III MƏQALƏ
Praktiki yanaşma
Effektiv dövlət idarəçiliyinin hər bir məqamı nəzəri araşdırılmışdır. Ölkədən asılı olaraq gəlinən qənaətlərin nəticəverici tətbiqi, bizim bu mövzudakı məqalələrdə vurğulandığı kimi, yaradıcı münasibət tələb edir. Problemin ən mühüm tərəfini də həmin xüsusiyyət təşkil edir. Hər bir dövlətin təcrübəsi əsasında səmərəli və sinerji yaradan idarəetmə nümunəsi ola bilər. Onu ümumi səviyyədə dövlət idarəçiliyinə “praktiki yanaşma“ adlandıra bilərik. Praktiki yanaşma özündə elə məqamları ehtiva edir ki, nəzərdə tutulan idarəetmə modelini birbaşa tətbiq etməyin aydın yolları göstərilir. Bu mərhələdə artıq konkret ölkə üzrə idarəetmənin nəticə verən modelinin tətbiqi uğurlu olmalıdır. Deməli, məmur təbəqəsi mövcud nəzəri modeli mənimsəməklə yanaşı, onun optimal tətbiqini bacarmalıdır. İdarəetmənin həmin mərhələsində “sinergizm” və “sinerji” anlayışları arasındakı fərqi görmək zərurəti meydana gəlir.
Sinergizm və sinerji
“Sinergizm” və “sinerji” həm məzmunlarına, həm də funksiyalarına görə fərqlənirlər. Sinergizm konkret fəaliyyətdə bütün aspektlərin harmoniyasının (və ya ahəngdarlığının) təşkil edilməsini ifadə edir. Bu anlamda idarəetmədə sinergizm fəaliyyətin hər bir aspektinin bir-birinə uyğun olmasının, ziddiyyət yaratmamasının təşkil olunmasıdır. Onu nəzəri biliklə praktiki tətbiq üsullarının “kəsişmə sahəsi”ndə etmək mümkündür. Yəni ancaq nəzəri və ya yalnız praktiki tərəfi bilmək yetərli deyildir.
Belə alınır ki, məmur nəzəri olaraq sinergizmin idarəetmədə anlamını tam dərk eləməlidir. Bu, başlanğıc şərtdir. Lakin kifayətedici deyildir. Doğrudur, elmdə “sinergizm” adlanan, idarəetmə terminologiyası ilə fəaliyyətin bütün aspektlərinin harmoniyasını ifadə edən faktor əslində prosesdir. Onun statik, hər yerdə və universal kriteriya əsasında faydalı ola biləcək nümunəsi yoxdur. Bu da o deməkdir ki, sinergizmi nəzəri-elmi dərk etmək idarəetmə metodologiyasından birbaşa asılıdır. Məmur idarəetməyə yanaşmasında kreativ və innovativ olmağı bacarmalıdır. Bu, seçilən kadrın intellektual potensialının yüksək olması tələbini ortaya qoyur.
Bununla sinergizmin idarəetmədə kadrlarda hansı peşə keyfiyyətlərinin mövcudluğunu tələb etməsi şərtlərini müəyyən etmək olar. Onlar idarəetməyə müasir metodoloji yanaşmanı, kadrın sinergizm haqqında bilgiləri, idarəetmədə harmoniya yaratmaq qabiliyyətini (psixoloji və feili olaraq) və alınan nəticəni sinerjilik prizmasında qiymətləndirmək bacarığını ehtiva edirlər. Sonuncu faktorun mənasına aydınlıq gətirmək gərəkdir.
Sinergizm fəaliyyətdə harmoniyanı ifadə edirsə, sinerji onun konkret əyaniləşməsinə verilən qiymətdir. Yəni sinerji sinergizm məntiqi ilə həyata keçirilən təşkilati fəaliyyətin birbaşa idarəetmədə harmonik nəticənin alınmasını ifadə edir. Sinerji real və əyani faktor kimi harmoniyanın təzahür forması, onun predmetləşməsidir. Sinerji nəzəri aspektdə müxtəlif fəaliyyət enerjilərinin vahid istiqamətdə fokuslanmasının real görüntüsü kimi də təsəvvür edilə bilər. O, həmin anlamda müxtəlif pozitiv enerjilərin bir-birini gücləndirməsidir. Elə bir səviyyədə və miqyasda (məkan və zamanca) enerjilər bir-birilərinə “dəstək” olub gücləndirirlər ki, sinergizmin başlıca prinsipi – cəmin onu təşkil edən hissələrin toplanmasından artıq olması şərti ödənir. Bu qənaət mücərrəd və spesifik ixtisasa aid anlamdır və onu bu şəkildə praktiki dərk etmək çox çətindir. Ona görə də sadə izahına ehtiyac vardır.
Sinerji sistemi özündən böyük edə bilir
İdarəetmə sistemi sinergizmlə təşkil olunursa, alınan sinerji həmin sistemi “özündən böyük edir”. O anlamda ki, idarəedilən obyekt (və ya sistem) özünü yaradır, yeni nizamlı səviyyəyə qalxır və özünəyetərli hala gəlir. Bu parametrlər sintez halında idarəetmə obyektinin ümumi maraqlara uyğun daha nizamlı səviyyəyə yüksəlməsinə şərait yaradırlar və həmin anlamda sistemi daim yeniləşməyə transformasiya edirlər. Belə bir dinamikanın başlıca xüsusiyyəti şəxsi maraqlara sistemin xeyli dərəcədə “laqeyd” olmasını meydana gətirməklə bağlıdır. Onun fonunda isə sistem olaraq idarəedilən obyekt şəffaflaşır, fəaliyyətində bütövlükdə cəmiyyəti “görə bilir”, dövləti maraqları digər maraqlardan üstün tutmağa “həvəsli” olur. Bu cür mühitdə korrupsiyanın imkanları minimuma enir.
Deməli, sinerji müxtəlif enerjilərin harmoniyasının elə formada təzahürüdür ki, ayrı-ayrı tərkib hissələri bütövlükdə sistemə öz maraqlarını diqtə edə bilmir. Obrazlı desək, sistem özü özünü özündən böyük edə bilir. Ölkə miqyasında bu, idarəetmədə milli maraqlara əsaslanan və daim dinamikada olan mühitin formalaşdırılması deməkdir. Onun isə ictimai inklüzivliyi mütləq lazımdır. Cəmiyyətin əksər hissəsi idarəetmənin ölkəni özünü inkişaf etdirən və onu daha nizamlı fəaliyyət səviyyəsinə yüksəldə bilən mütəşəkkil sistem halına gətirə bildiyini qəbul etməlidir.
Cəmiyyətin idarəetmənin vurğulanan yüksək keyfiyyətdə olmasına inancı isə yalnız praktikada yarana bilər. Yəni idarəetmənin sosial mühitə tətbiqi innovativliyi özündə ehtiva etməlidir. İnnovativlik hər hansı nəzəri nəticənin cəmiyyətə tətbiqinin toplum tərəfindən yeni müsbət hal kimi qəbul etməsi ilə bağlı anlayışdır. İnnovasiya yalnız cəmiyyətə tətbiq edilən hər hansı texnoloji və ya başqa xarakterli yeniliyin bütövlükdə ölkə üçün faydalı olmasının təsbiti və bu anlamda etirafıdır.
Buradan idarəetmədə sinergizmə əsaslanan sinerjinin innovativliklə qarşılıqlı əlaqəsinin ictimai ekspertizası zərurəti meydana çıxır. Yalnız elmin və ya kollektivin qiymətəndirməsi ilə kifayətlənmək olmur. Publik inklüziv qəbullanma önəm kəsb edir.
Əlbəttə, vurğulanan özəlliklər avtomatik olaraq dövlət təşkilatlarının idarəetmədə və icrada sinxron fəaliyyət göstərmələrinin praktiki tərəfinin dərki üçün də əhəmiyyəti olan bir faktorun aydınlaşdırılması ehtiyacını yaradır. O da ictimai ekspertizanın təşkili və həyata keçirilməsidir. Özlüyündə mürəkkəb və xeyli dərəcədə mücərrəd olan bu proses əslində idarəetmədə sinerji effektinə nail olmağın praktiki təsdiqidir. Məsələnin bu tərəfinə baxaq.
İctimai ekspertizanın təşkili
İndi idarəetmə o dərəcədə “insani”, “şəxsi” və “fərdi” ilə “kollektivçiliyin” qarşılıqlı əlaqəsindən ibarətdir ki, elmi ekspertiza yetərli sayılmır. Buna görə də xüsusilə, müasir idarəetmədə geniş ictimai və publik ekspert qiymətləndirməsini təklif edirlər. Onun əsasında adekvat nəticə alına biləcəyinə inanırlar.
Bunlarla yanaşı, idarəetməni həyata keçirən məmurun özü idarəetmədə sinerji effektini qiymətləndirə bilər. Burada üstün cəhət ondan ibarətdir ki, sinerji mücərrəd nəticə deyildir – o¸əsas olaraq idarəetmənin praktiki reallaşmasının birbaşa əyaniləşməsi, predmetləşməsidir. Yəni sinerji effektini ilk olaraq kollektiv özü görə bilər.
Ancaq təcrübə göstərir ki, elmi ekspertiza ilə kollektivin özünün qiymətləndirməsi fərqli ola bilir və bəzən ziddiyyət təşkil edir. Məsələn, elmi ekspertiza sinerji effektinin olmadığı qənaətinə gələ bilirsə, kollektiv, xüsusilə də onun idarəedən kəsimi israrla bunun əksini söyləyir. Burada hər bir situasiyada elmi ekspertizanın haqlı olduğunu demək yanlışlıqdır, çünki elm də səhv edir. Kollektivin rəhbərliyinin də “uğurlu olmaq eqoizmi” başadüşüləndir.
Belə alınır ki, cəmiyyətin nəticəni qiymətləndirməsinin təşkilinin özü xüsusi prosedurdur. Burada əngəl ola biləcək dairələr istisna edilmir. Elə işlək monitorinq mexanizmləri hazırlanmalıdır ki, cəmiyyətin idarəetmədə tətbiq edilən innovasiyanı obyektiv qiymətləndirməsi mümkün olsun. Onun elmi üsullarından biri daimi obyektiv ictimai sorğuların keçirilməsinin təşkili ola bilər. Alınan nəticələrin müasir elmi metodlarla təhlili vacibdir. Müxtəlif sorğuların ümumi nəticəsini də müəyyən etmək olar.
Süni intellekt Strategiyası
Nümunə kimi süni intellektin idarəetməyə tətbiqinin genişləndirilməsinin strategiyasını göstərə bilərik. Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci il martın 19-da “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamın Preambulasında yazılmışdır ki, sənəd “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasında süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirmək məqsədilə” hazırlanmışdır.
Burada süni intellektin inkişafı birbaşa idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, infrastrukturun əlçatan olması (yəni şəffaflığın təmini) və uyğun kadrların hazırlanması qarşılıqlı əlaqədə təqdim edilmişdir. Sinerji məsələnin bu cür qoyuluşundan yarana bilər. Bu məqam Sərəncamın 3-cü və 4-cü bəndlərindən aydın görünür. Orada yazılmışdır: “3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət orqanlarında (qurumlarında) süni intellektin tətbiq edildiyi sahələrdə informasiya təhlükəsizliyi risklərinin təhlilini həyata keçirsin, o cümlədən dövlət orqanlarında (qurumlarında) süni intellektlə bağlı informasiya təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.
4. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilsin”.
Deməli, problemin təhlili ilə monitorinqi və qiymətləndirilməsi vahid fəaliyyət sistemi çərçivəsində, konkret Dövlət Xidməti orqanları vasitəsi ilə həyata keçirilməlidir. Bu şərt idarəetmənin müxtəlif aspektlərinin sinergizminin anatomiyasını təşkil edir. Burada məsələnin təhlili ilə gəlinən qənaətlərin yoxlanması (yəni ekspertizası) qarşılıqlı əlaqədə nəzərə alınmışdır.
Sənədin qısa xülasə hissəsində problemin vurğulanan aspekti geniş şəkildə izah edilir. Strategiyada vurğulanır: “Bu məqsədlə hazırlanmış “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” (bundan sonra – Strategiya), ilk növbədə, ölkədə süni intellekt üzrə mövcud vəziyyəti təhlil edir, daha sonra əldə olunan nəticələrə uyğun olaraq və qlobal trendlərə əsaslanaraq müəyyənləşdirilən prioritet istiqamətlər və tədbirlər planı vasitəsilə sözügedən sahədə strateji məqsədlərə və göstəricilərə nail olmağı hədəfləyir. Strategiyada süni intellekt ekosisteminin formalaşmasını və inkişafını təmin etmək üçün dövlət və özəl sektor arasında əməkdaşlıq, akademik və elmi tədqiqatların gücləndirilməsi, startap və innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilir”.
Bu hissədə idarəetmədə sinerji effektinin yaranması kontekstində çox əhəmiyyətli məqamlar vahid məntiqi bucaq altında təqdim edilmişdir. Onları aşağıdakı kimi qruplaşdıra bilərik:
– ölkədə süni intellekt üzrə mövcud vəziyyətin təhlili;
– əldə olunan nəticələrə uyğun olaraq və qlobal trendlərə əsaslanaraq müəyyənləşdirilən prioritet istiqamətlər və tədbirlər planının hazırlanması;
– həmin plan əsasında strateji məqsədlərə və göstəricilərə nail olmağın hədəfləri;
– süni intellekt ekosisteminin formalaşması və onun inkişafı;
– bu problem üzrə dövlət və özəl sektor arasında əməkdaşlığın təmini;
– həmin istiqamətdə akademik və elmi tədqiqatların gücləndirilməsi;
– startap və innovasiya mühitinin dəstəklənməsi.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru