvət aldım. Bildirilirdi ki, təqaüd də verirk, ev də, ailənizlə köçün bura. Bütün şərait yaradıldı, mən yalnız işlədim. Oğlum da yaxşı təhsil aldı. Sonra Almaniyaya köçdük. Oğlum 4 dildə sərbəst bilir, hazırda Almaniyada yaşayır. Mənim 2 qızıl diplomum var, 1979-cu ildən Bəstəkarlar İttifaqında çalışıram.
– Sədr seçilməyinizdən, deyəsən, özünüzün də xəbəriniz olmayıb...
– Tofiq Quliyev rəhmətə gedəndən sonra ittifaq dağılırdı, yurd-yuvamız da yox idi. Vasif Adıgözəlov rəhmətə gedəndən sonra isə məni çağırdılar ki, ittifaqın katibisiniz, gəlin qurultay keçirin, seçki olsun, sonra istəsəniz yenə gedərsiniz. Gəldim və Ramiz Zöhrabovla çox möhtəşəm qurultay keçirdik. 5 bəstəkarın 120 əsəri ifa olundu. Sonra da məni ittifaqa sədr seçdilər. İlk olaraq, ölkə başçısına müraciət etdim ki, köhnə yurdumuzu – Xaqani küçəsindəki əvvəlki binamızı qaytarsınlar bizə. Bu məsələ istədiyimiz kimi həll edildi. Şabranda bəstəkarlar üçün yaradıcılıq evi yaratdıq.
– Bu gün bəstəkarlıq sahəsində vəziyyət necədir: nə çatır, nə çatmır, nə etmək lazımdır?
– Çox iş görülməlidir. Oktyabr ayında Musiqi Forumu olacaq, ona hazırlaşırıq. Dediyiniz məsələlərin orada geniş müzakirə ediləcəyinə ümidliyik.
– Biz də ümidliyik. Xalqın ruhunu təcəssüm etdirən musiqimizin qorunması və zənginləşdirilməsi yolunda sizə uğurlar diləyirik.
R.QURBANLI