Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev Macarıstanın Baş naziri Viktor Orbanın təqdimatı və bu ölkənin Prezidenti Tamaş Şulyokun fərmanı ilə “Xidmətlərə görə” ordeninə layiq görülüb.
Mükafatı Budapeştdəki Viqado sarayında Macarıstanın milli bayramı – Müqəddəs Stefan Gününə həsr olunmuş təntənəli rəsmi mərasim çərçivəsində Macarıstanın mədəniyyət və innovasiyalar naziri Balaş Hanko Sultan Raevə təqdim edib.
Macarıstanın ali dövlət mükafatlarından biri TÜRKSOY-un Baş katibi Sultan Raevə Macarıstan ilə Türk dünyası arasında mədəni əməkdaşlığın inkişafında və dostluq əlaqələrinin möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə verilib.
Təşkilatın Baş katibi Sultan Raev belə yüksək dövlət mükafatına layiq görülməsindən məmnunluğunu ifadə edərək vurğulayıb ki, Türk dünyası ilə Macarıstan arasında mədəni əlaqələrin və dostluğun möhkəmləndirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcək.
XQ