Kino: problemə baxış cəhdi

post-img

Avqustun 2-də Azərbaycan kinosunun 125 yaşı tamam oldu. Həmin gün kino barədə hər hansı bir müzakirənin keçirilməsi təbii idi və keçirildi də. Hüseyn Cavid parkının yaxınlığındakı “Libraf” mağazasında təşkil olunmuş “Kino və ədəbiyyat” adlı müzakirədə filmlərimizlə bağlı müxtəlif problemlərə toxunuldu, perspektivlər sərf-nəzər edildi.

Kino yaranandan ədəbiyyatı özü üçün əsas mənbə, özək  kimi görüb. Dünya kinosunda ədəbi əsərlərin ekranlaşmasına daim diqqət olub. Azərbaycanda bu proses zəif gedib desək, yanılmarıq. Yalnız “Sevil”, “Dəli Kür”, “İmtahan”, “Qətl günü”, “Komsomol poeması” (“Yeddi oğul istərəm”)  əsərləri ekran həllini tapıb. Bir çox əsərlər isə diqqətdən kənarda qalıb. 

Sözügedən müzakirədə əsas çıxışçı olan kinoşünas Nadir Bədəlov müxtəlif problemlərlə bağlı suallara cavab verdi. Təəssüf ki,  sırf mövzu ətrafında danışılmadı. N.Bədəlov müzakirəni vahid istiqamətə yönəltmək istəsə də,  buna müvəffəq olmadı. Buna səbəb Azərbaycan ədəbiyyatı və kinosunun bir-biri ilə əlaqədə olmamasıdır. Kino-ədəbiyyat münasibətindəki böhran fonunda Nadir Bədəlovun “Neft və Milyonlar səltənətində” (İ. Musabəyov) əsərinin yenidən ekranlaşdırılması təklifini verməsi həmin günün ruhuna uyğun çağırış idi. Kinoşünas   haqlı olaraq bugünkü rejissorlarımızın əksəriyyətinin Azərbaycan ədəbiyyatından xəbərdar olmamasından gileyləndi. 

Nadir Bədəlovun əsas tezisi bu oldu ki, biz kinomuzda özümüz olmalıyıq, başqalarını yamsılamamalıyıq. O, kinonun milli-coğrafi vahid olmasını xatırlatdı. N.Bədəlov buna bariz misal kimi Azərbaycanda Novruz bayramı motivli filmlərin çəkilməməsini diqqətə çatdırdı. Dedi ki, Qərb, Rusiya kinosunda Milad  bayramı motivli istənilən qədər filmin olmasına baxmayaraq, Şərq mədəniyyətinə məxsus Azərbaycanda belə filmlərin çəkilməməsi düşündürücüdür.  

N.Bədəlov 90-cı illərdə Hollivudun Avropa kinosu üzərindəki təsirindən də danışdı. O zaman Avropa Birliyinin müəllif kinosuna dəstək verdiyi xatırlandı. Kinoşünasın bu mesajı aidiyyəti qurumların Azərbaycanda müəllif filmlərinin inkişafı naminə hərəkətə keçməyə çağırış kimi də qiymətləndirilə bilər. 

Təbii ki, kino təkcə milli məsələdən ibarət deyil. N.Bədəlov kinonu kino edən digər özəl komponentləri yada saldı. Başlıca olaraq, dramaturgiya və ssenari problemlərinə də toxunuldu. Bu gün peşəkar və ya həvəskar olmasına baxmayaraq, hər kəs Azərbaycan kinosunda ssenari problemindən danışır. Tədbirdə ssenari probleminin həlli üçün dedektiv romanlarına müraciət edilməli  olduğu da bildirildi. 

N.Bədəlov  tezislərini söylədikdən sonra maraqlı müzakirə başlandı. Əsasən gənclərdən ibarət olan auditoriya, təbii ki, özü üçün maraq kəsb edən sualları çıxışçıya ünvanladı. Sualların səciyyəsindən qəlibləşmiş münasibətlər də aydın görünürdü. Gənclərin bir qismi yenə də  köhnə Azərbaycan filmlərini nümunə kimi göstərir, müasir filmlərimizin dəyəri olmadığını bildirirdilər. Hətta sovet dövründə mövcud olan senzuranın sərt qadağaları şəraitində daha cəsarətli və daha böyük fantaziyalı filmlər yarandığı təsdiqləndi. (Əcaba, təzədən senzurayamı qayıtmalı?..)

Debatlar barədə Nadir Bədəlovun fikirləri:

– Müzakirələrdə müasir filmlərimizin yetərli qədər təbliğ olunmaması problemi də qabardıldı. Təəssüf ki, bu gün milli kino sənayesi nəinki ideal, heç orta vəziyyətdə deyil. Yalnız komediya janrında çəkilən filmlər büdcəyə bir qədər pul gətirə bilir. Amma o filmlərin də bədii səviyyəsi aşağı olur, bayağılıq baş alıb gedir. Elə müzakirə  iştirakçıları da müasir komediyalara özlərinin tənqidi münasibətlərini göstərdilər. Bu qəbildən olan filmlərdə güclü ssenari problemi var.   

Hər bir halda “Kino və ədəbiyyat”  tədbirini faydalı hesab etmək olar. Çünki ən azından müzakirəyə qoşulan insanlar düşünüb, sabah yeni təkliflər, işlər ortaya qoya bilərlər. Tənqidçi mahiyyət etibarı ilə peşəkar tamaşaçıdır. Kino xadimləri də tənqiddən nəticə çıxarmaqla düzgün istiqamət tuta bilərlər. Film təkcə istehsalat prosesi deyil, həm fikri əməyin məhsuludu. Ekran işlərinə təfəkkür hadisəsi kimi baxılanda onlara həqiqi qiymət vermək mümkündür.

Ceyhun MİRZƏLİ, 
sənətşünas 

 

Mədəniyyət