Prezident İlham Əliyevin peşəkar milli teatrımızın 150 illiyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncama əsasən, Sumqayıt Dövlət Dram Teatrında da silsilə tədbirlər keçirilir. Onu da qeyd edək ki, burada yubiley tədbirləri eyni zamanda teatrın 55 illiyinə həsr olunur.
Öz pərdəsini ilk dəfə Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” (rejissoru Cənnət Səlimova) məzhəkəsi ilə açmış Sumqayıt teatrında ötən dövr ərzində repertuara klassik və müasir Azərbaycan, rus və xarici ölkə dramaturqlarının pyesləri daxil edilib və uğurla oynanılıb. Bir çox ünlü teatr xadimi məhz bu teatrın səhnəsindən pərvazlanıb.
Yubileylər çərçivəsində teatrda yeni layihələr gerçəkləşməkdədir. “Açıq qapı” günləri, bayram təntənələri yaddaqalan olur. Elə bu günlərdə Əməkdar mədəniyyət işçisi Vasif Məmmədovun quruluşunda Astrid Linqrenin “Balaca və Karlsonun macəraları” tamaşasının nümayişi ilə bərabər, gənclərin teatra ekskursiyası təşkil edilib. Onlar qrim, əlbəsə otaqlarına, musiqi sexinə, işıq rəssamının işinə, butafor otağına, dərzi emalatxanasına, rəssam guşəsinə baxıb, teatral proseslə yaxından tanış olublar. Daha sonra inzibati heyət tamaşaçıları maraqlandıran məsələlərə aydınlıq gətirib. Həmin tamaşa isə martın 11-i və 12-də də göstəriləcək.
Teatrın direktor əvəzi, Əməkdar artist Vidadi Məmmədov “Xalq qəzeti”nə müsahibəsində bildirdi ki, yubiley ilinin əvvəlindən M.F.Axundzadənin “Hacı Qara” komediyası (quruluşçu rejissoru teatrın baş rejissoru, respublikanın Xalq artisti Firudin Məhərrəmovdur), Əbdürrəhim Bəy Haqverdiyevin “Kimdir müqəssir” vodevili (quruluşçu rejissor Fuad Kazımov), Turqut Ozakmanın “Ocaq” (quruluşçu rejissor Xalq artisti Firudin Məhərrəmov), Hafiz Ataxanlının ”Xəzinə” və “Missiya” əsərləri tamaşaçılara təqdim edilib. Peşəkar milli teatrın təşəkkül tapdığı gün – martın 10-da Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” iki hissəli operettasının (rejissor Əməkdar artist Namis Şirməmmədov) nümayişi ilə qeyd ediləcək. Səhnə əsərindən əvvəl yubileylə bağlı çıxışlar olacaq, yaradıcılıq hesabatı veriləcək, kollektivə və teatrsevərlərə təbriklər ünvanlanacaq.
Yaradıcı kollektivin builki planlarında həmçinin ulu öndər Heydər Əliyevin 100, dahi mütəfəkkir Hüseyn Cavidin 140, Əhməd Cavadın 130 illik yubileyləri üçün tamaşa və ya ədəbi-bədii gecələrin hazırlanması da önəmli yer tutur.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”