Qarabağ xanlığının qurucusu Pənahəli xanın nəslinin İspaniyada yaşayan nümayəndəsi Qulam Əkbərov ailəsi ilə birlikdə ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edib.
Səfər zamanı Əkbərovlar ailəsinin üzvləri əvvəlcə ulu babalarının sarayının qalıqlarını və onun adını daşıyan küçəni ziyarət ediblər.
Sonra xan nəslinin davamçıları Bazarbaşı meydanı, Cıdır düzü, güllələnmiş heykəllərin yerləşdiyi meydan, Şuşa Bəyannaməsinin imzalandığı məkan, Xurşidbanu Natəvanın evi, “Xan qızı” bulağı, Molla Pənah Vaqifin məqbərəsi, Gəncə Qapısı, Yuxarı Gövhərağa məscidi, İsa bulağı və digər görməli yerlərdə olublar.
Əkbərovlar ailəsinə Qarabağın incisi olan Şuşada aparılan yenidənqurma və abadlıq işləri barədə ətraflı məlumat verilib.
Qulam Əkbərov bildirib ki, xalqımızın Qarabağda qazandığı Qələbənin möhtəşəmliyini Şuşada daha dərindən hiss edir və bu günü heç vaxt unutmayacaq.