Meymunçicəyi təhlükəsinin səngimədiyi günlərdə daha bir virusun yayılması barədə xəbərlər həyəcan doğurub. "Azadlıq radiosu" bugünlərdə Ermənistanda Qərbi Nil qızdırmasına 58 yoluxmanın qeydə alınması barədə məlumat yayıb.
Bildirilir ki, Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Milli Mərkəzin direktoru Stepan Atoyan mətbuat konfransında ilkin yoluxma barədə açıqlama verib. O qeyd edib ki, Qərbi Nil virusuna yoluxan 60 yaslı sakin xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. Yeni virusa yoluxanlar tibb müəssisələrinə yerləşdiriliblər. Onlardan 4-nün vəziyyəti ağır, digərləri orta ağır qiymətləndirilir. 58 xəstədən ən gəncinin 25, yaşlısının isə 65 yaşı var.
S.Atoyan açıqlamasında qeyd edib ki, bütün yoluxmalar Araqatsotn bölgəsində aşkar edilib. Virusun törədicisi isə 5 növ ağcaqanaddır: “Virusa yoluxmanın ilk nümunəsini avqustun 7-də aldıq və 10-da əmin olduq ki, bu xəstəliklə üz-üzəyik. Xəstəlik gənc adamlarda hiss olunmadan keçir, onlar virusa yoluxduqlarını hiss etmirlər. Yalnız qrip əlamətləri və dəridə səpgilər müşahidə edilir. Amma risk qrupuna daxil olan yaslıların, yanaşı xəstəliklərdən əziyyət çəkənlərin 1 faizində ağırlaşma baş verir”.
Mütəxəssislər Ermənistanla qonşu ölkələrdə QNV infeksiyasının qeydə alınmadığını söyləyirlər. Yeni virus hələlik Rusiyada, İsraildə, ABŞ-də, Şərqi Avropa ölkələrində müşahidə edilib. Bu qızdırmaya qarşı xüsusi peyvənd və dərman yoxdur. 80 faiz hallarda xəstəlik simptomsuz keçir. Müalicəyə vaxtında başlamayanda xəstəlik ağırlaşır və əksər hallarda virus sinir sisteminə təsir göstərir. Xəstəxanaya yerləşdirilən vətəndaşlarda intoksikasiya əlamətləri müşahidə olunur.
Yayılan xəbərlərdə ölüm halının Rumıniyada da qeydə alındığı bildirilir. Suçava şəhərində yeni virusa yoluxmuş 3 nəfər yaşlı sakin xəstəxanaya çatdırılıb. 81 yaşlı xəstə sağalıb, 83 yaşlı qadın dünyasını dəyişib. 88 yaşlı xəstə isə ağır vəziyyətdədir.
Bundan əvvəl isə Tatarıstanda 15 yoluxma qeydə alınıb. Yeni virusa ən çox Mərkəzi və Volqa bölgəsində rast gəlinib.
İnfeksionist Anastasiya Ağayevanın bildirdiyinə görə, virusa yoluxan yaşlıların, təxminən, 20 faizində hərarət, baş ağrısı, ürəkbulanma, bəzən gövdədə səpkilər və limfa düyünlərinin şişməsi müşahidə olunur. Başağrısı, hərarət, titrətmə, boyun əzələlərinin sərtliyi, məkan çaşqınlığı, qıcolma, zəiflik komaya da səbəb ola bilər. Xəstəliyin ağırlaşması ensefalit, meningit və poliomielit kimi təhlükəli vəziyyətlərə səbəb ola bilər.
Səhiyyə Nazirliyinin mütəxəssis- eksperti, infeksionist Təyyar Eyvazov XQ-yə bildirdi:
– Qərbi Nil qızdırması ağcaqanad və gənə dişləmələri ilə ötürülən kəskin yoluxucu viral xəstəlikdir. Həşəratlar xəstə quşların və gəmiricilərin qanını sormaqla Qərbi Nil virusuna yoluxurlar. İnsanlar virusa həşərat dişləmələrindən əlavə, xəstə heyvanların özündən də yoluxa bilərlər. İndiyədək Azərbaycanda belə bir virus askarlanmayıb. Ölkə səhiyyəsi miqrasiya nəticəsində baş verə biləcək hər hansı təhlükəyə qarsı hazırdır.
Zərifə BƏŞİRQIZIXQ