Azərbaycan Beynəlxalq Xalq Yaradıcılığı Festivalında

post-img

Artıq 3 gündür ki, Macarıstanın paytaxtı Budapeştdə 39-cu ənənəvi Beynəlxalq Xalq Yaradıcılığı Festivalı keçirilir.

Bayramı Macar Xalq Sənətçiləri Assosiasiyası təşkil edib. Bu, qardaş ölkənin ən böyük mədəniyyət bayramlarından biridir və hər il olduğu kimi, bu dəfə də Buda Qəsrinin ərazisində, xüsusilə “Tanzics Mihaly” küçəsi, “Zemzaronsaq” meydanı və parkında Marqaret Terrasında, Tos Arpad xiyabanında keçirilir. Həmçinin bugünlərdə macarlar ölkənin Milli Günü – Müqəddəs İştvan Gününü qeyd etməyə hazırlaşırlar. Avqustun 20-nə təsadüf edən milli bayram vaxtı ölkəyə çoxlu sayda turist gəlir.

Festivalda Türk dünyasının – Macarıstan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Azərbaycanın, həmçinin Cənubi Koreya və Polşanın məşhur sənətçiləri iştirak edirlər. Bayramın builki fəxri qonaq ölkəsi Azərbaycandır. Festivala 800-dən çox sənətkar qatılıb və onlar əyani təcrübə mübadiləsi aparırlar.

Azərbaycana aid milli pavilyonun stendlərində xalq sənətinin müxtəlif nümunələri – xalçaçılıq, vəloqçuluq (yun, keçə sənəti), tikmə və nadir naxış sənəti, təkəlduz, kəlağayı və xətəmkarlıq (mikro mozaika ilə birlikdə nümunələr) təqdim edilir.

Milli xalçalarımıza maraq xüsusilə böyükdür. Azərbaycan Milli Xalça Muzeyinin sərgilədiyi ecazkar nümunələrlə tanış olan mütəxəssislər heyranlıqlarını gizlətmirlər. Onlar xalçalarımızı sadəcə naxış kimi deyil, yaradıcılıq irsi və ilkinlik nişanələri, nəsildən-nəslə ötürülən ailə ənənələrinin davamı kimi dəyərləndirirlər. Onlardan biri, sənətsevər Veys Tamas deyib: “Mən Bakıya dəfələrlə səfər etmişəm, muzeylərdə xalçalarınızla tanış olmuşdum. Azərbaycanşünas Mariya Keneşeinin “Azərbaycan – Macar danışıq kitabçası”na da sevə-sevə baxıram. İndi nümayiş etdirilən nümunələrdən yenə hədsiz zövq aldım. Bu xalçalar öz rəngləri, ilmələri ilə adama sanki nağıl danışır”.

Ustad dərslərinin keçirildiyi, canlı sənət nümunələrinin nümayiş olunduğu, milli musiqi və rəqs proqramlarının təqdim edildiyi bayrama 100 min ziyarətçi gəlib. Günlər rəngarəng konsertlər, xalq rəqsləri şousu və uşaq proqramları ilə davam edir.

Festivalda qədim sənətlər beşiyi Azərbaycana olan xüsusi münasibət mədəni əlaqələrin dərinliyindən soraq verir və bu bayram xalqlarımızın zəngin irsini beynəlxalq miqyasda tanıtmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Ə.ƏLİYEV
XQ

Mədəniyyət