Nazirlikdə rəssamla görüş

post-img

Ölkəmizə və mədəniyyətimizə şöhrət gətirən sənətkarlardan biri görkəmli rəssam Sakit Məmmədovdur. Xalq rəssamı adını ləyaqətlə doğruldan ünlü həmyerlimiz YUNESKO Rəssamlar İttifaqının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, Vatikan Heraldika Akademiyasının qrafı, Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü, Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü, Dünya İncəsənət Akademiyasının həqiqi üzvü, "Türk Dünyası" Akademiyasının həqiqi üzvüdür. 

Bu günlərdə müasir Azərbaycan təsviri sənətinin öncüllərindən sayılan Sakit Məmmədovun  65 yaşı tamam oldu. Mədəniyyət Nazirliyində bu münasibətlə onunla görüş keçirilib.

Nazir Adil Kərimli sənətkarı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb. Xalq rəssamına Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub.

Görüşdə qeyd edilib ki, Sakit Məmmədov zəngin yaradıcılığı ilə Azərbaycan rəssamlıq sənətinin inkişafına, dünyada tanınmasına mühüm töhfələr verib, sənətdə özünəməxsus üslubunu, dəst-xəttini yaradıb. Onun beynəlxalq incəsənət festivallarının qalibi olması, müxtəlif ölkələrdə təltiflərə layiq görülməsi, əsərlərinin mötəbər şəxsi kolleksiyalarda, muzey və qalereyalarda saxlanılması, eyni zamanda Azərbaycan rəssamlığının nailiyyətidir. Xalq rəssamı sənətin sirlərini gənclərə də həvəslə öyrədir.

Görüşdə milli rəssamlıq sənətinin inkişafı və təbliği ilə bağlı fikir mübadiləsi aparılıb. Sakit Məmmədov fəaliyyətinə və yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.

“Xalq qəzeti”

 

Mədəniyyət