Həyatımızda elə insanlar olur ki, biz onları axtarıb tapmırıq, bəxt, tale, şans görüşdürür. Məni müəllimlikdən mətbuata gətirmiş ustad, söz adamı Nahid Hacızadə də məhz bəxtimə düşən, taleyimə yazılan dəyərli yaradıcı ziyalı idi.
25–26 il əvvəl – onun anadan olmasının 60 illiyi münasibətilə “Xalq qəzeti”ndə verdiyim yazının sərlövhəsi belə idi: “Televiziyanın bütün sirlərini bilən iki-üç adamdan biri”. Rəhmətlik Elşad Quliyevin sözü idi. Uzun müddət bir yerdə işləmişdilər. Elşad müəllim televiziyada idarəetmənin kamil mütəxəssisi idi, Nahid müəllim isə ədəbi-bədii ekranın siması idi.
O, sadəlik və səmimiyyət örnəyi idi. Heç zaman “mən yazmışam, mən etmişəm” - deməzdi. Həmişə deyərdi ki, onu biz də yazdıq. Halbuki, biz yox, özü yazmışdı. Bir dəfə ona dedim ki, sizin “Köçündən ayrılan durna” əsərinizin adı, sanki, mənim taleyimi ifadə edir. Cavab verdi ki, normal sayılan bütün ədəbi əsərlərdə kimsə öz taleyini görür.
O, sözün təəssübünü ölənə qədər çəkdi: “Aya, bu bizim ana dilimizdir, Azərbaycan dilidir, nə üçün eybəcərləşdirirsiniz, niyə qorumursunuz?” – deyə televiziya və radiodakı bəzi nöqsanları qınayırdı. Adi həyatda nə qədər mülayim olsa da, yaradıcılıq məsələlərində güzəştə getdiyini görmədim.
O, təmənnasız və gözütox yaşaya bilən azsaylı qələm sahiblərindən biri idi. Yadımdadır, bir nəfər onu, müavini Ələkbər Abbasovu və məsul katib Firudin müəllimi qonaq etmək istəyirdi. Nahid müəllim həmin adama etiraz etmədi. Ancaq dedi ki, sizin məclisə müxbirlərimiz Arif Ərşadoğlu, İttifaq Mirzəbəyli və Çingiz Qəribli gələcəklər. Elə də oldu. Biz getdik.
Nahid müəllimin ədalətli insan, obyektiv jurnalist, həmsöhbətinə hörmətlə yanaşmağın uzmanı olduğunu sübut edən bir çox faktı qəzetlərdə dəfələrlə qeyd etmişəm. Amma azdır. Həmkarım Əli Nəcəfxanlı deyir ki, AzTV-nin Ədəbi-dram baş redaksiyasında çalışdığı zaman təcili çəkilişə getməli imiş: “Amma qarajdan maşın olmadığını bildirdilər. Çarəsiz qalaraq sədr müavini Nahid Hacızadənin kabinetinə getdim, problemi dedim. Qayıtdı ki, bəs, neyləyək? Dedim, heç nə, öz sürücünüzə deyin, bizi aparsın. Gənc bir işçinin ona yol göstərməsini çox adi qarşıladı və beləcə, çəkilişə gecikəsi olmadıq”. Elə bu faktın özü Nahid müəllimin sadəliyinə, səmimiliyinə bir sübutdur.
Allah rəhmət eləsin! Həmişə deyirdim ki, mən bir neçə medal almış “güləşçiyəm”. Nahid müəllim isə mənim kimi onlarca medallı güləşçinin “məşqçisi”dir. Bilavasitə böyük hərflərlə yazılan məşqçi.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”