Dövlət Neft Şirkəti xarici sertifikatlaşdırma qurumu ilə memorandum imzalayıb

post-img

Azərbaycan Dövlət Neft Şirkəti ilə İdarəetmə Mühasibləri üzrə Peşəkar Sertifikatlaşdırma Təşkilatı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Qeyd olunub ki, memorandum adı çəkilən təşkilatın Londonda yerləşən baş ofisində Neft Şirkətinin vitse-prezidenti Zaur Qurbanov və sertifikatlaşdırma təşkilatının icraçı direktoru Endryu Hardinq tərəfindən imzalanıb.

Sənəd maliyyə və idarəetmə sahələrində bilik və bacarıqların inkişaf etdirilməsi, beynəlxalq standartlara uyğun korporativ idarəetmə və mühasibatlıq praktikasının təşviq olunması, eləcə də Neft Şirkətinin maliyyə funksiyalarının daha da gücləndirilməsi məqsədi daşıyır. Layihə çərçivəsində gələcəkdə birgə təlim proqramlarının təşkili, sertifikatlaşdırma təşəbbüsləri və müvafiq sahələr üzrə təcrübə mübadilələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, dünyada idarəetmə mühasibatlığı üzrə aparıcı peşəkar qurumlardan biri olan İdarəetmə Mühasibləri üzrə Peşəkar Sertifikatlaşdırma Təşkilatı 1919-cü ildə Böyük Britaniyada təsis edilib. Hazırda dünyanın 170-dən çox ölkəsində fəaliyyət göstərən təşkilat maliyyə rəhbərləri və menecerləri üçün yüksəksəviyyəli təlim və sertifikatlaşdırma xidmətləri təqdim edir.

İqtisadiyyat