Ədəbiyyatdan əbədiyyətə köçən Turan sevdalı şair

post-img

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Türk dünyasının sevimli şairi, professor Məmməd İsmayıl ömrünün 86-cı ilində uzun sürən xəstəlikdən sonra əbədiyytə qovuşub. Ömrünün 70 ildən çoxunu ədəbi yaradıcılığa, media və pedaqoji sahələrdə səmərəli fəaliyyətə həsr etmiş istedadlı şair, publisist və ədəbiyyatşünasın zəngin irsi təkcə ölkəmizdə deyil, Türk dünyasında da yüksək dəyər qazanaraq soydaşımızı şöhrətləndirib.

Məmməd Mürşüd oğlu İsmayılov 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində dünyaya göz açıb. 1957-ci ildə doğma kəndindəki orta məktəbi, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqının Ali Ədəbiyyat kursunu bitirib. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsi, 2013-cü ildə Türkiyənin Çanaqqala 18 Mart Universitetinin professoru fəxri adı alıb.

Ədəbi yaradıcılığı jurnalist fəaliyyəti ilə yanaşı davam etdirən Məmməd İsmayıl 1966–1973-cü illərdə Azərbaycan Dövlət Televiziyasında redaktor, böyük redaktor, baş redaktor, 1975-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, 1976-ci ildən "Azərbaycanfilm" studiyası sənədli filmlər birliyində baş redaktor, 1980-ci ildən "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983-cü ildən "İşıq" nəşriyyatının direktoru və Azərbaycan gənclər təşkilatı "Gənclik ədəbi birliyi"nin rəhbəri, 1988-ci ildən "Gənclik-Molodost" jurnallarının baş redaktoru, 1992–1993-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" şirkəti idarə heyətinin sədri vəzifələrində çalışıb.

Sonrakı illərdə ədəbi və elmi-pedaqoji fəaliyyətini qardaş Türkiyədə davam etdirən Məmməd İsmayıl 1995–1996-cı illərdə TİKA və Türk Dil Qurumunun birgə lüğət layihəsində ekspert olub. O, 1996-cı ildən son illərədək Çanaqqala 18 Mart Universitetində dərs deyib, bu ali məktəbin professoru olub.

Bədii yaradıcılıqla 14 yaşından məşğul olan şair böyük ədəbiyyata milli varlığı və peşəkarlığı önə çəkmiş 60-cı illər əbədi gəncliyinin istedadlı nümayəndəsi kimi daxil olub. Vətənpərvərliyi, insanın mənəvi gözəlliyini, milli və bəşəri dəyərləri tərənnüm edən, poetik özünüifadənin imkanlarını genişləndirən şair kimi tanınan Məmməd İsmayıl minlərlə şeirin, çoxsaylı poemanın, silsilə elmi-publisistik yazının müəllifi idi. Ölkəmizdə və xaricdə 70-dək kitabı nəşr olunub.

Milli ədəbiyyatımızın inkişafına dəyərli töhfələr vermiş Məmməd İsmayıl 1970-ci ildən Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü idi. O, qazandığı ədəbi və ictimai nüfuzu ilə Azərbaycan Yazıçılar Birliyinin katibi seçilib və dəfələrlə idarə heyətinin üzvü olub. Avrasya Yazarlar Birliyinin qurucularından olmuş Məmməd İsmayıl Moskvada çap olunan "Literaturnıe znakomstvo" jurnalının redaksiya heyətinin üzvü və Türkiyə təmsilcisi, Beynəlxalq Sənətçilər və Qəzetçilər Birliyinin Türkiyə təmsilcisi, Brüsseldə yerləşən Bogdani Beynəlxalq Yazarlar Birliyinin vitse-prezidenti, Fransa Elm, Sənət və Ədəbiyyat, Ukrayna Ali Təhsil akademiyalarının həqiqi üzvü idi.

Ukrayna Ali Təhsil Akademiyası türk və slavyan xalqları ədəbiyyatlarına verdiyi föhfələrə görə Azərbaycan şairinə fəxri doktor elmi dərəcəsi verib. Əsərləri 50-dən çox dünya xalqlarının dilinə tərcümə edilən şair müxtəlif ölkələrin ədəbi nümunələrini ana dilimizə çevirib. Məmməd İsmayılın həyat və yaradıcılığı haqqında Azərbaycanda və Türkiyədə dissertasiyalar, xarici ensiklopediyalarda məqalələr yazılıb.

Məmməd İsmayıl Respublika Komsomolunun ədəbi laureatı olub, Azərbaycan Jurnalistlərnın nüfuzlu “Qızıl qələm”, keçmiş SSRİ-nin Ostrovski mükafatlarını alıb. 1997-ci ildə isə Türkiyə Yazarlar və Sənətçilər Vəqfinin Türk Dünyasına Xidmət mükafatı Azərbaycandan ilk dəfə Məmməd İsmayıla verilib. Digər xarici mükafarlara, təltiflərə və fəxri adlara da layiq görülüb.

Məmməd İsmayılın türklük məfkurəsi, Turan sevdası ilə aşılanmış zəngin yaradıcılığı ümumtürk ədəbi xəzinəsinin inciləri sırasında yer alıb. Onun parlaq xatirəsi Azərbaycan və türk xalqlarının xatirəsində daim yaşayacaq.

Allah rəhmət eləsin!

Tahir AYDINOĞLU,
Əməkdar jurnalist

Mədəniyyət