Valideyn-məktəb əməkdaşlığı genişləndirilir

post-img

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrini əhatə edən 2026-cı il üzrə Valideyn konfransları davam edir.

BŞTİ-dən XQ-yə bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində növbəti görüşlər Binəqədi, Nizami, Səbail və Qaradağ rayonları üzrə təşkil olunub.

MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova valideyn-məktəb əməkdaşlığının gücləndirilməsini sağlam və balanslı nəsil yetişdirilməsinin əsas şərtlərindən biri kimi dəyərləndirib. Ailə mühitində uşağa yönələn diqqətin onun akademik nəticələrinə və emosional inkişafına xüsusi təsir göstərdiyini vurğulayan şöbə müdiri bu diqqət və qayğının uşaqlarda özünəinamın formalaşmasına və onların potensialının daha dolğun şəkildə üzə çıxarılmasına şərait yaratdığını qeyd edib.

BŞTİ-nin müdir müavinləri Anar Qədiməliyev və Turanə Məcidli ailə-məktəb əlaqələrinin uşağın davranışına və təhsilə münasibətinə təsirini vurğulayaraq davamlı və məqsədyönlü ünsiyyətin uşağın ehtiyaclarının düzgün müəyyənləşdirilməsi, vaxtında dəstəklənməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov təhsil müəssisələri ilə ictimaiyyət arasında effektiv kommunikasiya mexanizmlərinin qurulmasının vacibliyindən, məktəblərin fəaliyyətinə ictimai etimadın artmasına xidmət edən şəffaf və operativ məlumatlandırmanın əhəmiyyətindən, Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Kənan Hüseynov təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinin və gündəlik fəaliyyətin səmərəli təşkilinin tədris prosesinin keyfiyyətinə təsirlərindən, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin (UMİ) əməkdaşı Nərgiz Məmmədova məktəblərlə birgə fəaliyyətin uşaqların müdafiəsi və təhlükəsiz təhsil mühitinin təmin olunmasında oynadığı mühüm roldan danışıblar.

“Ailə və məktəb mühitində uşağın psixoloji və emosional inkişafı”, “Rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması”, “Valideyn-məktəb əməkdaşlığı və ünsiyyətin düzgün təşkili” və “Təhsil müəssisələrində zorakılığın qarşısının alınması” mövzularında təqdimatlarla çıxış edən BŞTİ-nin əməkdaşı, psixoloq Aysel Novruzova və UMİ-nin psixoloqu Arzu Hüseynzadə uşağın emosional sabitliyinin onun hisslərinin dinlənilməsi və düzgün yönləndirilməsi ilə formalaşdığını söyləyiblər. Psixoloqlar rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunması üçün texniki nəzarətdən daha çox, uşaqlarda məsuliyyətli istifadə vərdişlərinin formalaşdırılmasını əsas həll yollarından biri kimi qiymətləndiriblər.

Daha sonra iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, valideynlərin təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb.

Konfransın keçirilməsində əsas məqsəd məktəb-icma əməkdaşlığını gücləndirməklə uşağın hərtərəfli inkişafını təmin etmək, həmçinin təlim-tərbiyə prosesində valideynin iştirakının davamlı, sistemli və məqsədyönlü şəkildə təşviq olunmasından ibarətdir.

Təhsil