Qartal yuvası

post-img

Ağlım kəsəndən görmüşəm ki, iki otaqlı daxmadan ibarət ata evimiz zirvəli dağların qucağında qərar tutub. Mən həmin evdə dünyaya göz açmışam. Evimizin arxasında bircə ağac vardı. Nənəm deyirdi ki, orada böyük meyvə bağımız olub. Bir yay günü bağlar, bağçalar, tarlalar, taxil zəmiləri yanıb külə döndü. Uzaqlardan gələn yanğın çölləri, düzləri ağuşuna aldı...

Mən dünyaya göz açanda o bağdan əsər-əlamət qalmamışdı. Bağ sahəsinin yerində çoxuşaqlı ailəmizi dolandırmaq üçün bostan və tərəvəz bitkiləri əkirdik. Biz on iki bacı-qardaş idik. Hərəmiz bir işin qulpundan yapışıb valideynlərimizə kömək edirdik. Gün-güzaran çətin olsa da, bəxtəvər böyüyürdük.

Atam İkinci cahan savaşından qazi kimi qayıtmışdı. Anam “Qəhrəman ana” idi. Ailənin kiçik oğlu olduğum üçün, qanlı-qadalı müharibədən qayıdan atam mənə nəcib bir ad verib. Deyib ki, bu ad ömrünə şərəf gətirər.

...Yaxından-uzaqdan baxanda evimizin arxasındakı o tək ağac gözə dəyirdi. O cökə ağacı o qədər gözəl idi ki, elə bil, boy-buxunu, qol-budağı qüdrətdən yaranmışdı. Atam deyirdi ki, o cökəni biz əkməmişik. Hansısa quşun dimdiyində toxum gəlib torpağa düşüb. Meyvə bağımız yanıb külə dönəndən bir müddət sonra, bir yaz günü yaşıl bir pöhrən gözümüzə dəydi. Böyüdükcə cökə ağacı olduğunu bildik.

Cökə ağacları Ağgünlü kəndinin meşələrinin qənirsiz gözəlliyi, bəzəyi, yaraşığıdır. Cökə ağacının havasının, həm də kölgəsinin əvəzi yoxdur. Onun çiçəyindən anam ətirli çay dəmləyirdi. Atamla anam o çökə ağacını bizə o qədər sevdirmişdi ki, meylimiz ona sarıydı. Kölgəsi yaylaq havası kimi sərin olurdu. Anam cökənin kölgəsində kilim sərirdi. Qardaşımla o kilimin üstündə mütəkkəyə dirsəklənib hər gün kitab oxuyurduq, dərslərimizi hazırlayırdıq, nahar edirdik.

Orda oturub dərs oxumaq, çay içmək, nahar etmək özgə bir tamaşa idi. O cökə ağacına elə bağlanmışdıq ki, gecə yarıyadək günümüz o yaşıl ağacın altında keçirdi. Anam bizi səsləyəndə bilirdik ki, artıq yatmaq vaxtıdır.

Evimiz iç-içə ikiotaqlı daxmadan ibarət idi. Yataq otağımız da, qonaq otağımız da, mətbəximiz də o iki otağın içindəydi. Kasıb olsaq da, evimizdə huzur vardı, bin-bərəkət vardı. Uzaqdan qohumlar bizə qonaq gələndə kasıb evimizdən utanırdım. Mənim yatmağa yerim olmurdu. Ailənin kiçik oğlu olduğum üçün mən nənəmin sandığının üstündə yatırdım.

...Qardaşımla həmişəki kimi, cökə ağacının altında oturub dərslərimizi hazırlayırdıq. Cökə yağış suyunda çimib Günəşin altında güzgülənirdi. Elə bil, nazlı qızlar kimi tumarlanır, budaqları qardaşımın əlləri ilə hamarlanırdı. Qardaşımın əlindən hər iş gəlirdi. Uşaq olsa da, rəncbər kişilər kimi əkib becərməkdə, tikib qurmaqda çox pərgar idi.

Cökəmiz gündən–günə boy atdıqca, başı buludlara sarı ucalırdı. Əyilən budaqlarına qardaşım taxtalardan dayaq düzəltdi. Dayaqların dibində güllər əkdik. Çox keçmədi ki, sarmaşıq gülləri cökənin əyilən budaqlarını hər tərəfdən çətir kimi tutdu. O güllərin üstünə kəpənəklər qonmağa, cökənin qarmaşıq budaqlarında quşlar oxumağa başladı.

Qardaşım ağacın altında qarşı-qarşıya taxtadan iki oturacaq düzəltdi. Burada qardaşımın əl işlərinin və mənim kitablarımın sayı gündən–günə artırdı. Yaşadığımız evdə onlara yer yox idi. Qardaşım cökənin altını taxtabənd kimi düzəltmişdi. Bir gün də dedi ki, burada özümüzə taxtadan otaq tikəcəm. Əllərinə sağlıq, dediyi kimi də etdi. Taxta otağımıza kitab rəfləri, iki pəncərə və bir qapı da düzəltdi.

Taxta evimizdə ata-ana əvəzi, cökə ağacı bizə həyan oldu. Anamız kimi sevirdik bizə qoynunda yer verən cökə ağacını. Ağacın sərinliyinə, taxta otağımızın hərarətinə ana nəfəsinə öyrəşən kimi öyrəşmişdik. Kökündən yarpağınadək bizə Vətən idi. Ata-ana nəvazişindən uzaq, cökə bizi qorudu, biz də cökəni. Bizim taxta evimizə, kəndimizdə yeddidən yetmişə - hamı “qartal yuvası” deyirdi. Orada Günəş də başqa səmtdən çıxır, qürub çağı qərib nağıla bənzəyirdi. Hər ötən günümüz fərəhlə keçirdi. Ordan ayrılıb Bakıya gəldiyimiz gün cökə ağacı şehli yarpaqlarını çırpıb, anam kimi arxamızca su çiləyirdi. Yolumuza uğur diləyirdi. O yol arzu yoluydu.

Böyük arzulara “qartal yuvası” dar gəldi. Şirin duyğularla nəfəs alırdıq. O da bir dövrandı, bir də qayıtmaz...

Orta məktəbi bitirənə qədər o cökədən və onun kölgəsinə sığınan taxta evimizdən ayrı bir günümüz olmadı. Qardaşım əsgərliyə getdi. Əsgərlikdən sonra kəndə qayıtmadı, Bakıda məskunlaşdı. Dedi ki, ailəmizin kiçik oğlusan. Yanar çırağımız sənsən. Ata yurdumuzun da, qartal yuvamızın da ümid yeri sənsən. Hara getsən də, dönüb ata yurduna pənah gətirərsən, ata evimizdən taxta evimizə gedən yolda çiçəkli bir cığır bitirərsən...

Mən Bakıya gəlib universitetə qəbul oldum. Məndən sonra o qartal yuvasına gedən cığırı ot basdı. Su öz məcrasından çıxdığı kimi, biz də o qartal yuvasından çıxdıq. İllərin ayrıcından sonra o qartal yuvası mənimçün əlçatmaz oldu. Qərib quşların məskəninə çevrildi. Qışın qarı əridi, yazda sular çağladı, yay ötdü, payız gedənləri soraqladı. Qatarların fit səsi gələndə “cökə anamız” ümidlə yollara baxdı. Uşaqlığımızın ötən səsinə, unudulmaz ünvanımıza şəhərdə yer tapa bilmədik. Qartal olub uçmaq istəsək də, o qartal yuvasına dönə bilmədik. Universitetin bütün imtahanlarından keçsəm də, həyat imtahanından keçə bilmədim. Bizi şəhərlər ac kaha kimi uddu, uzaq şəhərlərdə ünvanlaşdıq. Ömrün hər sınağından keçdik, şehli yamacların, şümşad boylu ağacların qınağından keçə bilmədik.

İndi o qartal yuvası şəhərdə könlümün sorağı ilə gecələr yuxuma girir. Bütün varlığı, yoxluğu ilə ruhuma, canıma köçüb. Dan yeri söküləndə, yuxularımda yarpız ətirli, xallı kəpənəkli taxta evli cökənin həsrətinə qısılıram. Bulağımızın duru gözünə, “cökə anam”ın nurlu üzünə tamarzı qalmışam.

...Hərəmiz bir yolla gəlmişik şəhərə. Ömür yollarında yorulmasaq, gəldiyimiz yolla da bir gün qayıdacağıq. O duyğulara köklənəndə xəyalım əlçatmaz üfüqə dönür. İçimdən bir həzin, kövrək ümid boylanır. Hərdən də düşünürəm, nə vaxtsa uşaqlığım keçən o “qartal yuvası”na “qayıda biləcəyəmmi?! Heç bilmirəm, ömrüm çatacaqmı?!

Həzi HƏSƏNLİ,
şair-publisist



Sosial həyat