TÜRKSOY-un Baş katibi Macarıstanın ordeni ilə təltif edilib

post-img

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev Macarıstanın Baş naziri Viktor Orbanın təqdimatı və bu ölkənin Prezidenti Tamaş Şulyokun fərmanı ilə “Xidmətlərə görə” ordeni ilə təltif edilib.

Təşkilatdan AZƏRTAC-ın müxbirinə bildirilib ki, orden avqustun 19-da Budapeştdəki Viqado sarayında Macarıstanın milli bayramı – Müqəddəs Stefan Gününə həsr olunmuş təntənəli rəsmi mərasim çərçivəsində Macarıstanın mədəniyyət və innovasiyalar naziri Balaş Hanko tərəfindən Sultan Raevə təqdim edilib.

Macarıstanın ali dövlət mükafatlarından biri TÜRKSOY-un Baş katibi Sultan Raevə Macarıstan ilə Türk dünyası arasında mədəni əməkdaşlığın inkişafında və dostluq əlaqələrinin möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə təqdim edilib.

Təşkilatın Baş katibi Sultan Raev belə yüksək dövlət mükafatına layiq görülməsindən məmnunluğunu ifadə edərək vurğulayıb ki, Türk dünyası ilə Macarıstan arasında mədəni əlaqələrin və dostluğun möhkəmləndirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcək.

TÜRKSOY isə bildirib ki, təşkilatın Baş katibinin simasında Türk dünyasının ortaq dəyərlərinin beynəlxalq aləmdə təbliği istiqamətində səylərin belə bir mötəbər mükafata layiq görülməsi onun üçün böyük qürur mənbəyidir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt





Mədəniyyət