2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan 506,4 milyon ABŞ dolları dəyərində 490,6 min ton meyvə-tərəvəz ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 32 faiz və ya 122,5 milyon dollar, həcmi isə 33,1 faiz və ya 122 min ton artıb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin 7 ayında ölkəmizdən xarici bazarlara 383,9 milyon dollar dəyərində 368,6 min ton meyvə-tərəvəz ixrac edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında ixrac olunan əsas meyvə- tərəvəz məhsullarının siyahısında pomidor birinci yerdə qərarlaşıb. Hesabat dövründə xarici bazarlara 156,9 milyon dollar dəyərində 143,6 min ton bu növ məhsul göndərilib. Bununla yanaşı, ilin 7 ayında ölkəmizdən 82,5 milyon dollarlıq 11,4 ton meşə fındığı, 38,3 milyon dollarlıq 54,4 min ton alma, 32,9 milyon dollarlıq 45,8 min ton xurma, 28,1 milyon dollarlıq 70,8 min ton kartof, 4,3 milyon dollarlıq 5 min ton nar və digər meyvə-tərəvəz məhsulları ixrac olunub.
Xatırladaq ki, bu ilin yanvar–iyul aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 3,33 faiz, qeyri- neft məhsullarının ixracında olan çəkisi isə 24,25 faiz təşkil edib.