Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ənənəyə uyğun olaraq, 115-ci mövsümündə də teatrsevərlərin görüşünə maraqlı səhnə əsərləri ilə gələcək. Sənət ocağı mövsümün açılışına 18 Sentyabr – Üzeyir Musiqi Günündə dahi bəstəkarın “O olmasın, bu olsun” tamaşası ilə başlayacaq. Bu barədə XQ-yə məlumat verən teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev dedi:
– Teatrın yaradıcı heyəti qarşıdakı mövsümü daha maraqlı və yaddaqalan etmək üçün hazırlıqlara başlayıb. Mövsümə başladıqdan sonra 4 gün ardıcıl davam edəcək ənənəvi “Üzeyir Hacıbəyli həftəsi” çərçivəsində dahi bəstəkarın “Leyli və Məcnun” (quruluşçu rejissor və libretto müəllifi Samir Qulamov), “Ər və arvad” (quruluşçu rejissor Yusif Əkbərov), “Arşın mal alan” (quruluşçu rejissor Elvin Mirzəyev, bərpaçı rejissor Əhəd Hacıyev) tamaşaları da nümayiş olunacaq.
Bundan başqa, sentyabrın 22-də quruluşçu rejissoru Cavid İmamverdiyev olan “Nəğməmə inan”, 28-də rejissor Yusif Əkbərovun quruluş verdiyi “Qızıl toy”, 29-da isə Cavid İmamverdiyevin hazırladığı “Bəxtiyar” tamaşaları teatrsevərlərə təqdim ediləcək.
Teatrda yeni əsərlərin səhnə hazırlıqları barədə danışan sənət ocağının rəhbəri bildirdi:
– Hazırda rejissorlardan Elməddin Dadaşovun quruluşunda “Bir qalanın sirri”, İlham Namiq Kamalın quruluş verdiyi “Əliqulu evlənir”, Ər Toğrulun hazırladığı “Palata” və Zaur Əliyevin tərtibatında “Killerdən teleqram” tamaşalarının məşqləri gedir, premyeralara hazırlıq işləri görülür. Bununla yanaşı, yaradıcı heyət il boyu istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda gerçəkləşdiriləcək layihələrdə də çıxış edəcək.
C.BALABƏY
XQ