ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimin səsləndirdiyi, ümumiyyətlə, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqları əks etdirməyən fikirləri, sadəcə, məyusluq doğurur.
Bu sözlər XİN-in mətbuat katibi Ayxan Hacızadənin ABŞ Senatında keçirilmiş dinləmələrdə səsləndirilən iddialara dair şərhində yer alıb.
A.Hacızadə bildirib ki, ilk növbədə, qeyd olunan dinləmələrin təşəbbüskarının və təşkilatçısının ölkəmizə qarşı ənənəvi düşmən mövqeyi ilə seçilən ermənipərəst senator Robert Menendezin olduğu məlumdur. Sözügedən senatora qarşı korrupsiya ittihamlarının mövcud olduğu və istintaq prosesinin aparıldığı bir dövrdə bu şəxsin hələ də erməni diasporunun radikal nümayəndələrinin saxta iddialarını əsas götürməklə Azərbaycana qarşı fəaliyyətlə məşğul olması onun üçün siyasi etik qaydaların yad məfhum olduğunu növbəti dəfə sübut edir.
Bu fikirlər 2023-cü il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibi Antoni Blinken arasında təmaslar zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni vaxtda istifadə məsələsində razılaşma ilə ziddiyyət təşkil edir.
“Ermənistan ilə Azərbaycan arasında müharibənin bitmədiyini iddia edən xanım Kimə xatırlatmaq istərdik ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra tərəfimizdən hər iki dövlətin ərazi bütövlüyü və suverenliyi əsasında qarşı tərəfə sülh təklif olunub”.
Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə bağlı “Dağlıq Qarabağın erməni xalqı”nın hüquq və təhlükəsizliklərinin sülh müqaviləsində öz əksini tapmasına istinad edilməsi, özündə Ermənistanın məqsədyönlü şəkildə ərazilərimizdə separatizmi təşviq məqsədilə istifadə etdiyi terminologiyanı ehtiva etməklə ərazi bütövlüyümüz və suverenliyimizə ziddir. Eyni zamanda, bu istinad Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində həmin bölgədən didərgin düşən azərbaycanlıların da hüquqlarına hörmətsizlikdir.
“Hərbi hücum” iddiası ilə bağlı isə Ermənistandan fərqli olaraq, Azərbaycanın heç vaxt mülki əhaliyə qarşı güc tətbiq etmədiyini vurğulayaraq, əksinə, milli səviyyədə erməni sakinlərimizin cəmiyyətimizə reinteqrasiyası sahəsində tədbirlərin görüldüyü, bu istiqamətdə Ermənistan və onun qondarma qurumu tərəfindən törədilən maneələrə baxmayaraq, qərarlı olduğumuzu bildiririk. Reinteqrasiya prosesi ölkəmizin daxili məsələsidir və daxili işlərimizə müdaxilə qəbulolunmazdır.
ABŞ tərəfinin timsalında beynəlxalq ictimaiyyətə, Ermənistanın qarayaxma kampaniyasına uymayaraq, bölgədə qeyri-sabitliyə rəvac verən bu kimi addımların bir parçası olmamağı tövsiyə edirik”, - deyə Azərbaycan XİN-in rəsmisi vurğulayıb.
XQ