Azərbaycanda fəaliyyət göstərən 10-a yaxın qeyri-hökumət təşkilatlarının rəhbərləri humanitar minatəmizləmənin sülhün qurulması prosesindəki potensialından istifadəyə çağırışla əlaqədar beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıblar.
Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri BMT-nin Baş katibi cənab Antonio Quterreşə, BMT Baş Assambleyasının prezidenti cənab Çaba Köröşiyə, BMT-nin İnsan Hüquqları Şurasının prezidenti cənab Vatslav Balekə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı cənab Volker Türkə, BMT-nin Mina Təhlükəsizliyi Xidmətinin direktoru xanım İlen Köhnə, Avropa İttifaqı, Avropa Şurası təsisatlarının və bu qurumlara üzv olan ölkələrin rəhbərlərinə, Böyük Britaniya rəhbərliyinə müraciət edərək onların hər birini Ermənistanın Azərbaycan Respublikası ərazisində yaratdığı mina təhlükəsini tezliklə aradan qaldırmağa güclü dəstək verməyə çağırırlar.
Bildirilir ki, Azərbaycan minalar və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında ilk yerlərdən birini tutur. İlkin məlumatlara görə, Ermənistan işğal dönəmində Azərbaycan torpaqlarına 1 milyondan çox mina basdırıb.
2020-ci ildə 44 günlük müharibədən sonra 303 nəfər işğaldan azad edilmiş ərazilərdə mina qurbanı olub. 1991-ci ildən ötən dövr ərzində Ermənistanın basdırdığı minalardan zərərçəkənlərin ümumi sayı 3400 nəfərə yaxınlaşır.
Bir milyona yaxın məcburi köçkün öz doğma yurdlarına təhlükəsiz qayıdışı səbirsizliklə gözləyir. Qayıdış üçün həmin ərazilər minalardan sürətlə təmizlənməlidir, bunun üçün beynəlxalq donorların minatəmizləmə işlərinə, minadan zərərçəkənlərə güclü dəstəyinə böyük ehtiyac var.
Minatəmizləmə həm də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün əsas şərtlərdən biridir. Məhz bu səbəbdən Azərbaycan özü minatəmizləmə üzrə Dayanıqlı İnkişaf Məqsədi formalaşdıraraq onu milli məqsəd kimi qarşısına qoyub. Minalar və partlamamış hərbi sursatlara qarşı mübarizədə beynəlxalq tərəfdaşlığın qurulması, resursların mobilizasiyası, minadan zərərçəkən ölkələrə xüsusi diqqətin ayrılması üçün qlobal miqyasda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycan humanitar minatəmizləmə üzrə yeni və xüsusi - 18-ci Dayanıqlı İnkişaf Məqsədini də təklif edib. Hesab edirik ki, bu, dünya birliyinin diqqətinin qlobal mina təhdidinə yönəldə bilər.
Biz vətəndaş cəmiyyəti təşkilatları olaraq sizləri Azərbaycanın mina probleminin aradan qaldırılmasına yaxından dəstək verməyə, Ermənistana təzyiqlər etməyə, mina təhdidinin aradan qaldırılmasında ədalətli mövqe nümayiş etdirməyə çağırırıq.
“Xalq qəzeti”