“Heydər Əliyev irsi: tolerantlıq və multikultural dəyərlər” mövzusunda konfrans keçirilib

post-img

Dekabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev irsi: tolerantlıq və multikultural dəyərlər” mövzusunda konfrans keçirilib.

Konfrans Ulu Öndərin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

İctimaiyyət nümayəndələri və din xadimlərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan  “Heydər Əliyev və din siyasəti” sənədli filmi nümayiş edilib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən çoxsaylı tədbirlərin Ulu Öndərin irsinin daha geniş şəkildə araşdırılması və gənc nəslə çatdırılmasının önəmi barədə danışıb.  Dahi şəxsiyyətin bütün sahələrdə olduğu kimi dini sahədəki müstəsna xidmətlərinə diqqət çəkən Komitə sədri milli-mənəvi, dini dəyərlərimizə qayıdış və dəyərlərin təbliği, inkişafında Ümummilli Lider Heydər Əliyevin rolundan, tolerant və multikultural ənənələrə verdiyi önəmdən bəhs edib.Vurğulayıb ki, Heydər Əliyev hələ 1969-cu ildə hakimiyyətə gələndə ölkə ərazisində dini abidələrin, məscidlərin qorunması üçün tapşırıqlar verib, onun təşəbbüsü ilə müstəqil dövlətin ilk milli Konstitusiyasında dini etiqad azadlığı, vicdan azadlığı tam şəkildə təmin edilib, dünyəvilik prinsipi dövlət-din modelinin əsası kimi müəyyənləşib. Heydər Əliyev dövlət-din modelində dünyəviliyi seçməklə tarixən formalaşmış tolerantlıq ənənələrimizin də qorunmasına töhfə verib. 

Çıxışında Ulu Öndərin xalqın yaddaşında əbədi olaraq yaşayacağını bildirən M.Qurbanlı müstəqil dövlətimizin siyasətinin Heydər Əliyevin uzaqgörənliyi sayəsində möhkəm, dayanaqlı özüllər üzərində qurulduğunu deyib. Qeyd edib ki, Prezident cənab İlham Əliyevin siyasəti də bu təməllər üzərindədir və bu gün ölkəmiz uğurla inkişaf edir. Bu gün Azərbaycan öz tarixinin ən şərəfli günlərini yaşayır. Prezident cənab İlham Əliyevin qətiyyətli mövqeyi və müdrik siyasəti ilə Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı erməni tapdağından azad edib, Azərbaycanın suverenliyi bərpa olunub.

Milli Məclisin deputatı Hikmət Məmmədov xalq olaraq illər ötdükcə Ulu Öndərin böyüklüyünü daha aydın dərk etdiyimizi söyləyib. Bildirib ki, istər qazandığımız tarixi Zəfərdə, işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdış proseslərində, istərsə də beynəlxalq münasibətlərdə bu gün fövqəl güclərin Azərbaycanla hesablaşmasında Heydər Əliyevin əsasını qoyduğu strategiyaların izlərini görürük. Ulu Öndərin hakimiyyət illərini Azərbaycanın intibah dövrü adlandıran millət vəkili qeyd edib ki, dahi Lider xalqımızın dilinə, tarixinə, mədəniyyətinə sahib çıxmaqla, multikultural ənənələri özündə cəmləşdirən, eyni zamanda milli kimliyin dini kimliyə qarşı qoyulmadığı universal dəyərlər sistemi yaradıb. Heydər Əliyevin hakimiyyəti dövründə müasir Azərbaycanda siyasi şüur formalaşıb, ictimai münasibətlər inkişaf edib, ideoloji, müasir çağırışlar milli mənafe ilə uzlaşdırılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, müstəqil Azərbaycanın memarı, Ümummilli Liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişib, müqəddəs ibadət ocaqlarının təmiri və inşası geniş vüsət alıb. “Ümummilli Liderin həyata keçirdiyi siyasətdə tolerantlıq hər zaman diqqət mərkəzində olub. Sevindirici haldır ki, bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir”- deyən DQİDK sədrinin birinci müavini onu da diqqətə çatdırıb ki, Ulu Öndərin Azərbaycanda dövlət-din münasibətlərinin inkişafında, ictimai-siyasi, o cümlədən dini sabitliyin bərqərar olmasında müstəsna xidmətləri olub.

“Heydər Əliyev o şəxsiyyətdir ki, xalqına yüz illər boyu yaşayacaq mənəvi irs miras qoyub”- sözləri ilə çıxışına başlayan Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvü Şahlar Əsgərov Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrü maddi və mənəvi quruculuq illəri olaraq təsnifatlandırıb. Bildirib ki, SSRİ dövründə əsasən nəhəng tikinti-quruculuq layihələrinə, iqtisadi inkişafa daha çox diqqət yetirən Heydər Əliyevin siyasi strategiyasında Azərbaycanın müstəqilliyinə nail olduqdan sonra konstitusion dövlətin formalaşdırılması, azərbaycançılıq ideologiyasının yaradılaraq inkişaf etdirilməsi, milli-mənəvi, dini dəyərlərimizə qayıdış məsələləri prioritet istiqamətlərə çevrildi.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxışında Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müasir azərbaycançılıq ideologiyasının əsasında Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyasının dayandığını bildirib. Heydər Əliyevin azərbaycançılıq ideyasının Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçiliyimizin qüdrətlənməsində və dövlət quruculuğu prosesində roluna diqqət çəkib. Həmçinin Heydər Əliyev irsinin elmi cəhətdən təhlil edilməsinin zəruriliyini və yeni elmi əsərlər üçün zəmin yaradacaq ideyalarla olduqca zəngin olduğunu bildirib. 

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Ulu Öndərin hakimiyyətə gəlməsi ilə Azərbaycanın SSRİ-nin ən mütərəqqi sənaye dövlətinə çevrilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, beynəlxalq investisiyaların ölkəmizə cəlb olunması, “Əsrin müqaviləsi”nin imzalanmasından danışıb. Rektor Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması uğrunda apardığı məqsədyönlü siyasətdən də söhbət açıb. Bildirib ki, ölkə əhalisinin əksər hissəsinin sahib olduğu islami dəyərləri multikultural və tolerant ənənələrlə birləşdirir və bununla da Azərbaycana xas dəyərlər sisteminin qorunmasına, sağlam dövlət-din münasibətlərinin formalaşdırılmasına töhfə verirdi. Ulu Öndər dini kimliklərin əsla biri-birinə qarşı qoyulmasına icazə vermir, xalqın milli, ən əsası da “Azərbaycan vətəndaşı” kimliyinə hamilik edirdi.

“Zəfər” Şəhid Ailələrinə Dəstək Birliyinin sədri Sevinc Alızadə Heydər Əliyevin fəadakar fəaliyyəti sayəsində müstəqilliyimizin ilk illərində cəmiyyətin bütün sahələrində əldə olunan naliyyətlərdən bəhs edib. Onun ideyalarının gənc nəsil tərəfindən uğurla davam etdirildiyini, Ulu Öndərin azərbaycançılıq ideyasının özünün yenilməz gücünü Vətən müharibəsində bir daha göstərdiyini vurğulayıb. Bu ilin payızında torpaqlarımızda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan antiterror tədbirlərinə də diqqət çəkən S.Alızadə bununla Azərbaycanın bütün ərazilərində öz suverenliyini tam bərpa etdiyini, Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə şanlı bayrağımızın ucaldıldığını söyləyib.





Son xəbərlər