Bizim kinonun tarixi və əldə etdiyi nailiyyət milli sərvətimizdir, mədəni sərvətimizdir və bunu qorumalıyıq.
Heydər ƏLİYEV,
ümummilli lider
Kino insanların dünyagörüşünü formalaşdıran, tariximizi yaşadan, həyatımızın bütün sahələrinə nüfuz edən ideoloji silahdır. Azərbaycanda kinonun təməli 1898-ci ildə qoyulmuşdur. Polyak əsilli, Xarkovda doğulub böyümüş, 30 ilə yaxın Bakıda yaşayıb yaradıcılıqla məşğul olmuş, fotoqraf və kinooperator Aleksandr Mişon həmin il avqustun 2-də Vasili Byetskinin teatr-sirkində Bakı həyatından çəkdiyi bir neçə kinosüjeti tamaşaçılar qarşısında nümayiş etdirdi. 1915-ci ildə Bakıda fəaliyyət göstərən “Filla” Səhmdar Cəmiyyətinin təşəbbüsü və milyonçularımızın maliyyə dəstəyi ilə rejissor Boris Svetlov Azərbaycan yazıçısı İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” povesti əsasında eyniadlı ikiseriyalı bədii filmi ekranlaşdırdı. Həmin cəmiyyətin xətti ilə daha bir neçə səssiz bədii film, o cümlədən “Arşın mal alan” (1916) lentə alındı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu ilə yanaşı, mədəniyyət və incəsənətin dirçəlişində də yeni dövr başlandı. Bu illərdə mövcud kommersiya kinostudiyalarının işinə təkan verildi. Xüsusilə əyalətlərdə mədəniyyətin yüksəlişinə dəqqət artırıldı. Mətbuatda teatr və kinoya aid vaxtaşırı məlumatlar verildi. Hökumətin xüsusi sərəncamı ilə dövlət teatrı yaradıldı, o dövrə qədər fəaliyyət göstərən professional teatr və kino işçiləri dövlətin himayəsinə götürüldülər. Kinoteatrlarda Azərbaycan milli ordusunun yaradılmasını və sərhədlərimizin bütövlüyünün qorunub saxlanmasını, hökumətin quruculuq işlərini əks etdirən xronikal kadrların nümayişi geniş vüsət aldı.
1919-cu il mayın 28-də müstəqillik əldə etmiş Azərbaycan Demokratik Respublikasının istiqlaliyyətinin təntənə ilə bayram edilməsi lentə alındı. “Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə” tammetrajlı sənədli filmi həmin il iyunun 13-də şəhərin “Ekspress” və “Rekord” kinoteatrlarında proqramdan əlavə nümayiş etdirildi.
Lakin 1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti quruldu və uğurlu, böyük tədbirlərin üzərindən qara xətt çəkildi. Ölkəmizdə kinematoqraf tamamilə başqa bir istiqamət götürdü. Kino yeni yaradılan bolşevik hökumətinin əlində güclü təbliğat alətinə çevrildi, ilk gündən yeni ideologiyaya xidmət etməyə başladı. Azərbaycan Xalq Komissarları Sovetinin 5 mart 1923-cü il tarixli dekreti ilə Foto-Kino İdarəsi əsasında Mərkəzi Dövlət Kino Müəssisəsi – Xalq Maarif Komissarlığının Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradıldı. Mədəniyyət xadimi Hənifə Terequlov AFKİ-nin rəisi təyin olundu.
Bakıdakı Şərq xalqları küçəsi (indiki Azadlıq prospekti) ilə Birja küçələrinin (indiki Ü.Hacıbəyli küçəsi) kəsişdiyi yerdə inqilabdan əvvəl cah-cəlallı “Renessans” restoranı, mağazaların anbar binaları AFKİ-nin sərəncamına verildi. Bina kinofabrikə uyğun şəkildə dəyişdirildi. Restoranın zalı xeyli genişləndirilərək, kinopavilyona çevrildi, həyətdə kinoplyonka emalı üzrə sex və başqa yardımçı binalar inşa edildi. İkinci kinopavilyonun tikintisi 1928-ci ildə başa çatdı. Moskva və Petroqraddan kinoaparatlar, müxtəlif kino avadanlıqları və kimyəvi maddələr gətirildi.
Sonra Azərbaycan hökumətinin qərarı ilə AFKİ yenidən təşkil olundu. Artıq xərcləri azaltmaq və AFKİ-nin idarəçiliyini təkmilləşdirmək məqsədilə 1926-cı ildə AFKİ I Dövlət Kinofabriki ilə birləşdirildi.
1923–1926-cı illərdə kinostudiya AFKİ-nin I Dövlət Kinofabriki, sonralar “Azdövlətkino” (14 fevral 1926–1930), “Azərkino” (1930–1931), “Azərfilm” (1932–1933), “Azdövlətkinosənaye” (1934–1935), “Azərfilm” (1935–1938), Bakı kinostudiyası (1939–1958), “Azərbaycanfilm” kinostudiyası (1958) adlandırılmışdır. 1959-cu ildə kinostudiyaya Cəfər Cabbarlının adı verilmişdir. 1980-ci il aprelin 30-da kinostudiyanın həyətində böyük dramaturqun abidəsi qoyulmuşdur.
Milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925-ci ildə kinofabrik nəzdində 2 illik kino sənətinin əsasları üzrə kurslar təşkil olunmuş, bu kurslarda Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə (o, həm də studiyada aktyor sənətkarlığından dərs deyirdi – A.K.), Mikayıl Mikayılov, Ağarza Quliyev, Rza Təhmasib, Mustafa Mərdanov, Əsəd Tahirov, R.Cavadzadə, H.Həsənov, A.Təhmasib, Y.Kolotova, Ruqiyyə xanım və başqaları kino sənətinin əsaslarını öyrənmişlər. Kursun proqramına plastika, ritm, akrobatika, çəkiliş texnikası, jest və mimika texnikası, ssenari yaradıcılığı, kino tarixi, məşhur filmlərin təhlili və s. fənlər daxil idi. Moskva və Leninqraddan dəvət olunmuş kino mütəxəssislərindən V.Sladkopevtoev, M.Kirilmov, S.Troptik, A.Ardatov, A.Yalaboj, Raymeek, Berkovski və b. dərs deyirdi.
I Dövlət Kinofabrikinin yarandığı vaxtdan onun taleyi yuxarıda adlarını çəkdiyimiz, əlavə olaraq Ələsgər Ələkbərov, Mirzağa Əliyev, Möhsün Sənani, Ağasadıq Gəraybəyli, Əzizə Məmmədova, Sona Hacıyeva, Mərziyə Davudova, Məmmədağa Əlili, Lətif Səfərov və digər incəsənət xadimləri ilə sıx bağlı olmuşdur.
Sonrakı illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kinematoqrafçıların yeni dəstəsi – Hüseyn Seyidzadə, Əlisəttar Atakişiyev, Tofiq Tağızadə, Həsən Seyidbəyli, İsa Hüseynov, Muxtar Dadaşov, Rasim Ocaqov, Valeri Kərimov, Məmmədağa Hüseynov, Elbəy Rzaquliyev, Arif Nərimanbəyov, Niyazi Bədəlov, Səməd Mərdanov və bir çox başqaları işləmiş, milli kinomuzun inkişafında böyük əmək sərf etmişlər.
Bu gün yaşlı sənətkarlarla birgə gənclər də, o cümlədən Oktay Mir Qasım, Anar, Vaqif Mustafayev, Ayaz Salayev, Elçin Musaoğlu, Rafiq Quliyev, İlqar Nəcəf, Rövşən İsax, Mirbala Səlimli, Kənan M.M., Samir Kərimoğlu, Ülviyyə Könül, Sahin Qəhrəman, Fariz Əhmədov, İlqar Safat, Emil Quliyev və b. kinomuzda uğurla çalışırlar.
Kinostudiyanın ilk bədii filmi “Qız qalası” kinodramıdır (1924). Bundan sonra burada “Bismillah”, “Sevil”, “Lətif”, “Almaz”. “İsmət”, səssiz, “Mavi dənizin sahilində” (ilk səsli Azərbaycan filmi), “Kəndlilər”, “Arşın mal alan”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə”, “Ögey ana”, “Telefonçu qız”, “Bir cənub şəhərində”, “İstintaq”, “Nəsimi”, “Babək”, “Dəli Kür”, ümumiyyətlə, 500-dən artıq bədii, 2500-ə qədər xronikal-sənədli, elmi-kütləvi film istehsal olunmuşdur. Filmlərin bəziləri SSRİ və Azərbaycan Dövlət mükafatlarına layiq görülmüş, bir çoxu Respublika, Ümumittifaq, Beynəlxalq kinofestivallarında layiqli qiymət almışdır.
Kinostudiya 1965-ci ildə Tbilisi prospektindəki (indiki Moskva prospekti) yeni binaya köçmüşdür. Studiya rəngli və ağ-qara filmlər istehsal etmək üçün yeni kinotexnika avadanlığı ilə təchiz olunmuşdur. Kinoplyonka emal edən sex kiçik surətköçürmə fabrikinin işini görür. Bu sex istehsal edilən və dublyaj olunan bütün filmlərin surətlərinin hazırlanmasını respublika kinoprokatı üçün təmin edirdi. Kinostudiyada hər il 80-ə qədər xarici film Azərbaycan dilinə dublyaj olunurdu.
Böyük filmlərin çəkilişi üçün 2 pavilyon, səs və işıq texnikası sexləri ton-atelye, montaj sexi vardır.
“Azərbaycanfilm” müxtəlif illərdə SSRİ və xarici ölkə studiyaları ilə müştərək filmlər, o cümlədən, “Mavi dənizin sahilində”, “Bir məhəllədən iki nəfər”, “Səmən küləyi”, “Babək”, “Nizami”, “Gəmi saatının sirri”, “Park”, “?” “Qətldən yeddi gün sonra” və s. kino əsərlərini lentə almışdır.
80-ci illərin sonunda ölkənin ictimai-siyasi həyatında baş verən çaxnaşma və təlatümlər, keçid dövrü kino istehsalatından da təsirsiz ötüşmədi. Nəticədə kinostudiyada geriləmə, istehsalatın seyrəlməsi müşahidə edilməyə başlandı.
Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdandan sonra kinostudiyanın həyatında müəyyən keyfiyyət dəyişiklikləri baş verdi. Kinostudiyanın 4,5 milyard manat (köhnə pulla) borcu var idi. Bu borclar aradan götürüldü. 1993-1996-cı illərdə istehsala buraxılan və sonradan illərlə yarımçıq qalan “Yuxu”, “Güllələnmə təxirə salınır”, “Hacı Qara”, “Ovsunçu” bədii filmləri çəkilib ekranlara çıxarıldı.
90-cı illərdə və sonralar çəkilən filmlərdə kinematoqrafçılar kinonu bütünlüklə real həyata yaxınlaşdıra bildilər, filmlərdə uydurulma kino qəhrəmanları canlı insanlarla əvəz olundu. Bolşeviklərin ədəbiyyat və incəsənətimizin, o cümlədən kino sənətinin başı üzərində daim hazır vəziyyətdə saxladıqları demokl qılıncı, yəni yalançı sovet ideologiyası həmişəlik arxivə verildi. “Qətl günü”, “Haray”, “Fəryad”, “Ümid”, “Ləqəbi “UKA”dır”, “Ailə”, “Qara qutu”, “Sahə”, “Yaddaş”, “Dolu”, “Qanlı Yanvar”, “Mən evə qayıdıram”, “Əlvida, cənub şəhəri”, “Xoca”, “Son nəfəsədək”, “Biz qayıdacağıq”, “Hökmdarın taleyi”, “Seçilən”, “Cavad xan” və s. bədii filmlərdə ideoloji kinonun qəhrəmanlarını artıq görmüşük.
Kinostudiyanın rəhbərliyi xarici mütəxəssislərlə peşəkar görüşlər təşkil edir, xarici filmlərlə birgə filmlərin çəkilməsi, beynəlxalq film festivallarının təşkilatçıları ilə işgüzar müzakirələr aparırlar. Bu gün həyata keçirilən hər bir yeni ideya və layihə sabahla dünən arasında körpü deməkdir.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının fədakar kollektivi yeni ideyalarla fəaliyət göstərir və sabaha inamla baxır.
Aydın KAZIMZADƏ,
Əməkdar incəsənət xadimi, kino tədqiqatçısı