Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata əsasən, artıq bir sıra rayonlarda təkrar əkin aparılır. Məsələn, Ağdam rayonunda yığımla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir, yüksək məhsuldarlıq əldə etmək üçün torpağa lazımi aqrotexniki qulluq göstərilir.
İndiyədək rayonda 3 min hektardan çox sahədə şum qaldırılaraq, 241 hektarda təkrar əkin aparılıb. Təkrar əkinlərin 100,5 hektarı silos üçün qarğıdalı, 3 hektarı kələm, 5 hektarı xiyar, 11 hektarı pomidor, 77 hektarı sorqo (süpürgə), 44,5 hektarı isə darıdır. Ağdamda payızlıq dənlilərin səpilməsi üçün hazırlıq işləri də həyata keçirilir.
Ağcabədi rayonunda taxıl biçini yekunlaşıb. Cari mövsümdə 26 min hektardan çox sahədə biçin aparılıb, 120 min tondan artıq məhsul əldə edilib. Bu, son illərdə rayon üzrə əldə edilmiş ən yüksək göstəricidir. Xatırladaq ki, Ağcabədidə hektarın orta məhsuldarlığı buğda sahələrində 47,5 sentner, arpa sahələrində isə 39,1 sentner təşkil edir. Ağcabədili fermerlər və mülkiyyətçilər bu il 26 min 664,2 hektar sahədə taxıl becəriblər, onun 19 min 514,2 hektarı buğda, 7150 hektarı arpadır.
Hazırda rayon fermerləri və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini uğurla davam etdirirlər. Təsərrüfatlarda məhsul yığımı ilə yanaşı, dən və yaşıl yem istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqini də uğurla reallaşdırılır. Fermerlər artıq 13 min hektardan çox sahədə şum qaldırıb, 1737 hektarda təkrar əkin aparıblar. Təkrar əkinlərin 1082,9 hektarı qarğıdalı, 13,8 hektarı kələm, 83,5 hektarı süpürgə, 1 hektarı kartof, 168,1 hektarı günəbaxan, 386 hektarı darı, 2 hektarı lobyadır.
Beyləqanda da biçilmiş taxıl sahələrində şum qaldırılır. Yeri gəlmişkən, rayonda taxıl biçini başa çatıb. Fermerlər və torpaq mülkiyyətçiləri zəmilərdən 70 min 753 ton məhsul əldə ediblər. Onlar 15 min 843 hektar buğda sahəsindən 63 min 922 ton, 2189 hektar arpa sahəsindən 6831 ton məhsul toplayıblar. Hər hektarın məhsuldarlığı orta hesabla 39,2 sentner, o cümlədən buğda sahələrində 40,3 sentner, arpa sahələrində isə 31,2 sentner olub.
Taxıl biçini başa çatan Bərdə rayonunda 17 min 482 hektar taxıl sahəsindən 78 min 309 ton məhsul əldə edilib. Məhsulun 60 min 424 tonu buğda, 17 min 885 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 45,8 sentner, arpa sahələrində isə 41,7 sentner olub. Hazırda biçilmiş taxıl sahələrində şum aparılır. 2023-cü ilin məhsulu üçün Bərdədə 17 min 482 hektar sahədə taxıl becərilib. Onun 13 min 193 hektarı buğda, 4289 hektarı isə arpa əkinləri olub.
Qəbələnin təsərrüfatlarında taxıl biçini kampaniyası uğurla yekunlaşıb. Rayonda 15 min 465 hektar taxıl sahəsinin məhsulunun biçilməsi artıq başa çatıb. 40 min tondan çox məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 28,8 sentner təşkil edib.
Balakən rayonunun təsərrüfatlarında isə 1806 hektar sahənin məhsulu biçilib, 60 min ton taxıl istehsal olunub. Hər hektara görə orta məhsuldarlıq 33,2 sentner təşkil edib. Əvvəlki illə müqayisədə taxıl əkilmiş sahələr 862,4 hektar, məhsul istehsalı isə 3 min tondan çox artıb.
Builki mövsümdə balakənli fermerlər 1086,7 hektar buğda sahəsindən 3361,6 ton, 719,3 hektar arpa sahəsindən isə 2644,4 ton məhsul əldə ediblər. Buğda sahələrinin hər hektarının orta məhsuldarlığı 30,9 sentnerə, arpa zəmilərinin isə 36,7 sentnerə çatıb.
Hazırda taxıl biçini yekunlaşan sahələrdə təkrar qarğıdalı əkini davam edir. İndiyədək təsərrüfatlarda 91 hektar sahədə təkrar qarğıdalı əkilib. Eyni zamanda, payızlıq dənli bitkilərin səpini üçün 105 hektarda yay şumu qaldırılıb.
Onu da qeyd edək ki, respublikada keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti cari il üçün 450 manat müəyyən edilib. Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.
V.BAYRAMOV, “Xalq qəzeti”