Keniyanın Turkana Bio Aloe Təşkilatının sədri Eliud Emeri beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan hökumətinin və Qarabağdakı qeyri-qanuni rejimin qalıqlarının öz siyasi məqsədlərinə çatmaq üçün yaratdıqları süni maneələrə cəlb etmək məqsədilə Keniyada fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları adından bəyanat yayıb.
Sənəddə qeyd olunur: “Biz - Keniyada fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları bu bəyanatla Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyasının Ermənistan tərəfindən əngəllənməsini pisləyirik.
Ermənistanın bir sıra məmurları Laçın yolu haqqında siyasi manipulyasiya və spekulyasiya yaratmağa çalışırlar. Bu iddialar tamamilə əsassızdır və təkzib edilir”.
Bəyanatda, həmçinin vurğulanıb ki, Azərbaycan tərəfinin Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin ehtiyaclarını qarşılamaq üçün Ağdam-Xankəndi yolundan istifadə etmək təklifi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.
“Beynəlxalq ictimaiyyət bilməlidir ki, Azərbaycan blokada yaratmır, əksinə, yardım təklif edir. Lakin qeyri-qanuni rejimin qalıqlarının təxribatları humanitar yardımdan imtina deməkdir.
Biz Ermənistan hökumətini təxribatları dayandırmağa çağırırıq. Çünki onlar Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyasına əngəl olur, regionda sülhə və təhlükəsizliyə nail olmaq üçün süni maneələr yaradırlar.
Biz beynəlxalq təşkilatlara müraciət edirik ki, adekvat reaksiya versinlər və Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası prosesini dəstəkləsinlər, - deyə bəyanatda vurğulanıb.