Təzad və narahatlıq

post-img

İran Prezidentinin Ermənistana səfəri belə təəssürat yaradır

İran Prezidenti Məsud Pezeşkianın Ermənistana ilk rəsmi səfəri davam edir. Avqustun 19-da İran–Ermənistan Biznes Forumunun açılış mərasimində iştirak edən M.Pezeşkian Baş nazir Nikol Paşinyan başda olmaqla bir sıra rəsmilərlə görüşüb. Baş nazirin aparatının yaydığı məlumata görə, Nikol Paşinyan Məsud Pezeşkianı öz iqamətgahında qarşılamağa üstünlük verib. Rəsmi mənbələrin verdiyi xəbərlərdə İran Prezidentinin Ermənistana ilk səfərinin avqustun 21-dək davam edəcəyi qeyd olunur.

Səfər əsnasında Ermənistan və İran əməkdaşlığına dair bir sıra sənədlər – o cümlədən, Ermənistan və İran Xarici İşlər Nazirlikləri arasında 2025-2027-ci illər üçün siyasi məsləhətləşmələr haqqında anlaşma memorandumu, Ermənistan İqtisadiyyat Nazirliyi ilə İranın Standartlaşdırma üzrə Milli Təşkilatı arasında standartlaşdırma, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi və texniki tənzimləmə sahələrində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Oxuculara xatırladaq ki, hələ İrəvana səfərdən öncə Məsud Pezeşkian qonşularla, o cümlədən Türkiyə, Türkmənistan, Azərbaycan, Əfqanıstan, Pakistan və Körfəz ölkələrilə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulamışdı. Bu barədə “Mehr” agentliyinin məlumatında bildirilirdi ki, qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılması daha böyük nailiyyətlərə gətirib çıxara bilər. İran Prezidenti diplomatları bu istiqamətdə daha fəal olmağa çağırıb.

Aydın məsələdir ki, İran Prezidenti Məsud Pezeşkian bu il Bakıya iki səfərində dilə gətirdiklərinin eynisini İrəvanda hayların qarşısında söyləyə, Azərbaycan dilində “Heydərbabaya salam” şeirini səsləndirə bilməzdi. Onun İrəvanda Bakıda verdiyi siyasi bəyanatlardan fərqli, hətta bəzi hallarda burada dediklərinə tərs mütənasib, İranla Ermənistanın mehriban qonşuluq münasibətlərindən, iqtisadi əlaqələrin inkişafından danışması təbii qarşılandı və hamı tərəfindən normal qəbul olundu. Yəni təzad və narahatlıq çalarlarının aşkar sezildiyi İrəvan səfərinin Pezeşkiana heç də zövq və rahatlıq bəxş eləmədiyini deyə bilərik. Amma bu zaman İİR Prezidenti çox güman ki, Ermənistandan dünyaya bəyan etdiklərinin təkcə Bakıda deyil, eyni zamanda, Təbriz və Ərdəbildə də diqqətlə izlənildiyini nəzərə alırdı.

“Bir nömrəli prioritet sülhdür”

Bəli, İrəvan və Tehran bir sıra sahələrdə əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Ermənistan və İran arasında Prezident Məsud Pezeşkianın başçılıq etdiyi nümayəndə heyətinin İrəvana səfəri çərçivəsində siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığa dair 10 anlaşma memorandumunun imzalanması məhz bu niyyətin reallaşması üçün atılan addımların göstəricisidir. Bu sənədlərin arasında Ermənistan və İranın xarici işlər nazirləri Ararat Mirzoyan və Abbas Əraqçinin imzaladıqları “2025-2027-ci illər üçün xarici işlər nazirlikləri arasında məsləhətləşmələr planını”, “Standartlaşdırma, yoxlama, uyğunluğun qiymətləndirilməsi, metrologiya və texniki tənzimləmə sahəsində əməkdaşlıq haqqında memorandum”u xüsusi qeyd edilməlidir.

Geniş tərkibdə keçirilən görüşdən sonra Ermənistan Baş naziri və İran Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər..

“Cənubi Qafqazda sülh İran üçün bir nömrəli prioritetdir”. Bunu İran Prezidenti Məsud Pezeşkian mətbuat üçün verdiyi bəyanatında dedi. Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının nəticələrini dəstəklədiyini vurğulayan İran Prezidentinin sözlərinə görə, bölgədə sərhədlərin dəyişməzliyi gözlənilməli, dəyişikliklər isə geosiyasi rəqabətə səbəb ola bilər. Tehranın regionda istənilən gücdən istifadənin əleyhinə olduğunu bildirən Pezeşkian problemlərin həllinə bölgədən kənardakı qüvvələrin cəlb edilməsinin vəziyyəti daha da çətinləşdirəcəyi ilə bağlı mövqeyini təkrarlayıb. Tranzit dəmir yolu, avtomobil və dəniz yollarının inkişafı, ticarətin inkişafı və ümumi azad iqtisadi zonaların yaradılması, bu məqsədlə hər iki ölkənin potensialından istifadə İran və Ermənistan arasında əməkdaşlıq sahələridir və tərəflər bu istiqamətdə konstruktiv dialoq aparırlar. M.Pezeşkian sözlərinə onu da əlavə edib ki, İran Ermənistanla bütün sahələrdə əlaqələri inkişaf etdirməyə və strateji səviyyəyə çatdırmağa çalışır. O, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, energetika, mühəndislik xidmətləri, mədəniyyət və tibb sahələrində yaxşı inkişaf etdiyini bildirib: “Ermənistan baş naziri ilə mənalı danışıqlar apardıq və bu gün sənədlər imzalandı, nəticədə qarşılıqlı səfərlərin əhəmiyyəti də vurğulandı. Biz sərhəd təhlükəsizliyi və turizmin inkişafı məsələlərini də müzakirə etdik. Münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsinin vacibliyini vurğulayaraq və mövcud etimad mühitinə arxalanaraq, xüsusilə iqtisadi sahədə əməkdaşlığın inkişafına çalışırıq”.

“Hər ikimiz razılaşdıq ki, ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək üçün işləməyin vaxtı çatıb”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, hökumətlər arasında qurulan fəal və konstruktiv dialoq Ermənistan və İran arasında qardaşlıq münasibətlərinin davamlı inkişafının təminatlarından biridir. Hökumət başçısı İran Prezidentinin səfərinin Ermənistan və İran arasında dostluq münasibətlərinə yeni təkan və keyfiyyət verəcəyinə əminliyini ifadə edib: “Ermənistan və İran xalqları arasında mövcud güclü və qarşılıqlı faydalı tərəfdaşlıq zamanın sınağından şərəflə çıxmış və müəyyən mənada xalqlarımızın tarixi yolunu birləşdirən sıx dostluğa əsaslanır”.

Culfa–İrəvan dəmir yolu marşrutu reallaşır

Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün tikintisinə dair razılığa gəliblər. Bu barədə İranın rəsmi nümayəndə heyətinin tərkibində İrəvanda səfərdə olan İranın Yollar və şəhərsalma naziri Fərzanə Sadiq “Tasnim” agentliyinə müsahibəsində bildirib. Bundan əvvəl Ermənistan və İran arasında ikinci körpünün tikintisi üzrə layihələndirmə işlərinin başa çatdırıldığı bildirilib. Sadiqin qeyd etdiyi kimi, Noraduzda ikinci körpünün tikintisi, mövcud körpünün yenidən qurulması, sərhəd terminallarının təkmilləşdirilməsi, eləcə də yük maşınları üçün rüsumlara yenidən baxılması ilkin olaraq razılaşdırılıb. “Bu addımlar yükdaşıyanların işini asanlaşdıracaq və tamhüquqlu tranzit paketi formalaşdıracaq. Paket yaxın aylarda tamamlanacaq”, – iranlı nazir bildirib.

Onun sözlərinə görə, dəmir yolu layihələrinə xüsusi diqqət yetirilir. F.Sadiq Fars körfəzini Qara dənizlə birləşdirən dəmir yolu xəttinin strateji əhəmiyyət daşıdığını vurğulayıb: “İranda yol artıq Culfaya çatır və Culfa–İrəvan marşrutu təsdiqlənib. Bundan əlavə, tərəflər hava daşımaları sahəsində memorandum imzalamağa hazırlaşır. Ermənistanın dənizə çıxışı olmadığı nəzərə alınaraq, liman infrastrukturu sahəsində əməkdaşlıq da gündəliyə daxil edilib. Bu məqsədlə İranın cənubundakı Fars körfəzi və Oman dənizi sahillərindəki limanların logistik potensialından istifadə edilməsi planlaşdırılır. Bu təşəbbüslər İran, Ermənistan, Avropa və Şərqi Asiya arasında tranzitin inkişafı üçün möhkəm zəmin yaradacaq”. Onu da əlavə edək ki, İrəvanda Fars körfəzi–Qara dəniz avtomobil və dəmir yolu dəhlizinin inkişafı haqqında saziş də razılaşdırılıb.

Daha əvvəl Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, İrəvan və Tehran Araz çayı üzərindən ikinci körpünün tikintisinin texniki aspektlərini müzakirə etməkdə davam edir. Xatırladaq ki, Araz üzərində yeni körpünün planlaşdırılması işlərinə 2023-cü ilin sonlarında başlanılıb. İrəvan 1995-ci ildə tikilmiş mövcud körpünün yanında paralel ikincinin inşasını da nəzərdə tutur.

O, bunları deməyə bilməzdi...

Bu arada İİR Prezidentinin İrəvana ilk səfəri ilə bağlı yerli siyasi icmalçılar, politoloqlar maraqlı açıqlamalarla çıxış edirlər. İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin iranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan Məsud Pezeşkiandan sitat gətirib: “İran tərəfi üçüncü qüvvələrin Ermənistan–İran sərhədində mümkün olması ilə bağlı narahatlığını ifadə etməkdə davam edir”. V.Voskanyan İran Prezidentinin “X” sosial şəbəkəsində paylaşımına əsasən qeyd edir ki, İran tərəfində Ermənistanla onun sərhədində üçüncü qüvvələrin peyda olması ilə bağlı narahatlıq hələ də qalmaqdadır. Bununla bağlı iranşünas alim Məsud Pezeşkianın fars dilində bəyanatından sitat gətirib: “Ermənistanın baş naziri ilə görüşdə İran İslam Respublikasının Ermənistanın suverenliyi və ərazi bütövlüyünü qorumağa, eləcə də ölkələrimiz arasında sıx ikitərəfli münasibətləri davam etdirməyə sadiq olduğunu vurğuladım. Ümumi sərhədlərimizin yaxınlığında üçüncü qüvvələrin olması ilə bağlı narahatlığımız tamamilə aradan qaldırılmalıdır”.

Rəsmi Tehranın, daha doğrusu, İranda hakimi-mütləq Ali rəhbərin mövqeyini bəyan etməyə borclu olan M.Pezeşkian bunun ardınca görüşlərdə Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas müzakirə mövzusu olduğunu, birgə inkişaf üçün yeni imkanlar açdığını, həmçinin regional ticarət əlaqələrinin genişləndirilməsi vasitəsi kimi Şərq–Qərb marşrutundan danışıldığını da diqqətə çatdırıb.

İkitərəfli görüşlərdə Məsud Pezeşkianın, həmçinin ABŞ şirkətlərinin regionda mövcudluğundan narahatlığını bildirməsi, Qərbin bölgədə təxribat fəaliyyətini gizlətdiyi keçmiş halları misal göstərərək, danışıqlar prosesində bu məsələnin ciddi şəkildə müzakirə etməsi hay mediasının yaydığı xəbərlərdə yer alır. Bu da təbiidir. İran Prezidenti bu həssas mövzu ilə bağlı rəsmi Tehranın mövqeyini açıqlamaya bilməzdi. Erməni mediasının bunu “səxavətlə” tirajlaması da başadüşüləndir.

İmran BƏDİRXANLI
XQ



Siyasət