Azərbaycan–Pakistan–Türkiyə Parlament sədrlərinin üçüncü üçtərəfli görüşü oktyabrın 14-də İslamabad Bəyannaməsinin qəbul olunması ilə başa çatıb.
Üçtərəfli görüşün yekun iclasında çıxış edən Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq tədbirin üç qardaş ölkə arasında bir sıra aktual məsələlərin ətraflı müzakirəsi baxımından yaxşı imkanlar yaratdığını bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova üçtərəfli görüşdə regionda və ümumən beynəlxalq aləmdə baş verən proseslərin və ölkələrimiz arasındakı əlaqələrin nəzərdən keçirildiyini, ortaq maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparıldığını söyləyib. Onun sözlərinə görə, bu əlaqələr dövlətlərarası münasibətlərin bütün istiqamətlərini əhatə edir və günbəgün daha da möhkəmlənir və dərinləşir.
Azərbaycan parlamentinin sədri İslamabad Bəyannaməsinin ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin bütün aspektlərini əhatə etdiyini, parlamentlərimizin birgə fəaliyyətinin əhəmiyyətini vurğuladığını, o cümlədən əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yeni imkanları təsbit etdiyini söyləyib.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün parlament diplomatiyasının imkanlarından istifadə edilməsinin vacibliyini qeyd edib.
***
Azərbaycan, Pakistan və Türkiyə parlamentləri sədrlərinin İslamabadda keçirilən üçtərəfli görüşü başa çatandan sonra tədbir iştirakçıları bu ölkənin Fəlakətlərin Milli İdarəetmə Agentliyində olublar.
Burada parlament sədrlərinə, eləcə də nümayəndə heyətlərinin üzvlərinə agentliyin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qonaqlara agentliyin fəlakətlərin idarə olunması üzrə iş prinsipləri, fövqəladə hallara operativ reaksiya mexanizmləri və beynəlxalq əməkdaşlıq imkanları barədə ətraflı təqdimat edilib.
***
Azərbaycan, Pakistan və Türkiyə parlamentləri sədrlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Pakistanda səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş oktyabrın 14-də Lahor şəhərinə gəliblər.
Səfər çərçivəsində Sahibə Qafarova və Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətləri Lahor şəhərində əvvəlcə Pakistanın mənəvi qurucusu, ictimai-siyasi xadimi, filosofu və şairi Əllamə Məhəmməd İqbalın məqbərəsini ziyarət ediblər. Qonaqlar, həmçinin Badşahi məscidinə baş çəkiblər və Pəncab Əyalət Məclisinə gələrək məclisin inzibati binası və burada yaradılan şəraitlə tanış olublar.
***
Dünən Milli Məclisin sədri Sahibə Qafarova, Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Lahor şəhərində Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif ilə görüşüblər.
Söhbət zamanı Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrlərinin İslamabadda keçirilən üçtərəfli görüşünün və orada müzakirə olunan məsələlərin əhəmiyyəti qeyd edilib.
Görüşdə ikitərəfli və üçtərəfli formatda əməkdaşlığımızın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
XQ