İybilmə sistemi ilə bağlı sensasion nəticə

post-img

İki yeni elmi araşdırma qoxu hissinin necə formalaşdığı barədə mövcud təsəvvürləri dəyişib. Alimlər müəyyən ediblər ki, burundakı qoxu reseptorları təsadüfi şəkildə yerləşmir, əksinə, ciddi nizamlanmış bioloji xəritə üzrə paylanır. Bu kəşf insan və heyvanlarda iybilmə mexanizminin daha mürəkkəb quruluşa malik olduğunu göstərir.

“Cell” jurnalında dərc olunan tədqiqatda alimlər siçanların burun boşluğunu örtən qoxu epiteli toxumasını araşdırıblar. Məlum olub ki, təxminən 1100 növ qoxu reseptoru sensor neyronlarda müəyyən sahələrdə yerləşir və burunun yuxarı hissəsindən aşağıya doğru uzanan üfüqi zolaqlar əmələ gətirir. Hər reseptor özünəməxsus mövqeyə malikdir və bu zolaqlar bir-biri ilə üst-üstə düşərək mürəkkəb sistem yaradır.

Karolinska İnstitutunun neyrobioloqu Yohan Lundström bildirib ki, son 30 il ərzində tələbələrə qoxu epitelində reseptorların geniş zonalarda təsadüfi seçildiyi öyrədilirdi. Yeni nəticələr isə dərsliklərdə yer alan əsas modellərdən birini təkzib edir.

Tədqiqat zamanı alimlər yüzlərlə siçandan götürülmüş təxminən beş milyon neyronu analiz ediblər. Onlar əvvəlcə ayrı-ayrı hüceyrələrin genetik ardıcıllığını öyrənərək hansı reseptorların aktiv olduğunu müəyyənləşdiriblər. Daha sonra məkan transkriptomikası üsulu ilə həmin genlərin burunda harada yerləşdiyini xəritələndiriblər.

Araşdırmaya görə, bu sistemin formalaşmasında retinoik turşu adlı molekul mühüm rol oynayır. Burunun müxtəlif hissələrində bu maddənin səviyyəsi fərqli olur və o, neyronların hansı qoxu reseptorunu aktivləşdirəcəyini müəyyən edir. Beləliklə, hər neyron yerləşdiyi mövqeyə uyğun reseptor seçir.

Alimlər həmçinin göstəriblər ki, burundakı bu xəritə beyində yerləşən qoxu soğanağındakı sinir əlaqələri ilə uyğunluq təşkil edir. Bu, görmə, eşitmə və toxunma sistemlərində olduğu kimi, qoxu hissinin də burun və beyin arasında koordinasiyalı şəkildə qurulduğunu sübut edir.

Mütəxəssislər hesab edirlər ki, bu nəticələr gələcəkdə qoxu hissini itirmiş insanların müalicəsində mühüm rol oynaya bilər. Xüsusilə kök hüceyrə texnologiyaları vasitəsilə qoxu reseptorlarının bərpası zamanı bu “bioloji xəritənin” düzgün yenidən qurulması vacib olacaq.

Araşdırmalar siçanlar üzərində aparılsa da, alimlər oxşar sistemin insanlarda da mövcud olduğunu düşünürlər. Hazırda insan toxumalarında qoxu reseptorlarının məkan xəritəsi üzərində yeni tədqiqatlar davam etdirilir.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı