Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin layihəsi çərçivəsində Seyfəddin Dağlının latın qrafikası ilə çap olunan “Gəcil qapısı” romanının təqdimat mərasimi keçirilib.
Seyfəddin Dağlı zəngin ədəbi-bədii irsi ilə ədəbiyyat tariximizdə silinməz iz qoyan təkrarsız simalardandır. 1936-cı ildə – 15 yaşında ikən “Kommunist” qəzeti redaksiyasında işə başlayan gənc Seyfəddin sonralar burada ədəbi işçi, şöbə müdiri və məsul katib vəzifələrində çalışıb, II Dünya müharibəsində iştirak edən gənc yazar 1944–1946-cı illərdə Təbrizdə nəşr olunan “Vətən yolunda” adlı hərbi qəzetdə işləyib. Bu baxımdan ədibin yaradıcılığında Cənubi Azərbaycan mövzusu xüsusu yer tutur. Yazıçı neçə-neçə hekayəsini, eləcə də “Gəcil qapısı” romanını güneyli soydaşlarımızın həyatına həsr edib.
Təqdimat mərasimində kitabxananın direktoru Aslan Cəfərov və Cəfər Cabbarlı Ev Muzeyinin rəhbəri Qəmər Bağırova Azərbaycanın tanınmış yazıçısı Seyfəddin Dağlının zəngin ədəbi-bədii irsi ilə ədəbiyyat tariximizdə silinməz iz qoyduğunu qeyd etdilər. “Gəcil qapısı” romanında Arazın o tayındakı qardaş və bacılarımızın ağır həyatından, onların bəlalı taleyindən, çətin güzəranından və mübarizəsindən bəhs olunduğu diqqətə çatdırıldı.
AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli görkəmli yazıçı ilə şəxsi tanışlığından danışdı, onun Azərbaycan ədəbiyyatına, ədəbi dilinə bütün varlığı ilə bağlı qələm sahibi olduğunu söylədi. Alim Seyfəddin Dağlı ədəbi irsinin tədqiqi və təbliği ilə bağlı görüləsi işlərdən danışaraq ədibin əsərlərinin latın qrafikası ilə çap edilmədiyini təəssüf hissi ilə bildirdi. Nəhayət, “Gəcil qapısı” kitabının latın qrafikası ilə buraxılmasının sevindirici bir hadisə olduğunu bildirən ədəbiyyatşünas yazıçının digər əsərlərinin də təkrar çapının vacubliyini göstərdi.
Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Rəhim Əliyev Seyfəddin Dağlının milli ədəbi satira məktəbinin ən yaxşı ənənələrini yaşadan yazıçı, yumoristik povest və hekayələr ustası olduğunu bildirdi. O, yazıçının əsərlərinin bir çox dillərə tərcümə olunduğunu, müxtəlif ölkələrdə çap edildiyini söyləyərək Cənubi Azərbaycan mövzusunda yaradıcılığının bir kitabda toplanmasından məmnunluğunu ifadə etdi.
Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, dosent, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu “Gəcil qapısı” romanında milli koloritin, Cənub dialektinin, şifahi xalq ədəbiyyatı nümunələrinin qorunub, saxlanıldığını bildirdi. Dövlət Tərcümə Mərkəzinin əməkdaşı, redaktor-tərcüməçi Bəhlul Abbasov atası Seyfəddin Dağlının yaradıcılığına göstərilən diqqət və marağa görə minnətdarlıq etdi. Onun həmkarı İlqar Əlfioğlu Seyfəddin Dağlının əsərlərinin Cənubi Azərbaycan mövzusu ilə maraqlanan oxucular, gənclər üçün dəyərli mənbələr olduğunu bildirdi.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev xalqımızın Seyfəddin Dağlı kimi görkəmli nümayəndələrinin, şair və yazıçılarının hər zaman ölkənin inkişafında, gənc nəslin milli ideya və vətənpərvərlik ruhunda yetişməsində təsirli rol oynadığını söylədi. “Gəcil qapısı” kitabının yeni əlifba ilə nəşr edilməsini müsbət dəyərləndirdi.
Mərasimdə AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı Xanımbacı Məlikzadə, Cəfər Cabbarlının Xızı Ev Muzeyinin direktoru Həcər Rəsulova və başqaları Seyfəddin Dağlı irsinə münasibət bildirdilər. Təqdimatda kitabxana əməkdaşlarının hazırladıqları “Sözün hikmətinə dəyər verən sənətkar – Seyfəddin Dağlı” adlı videomaterial nümayiş olundu.
Sonda yazıçının qızı Qəmər Bağırova “Gəcil qapısı” kitabının bir dəstini Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə etdi.
Ə.DOSTƏLİ
XQ