Yaxud Azərbaycan amili və “köhnə qitə”nin böhranı
Dahi Aristotel özünün “Politiko” əsərində bildirmişdi ki, insan təbiətən ictimai varlıqdır, rəhbərlik edən olmasa birlik pozular, xaos yaranar. İngilis filosofu Tomas Hobbes isə siyasi hakimiyyətin mövcudsuzluğu şəraitində insan həyatının tənhalığını və kasıblığını, iyrənc, qəddar və qısalığını vurğulamışdı. Bu mənada böyük dövlət xadimi Uinston Çörçilin baxışı maraqlı və spesifikdir. O deyirdi ki, ingilislərin ən böyük qorxusu düşmən deyildi, rəhbərsiz qalmaq idi.
Bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampın Avropa liderləri ilə keçirdiyi görüşə nəzərən yuxarıdakı deyimlərin sayını çoxaltmaq da mümkündür. Həmin görüşün mənzərəsi “köhnə qitə”də güclü lider anlayışının olmadığı qənaətini dolğunlaşdırır. İş o yerə çatıb ki, Tramp özü, necə deyərlər, danışmağa, söhbətləşməyə adam axtarır. Baxın, o, Almaniyanın Kansleri Fridrix Mertzi güclü lider kimi təqdim edir. Əslində, bu təqdimat, böyük ölçüdə, məzələnməkdən başqa bir şey deyil. Çünki Birləşmiş Ştatlar lideri Kanslerin dəri rənginə diqqət yetirir və onun çimərlikdə günəşləndiyinə eyham vurur. Liderin günəşlənməyə vaxtı varsa, deməli, durum, həqiqətən acınacaqlıdır.
Bu fikirlərlə mühafizəkar mövqe tutmaq niyyətindən uzağıq. Onu da düşünürük ki, siyasi lider də insandır, onun asudə vaxt keçirmək ixtiyarı, istirahət hüququ var. Amma cənab Tramp da nə dediyinin fərqindədir. Ukraynada müharibə kimi birbaşa Avropaya aidiyyatı olan bir məsələ, böyük təhlükə varkən, Almaniya Kansleri və ya “köhnə qitə”nin hansısa digər lideri çimərlikdə günəşlənmək üçün vaxt tapırsa, deməli, adamın, loru dildə desək, dünya-aləm vecinə deyil və bu, artıq deqredasiyadır. Tam əminliklə vurğulaya bilərik ki, Avropanın hazırkı durumunu xarakterizə etmək üçün ən düzgün ifadə də məhz deqredasiyadır.
Belə bir vəziyyətdə yada Edvard Gibsonun “Roma İmperiyasının tənəzzülü və süqutu” əsərindəki fikirlər düşür. Müəllif bildirirdi ki, Roma öz əxlaqını itirəndə süqut etdi və əxlaqını itirən hər sivilizasiya bu aqibətə məhkumdur. İstər-istəməz Siseronun “xalqlar öz azadlıqlarını xarici düşmənə deyil, daxili əxlaqsızlığa uduzurlar” deyimi də yada düşür, Osvald Şpenqlerin “Qərb artıq qocalıq çağındadır” kəlamı da, Fridrix Nitşeinin “Avropa artıq yorulmuş qocadır, onun dəyərləri çürüyür” düşüncəsi də. Amma daha təsirli fikir yenə Çörçilə məxsusdur. Onun fikrincə, Avropanın faciəsi ondadır ki, qitənin müdrikliyi çox vaxt zəif, ehtirasları isə güclü olub.
Məsələyə mövcud prizmadan yanaşsaq, ənənəvi dəyərlərin daşıyıcısı olan Donald Trampın Ukrayna böhranının müzakirəsi üçün ərtafına topladığı kəsim də ehtirasın müdrikliyə qurban verildiyinin əyani mənzərəsidir. Axı Birləşmiş Ştatlar lideri Fransa prezidenti Emmanuel Makrona necə hörmətlə yanaşsın? İkincini idarə edən avantürizmidir və hər zaman belə olub. Fransa cəmiyyətinin deqredasiyası isə belə avantüristə səs verib onu hakimiyyətə gətirməsidir. Özü də məsələ təkcə Fransa ilə məhdudlaşmır, Avropanın bir çox ölkəsi üçün analoji durumun xarakterik səciyyə daşıdığını söyləmək olar.
***
Elə isə Prezident İlham Əliyevin Prezident Trampın dəvəti ilə avqustun 8-də ABŞ-a işgüzar səfəri fonunda yaşananlara diqqət yetirək. Tam əminliklə deyə bilərik ki, səfər Birləşmiş Ştatlarda Azərbaycan təntənəsinin yaşanması idi. Bu təntənənin müəllifi isə Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı özünün hərəkət və davranışları, mimika və jestikulyasiyaları, dilə gətirdiyi fikirlərin korrektliyi ilə əsl lider olduğunu bir daha sübuta yetirdi. Nəinki sübuta yetirdi, Azərbaycan rəhbəri, eyni zamanda, göstərdi ki, əsl siyasi liderlik dünyanın istənilən gücü qarşısında öz dövlətinin və xalqının maraq və mənafelərini qorumağa imkan verən müstəsna bacarıqdan asılıdır. İlham Əliyev şəxsiyyəti bu mənada varislik örnəyidir. Yada salaq ki, ulu öndər Heydər Əliyev də Prezidentliyi müddətində dünyanın aparıcı gücləri qarşısında ölkəmizin mövqeyini cəsarətlə müdafiə etməyi bacarmışdı. Tam əminliklə vurğulamaq mümkündür ki, bu bacarığın nəticələri bugünkü qüdrətli Azərbaycan modelinin bünövrəsini təşkil edir.
...Təsəvvür edin, D.Tramp Avropa lidelərini ətrafına yığıb onlara sanki dərs keçir. Həmin Tramp Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında hər iki ölkənin hökuməti arasında Anlaşma Memorandumunun imzalanması zamanı qarşısında deyil, yanında əyləşdiyi Prezident İlham Əliyevə xitabən “Xalqınız böyük xalqdır”, “Siz böyük lidersiniz” deyir. Birləşmiş Ştatlar Prezidentinin ölkəmizin başçısına münasibətinin daha parlaq təzahürünə nəzər salaq: “Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm”.
Cənab Trampın xoş sözləri Prezident İlham Əliyevin şəxsində, ümumən, Azərbaycan xalqına ünvanlanıb. Çünki Ağ Ev rəhbəri xalqımızın keçdiyi ağır məşəqqətlərdən agahdır. Məşəqqətlərdən və çətinliklərə sinə gərmək, düşdüyü ağır durumla, işğalla barışmamaq əzmindən də həmçinin. Xalqı formalaşdıran, onu cilalayan, mübarizliyə səsləyən, acı reallıqla barışmasına imkan tanımayan isə liderdir. Hər halda, Tramp bütün bunları bildiyi kimi, Almaniya Kansleri Mertzin günəşlənmə keyfindən də xəbərdardır.
Prezident Tramp Ağ Evdə Prezident İlham Əliyevin yanındaca “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişi ləğv etdi. Bu düzəlişin 1992-ci ildə torpaqlarımızın işğalının yaşandığı bir vaxtda qəbul edildiyi məlumdur. O da məlumdur ki, sənədin ölkəmizə qarşı görünməmiş ədalətsizlik payı var. Dövlətimizin başçısı isə Vaşinqtonda ölkəmizin media nümayəndələrinə müsahibəsində bildirmişdi: “Əlbəttə, eyni zamanda, bu ədalətsiz düzəlişin ləğv edilməsi və bunun məhz öz ofisində mənim iştirakım ilə etmək çox bir rəmzi xarakter daşıyır. Onu başqa bir formatda da edə bilərdi, sonra imzalaya bilərdi. Amma o, mənim iştirakım ilə bunu etməyə qərar vermişdi”.
Sonda onu da deyək ki, Prezident İlham Əliyevin diqqətə çatdırdığımız iqtibasdakı fikirləri “907”nin nümayişkəranə ləğvinin böyük siyasi jest mahiyyətini açıqlayır. O jest ki, hazırkı Avropa liderlərinin onu görmək üçün dəridən-qabıqdan çıxdıqları, amma heç nəyə müvəffəq ola bilmədikləri aşkardır. Halbuki, zamanında “köhnə qitə”də Helmut Kohl (Almaniya Kansleri), Fransua Mitteran, Jak Şirak (hər ikisi Fransa Prezidenti) və digər tanınmış liderləri olub. Belə liderlər hazırda yoxdur və ona görə də dünya düşdüyü girdabdan qurtula bilmir.
Ə.CAHANGİROĞLU
XQ