Dünya şöhrətli kimyaçı alim

post-img

Yusif Məmmədəliyev – 120

Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı qədim Ordubad tarixən elm və təhsilin, mədəni zənginliyin tanınmış bölgələrindən olub. Tarixin müxtəlif dövrlərində bu gözəl diyar xalqımıza böyük şəxsiyyələr bəxş edib. Onlardan biri də Azərbaycanda neft kimyasının əsasını qoymuş akademik Yusif Məmmədəliyevdir.

Bu il görkəmli alim və ictimai xadim, Azərbaycan Respublikası Elmlər Akademiyasının təşkilatçılarından biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Heydər oğlu Məmmədəliyevin anadan olmasının 120 illiyi tamam olur. Prezident İlham Əliyev görkəmli elm xadiminin yubilleyi ilə bağlı imzaladığı 5 iyul 2025-ci il tarixli sərəncamda bildirilir: “Akademik Yusif Məmmədəliyev Azərbaycan elminin yetirdiyi parlaq simalardandır. Azərbaycanda neft kimyasının bünövrəsini yaratmış alimin qiymətli sənaye məhsullarının alınması üçün böyük tətbiqi əhəmiyyətə malik texnoloji proseslərin işlənib hazırlanmasında müstəsna xidmətləri vardır. Neft-kimya elmində mühüm hadisəyə çevrilən yüksək oktanlı aviasiya yanacaqları istehsalının yeni üsulunu kəşf etməsi Yusif Məmmədəliyevə şöhrət qazandırmışdır. Respublikada bir sıra elmi müəssisə və qurumların təşkili onun adı ilə bağlıdır”.

Sərəncam geniş spektrli fundamental tədqiqat işlərini səmərəli pedaqoji fəaliyyətlə paralel surətdə davam etdirən Yusif Məmmədəliyevin yubileyinin layiqincə qeyd edilməsi üçün ölkəmizdə müxtəlif səpkili tədbirlərin keçirilməsinə, dünya şöhrətli alimin xatirəsinin ehtiramla yad edilməsinə. xidmətlərini qədirbilənliklə yad edilməsinə start vermişdir.

Yusif Məmmədəliyev 1905-ci il dekabrın 31-də Ordubad şəhərində doğulub. 1911-1917-ci illərdə Ordubadda şəxsi məktəbdə təhsil alıb, sonra isə təhsilini yeni tipli məktəbdə davam etdirib. 1918-ci ilin iyun ayında erməni daşnaklarının Ordubada hücumu zamanı atası Hacı Heydər kişi ailəsini çətinliklə Təbrizə aparıb və 2 il burada yaşamalı olublar. Buna görə də balaca Yusif 1918-1920-ci illərdə Təbrizdə ingilisdilli məktəbdə oxuyub. Sonra isə Ordubada qayıdaraq 1921-ci ildə yerli gimnaziyanı “əla” qiymətlərlə bitirib və ibtidai məktəbdə müəllim işləyib.

Gənc Yusif 1926-cı ildə isə Ali Pedaqoji İnstitutun təbiət fakültəsini müvəffəqiyyətlə bitirib. Kimya sahəsinə böyük marağı və bu sahədə biliklərini dərinləşdirmək məqsədi ilə 1929-cu ildə M.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub. O, burada dünya kimya elminin görkəmli alimlərindən olan akademik Zelinskinin laboratoriyasında elmi-tədqiqat işləri aparıb. 1931-ci ildə onun rəhbərliyi ilə “Etilenin katalitik hidrogenləşməsinin kinetikasının öyrənilməsi” mövzusunda ilk elmi-tədqiqat işini müvəffəqiyyətlə başa çatdırıb.

Yüksək ixtisaslı kimyaçı mütəxəssis 1932-ci ildə Azərbaycana qayıtdıqdan sonra Kənd Təsərrüfatı İnstitutunda üzvi kimya kafedrasının müdiri olub. Bir il burada işlədikdən sonra Bakıdakı Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutunda (indiki AMEA Neft-Kimya Prosesləri İnstitutu) işə başlayıb. Onun əsas elmi fəaliyyəti bu institutla bağlı olub və Y. Məmmədəliyev burada gənc tədqiqatçıdan akademik elmi dərəcəsinədək yüksəlib. Bu elm müəssisəsində Y. Məmmədliyev kimyaya aid bir çox araşdırmalar aparıb və bununla bağlı elmi məqalələrini çap etdirib.

Böyük alimin ən mühüm işlərindən biri dünyada ilk dəfə olaraq Azərbaycan neftinin və təbii qazlarının tədqiqi ilə bağlı olub. O, neft və təbii qazların hidrogenləşməsi, dehidrogenləşməsi, hidratlaşması sahəsində ilk dəfə yüksək nəticələr əldə edərək, bir sıra gərəkli maddələrin, o cümlədən etil spirtinin, süni kauçukun, süni liflərin yeni alınma üsullarını işləyib hazırlayıb. Bu metodla Azərbaycanda ilk dəfə süni kauçukun istehsalına başlanıb. Alim neft qazlarının müxtəlif üsullarla ayrılması, xlorlaşması, etilen və asetilenə çevrilməsi, doymamış qazların bromlaşması, onların hidratlaşması, hidrogen sulfidlə qarşılıqlı təsiri və alınan halogenli birləşmələrin xalq təsərrüfatında və tibbdə istifadə olunmasına dair uğurlu tədqiqat işləri aparıb.

Yusif Məmmədəliyevin hazırladığı metodlarla Azərbaycanda halogenli karbohidrogenlərin istehsalı üçün böyük halogenləşmə sənaye və yarımsənaye pilot qurğuları və zavodlar tikilib. Bu metod müxtəlif ölkələrdə də tətbiq edilib. Həmin üsulla sənaye miqyasında müxtəlif sahələrdə strateji əhəmiyyətə malik dərman preparatları, həlledicilər, pestisidlər və digər məhsullar alınıb. Bu dərman preparatları minlərlə insanı yoluxucu xəstəliklərdən qoruyub. Digər birləşmələr isə xüsusilə aviasiya sənayesində yüksək səmərəliliyə malik həlledicilər, yanğınsöndürmə əleyhinə maddələr kimi geniş istifadəsini tapıb.

1938-ci ildə Moskva Dövlət Universitetinin elmi şurası azərbaycanlı alimin əsasən neft qazlarının tədqiqi sahəsindəki yüksək əhəmiyyətli işlərini, dərin nəzəri ümumiləşdirmələrini nəzərə alaraq, ona dissertasiya müdafiə etmədən kimya elmləri namizədi alimlik dərəcəsi verib. Yusif Məmmədliyevin 1941–1945-ci illər müharibəsi dövründə göstərdiyi xidmətlər isə onu bütün dünyada tanınıb. Belə ki, alkilləşmə sahəsində misilsiz nailiyyətlər əldə etməsi nəticəsində yüksək çıxımla alınan və strateji əhəmiyyətli məhsullar olan alkilaromatik birləşmələr hərbi məqsədlər üçün geniş istifadə olunub.

Top mərmilərinin və minaların hazırlanmasında ən çox istifadə olunan trinitrotoluol (trotil) partlayıcı maddəsinin əsas komponenti olan toluolun yüksək çıxımla alınması, təyyarələrin yüksək uçuşunu təmin edə bilən yüksək oktanlı və çox aşağı donma temperaturuna malik yanacaqların hazırlanması da onun adı ilə bağlıdır. Məhz alimin elmi ixtiralarına əsasən müharibə dövründə Bakı neftayıranları cəbhəni milyon tonlarla yüksək keyfiyyətli benzinlə təmin ediblər.

Görkəmli akademikin Azərbaycan nefti əsasında hazırladığı, oktan ədədi 120-yə bərabər olan, aşağı donma temperaturuna malik bu qiymətli yanacaq İkinci Dünya müharibəsində aviasiya yanacağı kimi də istifadə olunaraq qələbəyə birbaşa yol açıb. Yusif Məmmədəliyev bu elmi rəşadətinə görə bir çox təltiflərə, o cümlədən Dövlət mükafatına layiq görülüb. O, 1943-cü ildə doktorluq işini müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi və professor elmi adını alıb.

Akademikin bu sahədə kəşfləri kosmosu da fəth etməyə imkan verib. Bu metodla alınan yüksək keyfiyyətli raket yanacaqlarından Yerin ilk süni peykinin buraxılması və raketlərin kosmosa uçuşunda istifadə edilib. Təsadüfi deyil ki, buna görə dahi kimyacı alimi Qələbə paradına və Yuri Qaqarinin kosmosa ilk uçuşu münasibətilə təşkil olunan ali tədbirə dəvət ediblər. Böyük təşkilatçılığı, ictimai bacarığı ilə seçilən Y. Məmmədəliyev həm də Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) rektoru, iki dəfə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.

Bunu da qeyd edək ki, Yusif Məmmədəliyev təbiətşünaslıq fakültəsində təhsil alsa da, əslində, arzusu filoloq olmaq imiş. Bəlkə, bu da bir zərurət idi ki, kimyaçı professor Sadıq Hüseynzadə ilə qarşılaşması onun arzusunu dəyişə bilmişdi. Nəticədə, kimyaçı olsa da, filoloq olmaq istəyi daim qəlbində bir arzu kimi qalmışdı.

Maraqlı məqamlardan biri də budur ki, Yusif Məmmədəliyevin çoxşaxəli fəaliyyəti təkcə kimya sahəsi ilə bağlı olmamışdır. Onun elmi fəaliyyəti bir sıra sahələrə nüfuz etmişdir. Məsələn, onun təşəbbüsü ilə 1959-cu ildə Şamaxı Astrofizika Rəsədxanası yaradılmışdır. Buna görə, bir çox çətinliklərdən keçərək hətta Almaniyadan diametri 2 metr olan teleskopun gətirilməsinə də nail olmuşdur. Məsələ isə belə olmuşdur ki, onun Şamaxı Astrofizika Rəsədxanasını açmaq ideyası maraqla qarşılansa da, rəsədxananın avadanlığının bir çoxu böyük məbləğdə pulla xaricdən alınmalı idi.

1959-cu ildə Y.Məmmədəliyevin Almaniyaya rəsədxana üçün sifariş etdiyi böyük teleskop əvvəlcə Moskvaya gətirilir. Bundan xəbər tutan Ermənistan EA-nın prezidenti Moskvadakı A.Mikoyanla danışır ki, bu teleskop Ermənistandakı Byurakan Rəsədxanasına, oradakı köhnə teleskop isə Azərbaycana verilsin. Ermənilərin Moskvadakı böyük hamisi Mikoyan belə etməyə çalışır. Bunu bilən SSRİ EA-nın prezidenti A.Nesmeyanov Y.Məmmədəliyevə vəziyyət haqqında teleqram göndərir. Yusif Məmmədəliyev iclas apararkən teleqramı alır. Tez iclası akadmik M.Topçubaşova tapşırıb özü Moskvaya uçur. 3 gün sonra həmin teleskop qatarla Bakıya çatdırılır.

Akademiki yaxından tanıyanların çoxu qeyd edir ki, Yusif Məmmədəliyevin müstəsna dərəcədə hazırcavablığı və hipnozedici qabiliyyəti var idi. Görünür ki, bu keyfiyyətləri olduğu üçün teleskopu ermənilərdən qopara bilmişdir. Sonradan onun böyük uzaqgörənliyi ilə Şamaxı Astrofizika Rəsədxanası (hətta yerini də özü müəyyən etmişdi) elm xəzinəsinə böyük yeniliklər verdi. Və yaxud, onun digər təşəbbüsü ilə Qobustan qayaüstü abidlərinə ekspedisiya təşkil edilərək ilk dəfə araşdırılmasına başlanılmışdır.

Böyük alim ölkəmizdə Əlyazmalar Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkilində də təşəbbüskarlıq göstərmişdir. Bütün bunlar onu göstərir ki, Yusif Məmmədəliyevin elmi fəaliyyəti çoxşaxəli olmuşdur. Təsadüfi deyil ki, 1945-ci ildə yaradılmış Azərbaycan SSR Elmlər Akademiyasının ilk həqiqi üzvlərindən biri olarkən, alimin hələ 40 yaşı tamam olmamışdır.

Bunu da qeyd edək ki, bu gün hərtərəfli fəaliyyət göstərən Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif elmi-tədqiqat institutlarının böyük əksəriyyəti məhz kimyaçı akademik Yusif Məmmədəliyevin Elmlər Akademiyasının prezidenti kimi çalışdığı vaxtlarda təşkil olunub. Bu da tarixi faktdır ki, o dövrdə neft emalı sənayesinin yenidən qurulmasında Yusif Məmmədəliyevin böyük rolu olub. Hətta 1945-46-cı illərdə Sovet İttifaqının Neft Sənayesi Nazirliyinin Elmi Texniki Şurası yaradılanda bu şuraya Yusif Məmmədəliyev rəhbərlik edib.

Dünya kimya elmi və sənayesinə böyük töhfələr vermiş Yusif Məmmədəliyevin elmi və ictimai fəaliyyətini ümummilli lider Heydər Əliyev yüksək qiymətləndirmişdir. Ulu öndər alimin 90 illik yubilleyində demişdir: “Yusif Məmmədəliyev xalqımızın tarixinə böyük alim, maarifçi, təşkilatçı, görkəmli ictimai-siyasi xadim kimi daxil olub. O öz elmi fəaliyyəti, elmi əsərləri, ixtiraları ilə Azərbaycan elminin inkişafına böyük təkan verib və dünya elminə, xüsusən dünya neft kimyası elminə görkəmli töhfələr veribdir”.

Təsadüfi deyil ki, məhz Ümummilli liderin təşəbbüsü ilə 1975-ci ildə Ordubadda alimin uşaqlıq və yeniyetməlik illərini keçirdiyi evdə ev-muzeyi yaradılmışdır. 407 eksponatla fəaliyyətə başlayan muzeydə indi 2000-dən çox eksponat saxlanılır. Bu muzeyin sahəsi 190 kvadratmetrdir. İki mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində fond və iş otaqları, ikinci mərtəbəsində isə ekspozisiya zalı yerləşir. Burada akademikin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənədlər, çap olunmuş əsərləri, fotoşəkillər, habelə xatirə şəkilləri nümayiş olunur.

Muzeydə akademikin ömür-gün yoldaşı Bilqeyis xanımdan yadigar qalan piano, Elmlər Akademiyasından muzeyə hədiyyə olunmuş iş masası yer alır. Akademikin buradakı iş otağına aid bölmədə alimin müəllifi olduğu və oxuduğu kitablardan ibarət kitab rəfi, iş masasının üzərində mürəkkəb qabı, fil fiqurları, külqabı, barometr və sair əşyalar ilk baxışda tamaşaçıların diqqətini cəlb edir.

Prezident İlham Əliyev 2006-cı ildə muxtar respublikaya səfəri zamanı bu muzeyi də ziyarət etmiş, xatirə kitabına ürək sözlərini yazmışdır. 2014-cü ildə isə Yusif Məmmədəliyevin Ev-muzeyi yenidənqurma işlərindən sonra yenidən tamaşaçıların istifadəsinə verilmişdir.

Ümumiyyətlə, görkəmli akademikin yubileyləri həmişə yüksək səviyyədə qeyd olunmuşdur. Hətta 2005-ci ildə anadan olmasının 100 illiyi ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə UNESCO xətti ilə Parisdə bu qurumun iqamətgahında qeyd edilmişdir.

Bütün bunlar isə bir daha onu göstərir ki, Yusif Məmmədəliyev dühası Azərbaycan elminin sərhədlərini çoxdan aşaraq bu gün də dünya elminə öz töhfələrini verməkdədir və xalqımız haqlı olaraq bu cür şəxsiyyətləri ilə fəxr edir. Ulu öndər Heydər Əliyevindediyi kimi: “Yusif Məmmədəliyev heç vaxt unudulmayacaq, zaman keçdikcə onun Azərbaycan xalqının tarixindəki yeri daha da açıq görünəcəkdir və insanlar, gələcək nəsillər Azərbaycanın belə şəxsiyyətləri ilə fəxr edəcəklər”.

Xanım ƏLİYEVA,
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi

Sosial həyat