“Ağcabədi taxıl Aqropark” ənənəvi əkinçiliyi modernləşdirir

post-img

Son illərdə ölkəmizdə ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi və aqrar-sənaye kompleksinin modernləşdirilməsi məqsədilə müasir aqroparkların yaradılması istiqamətində böyük uğurlara imza atılıb. 

Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq yaradılan təsərrüfatlardan biri də “Ağca­bədi taxıl Aqropark”dır. 2018-ci ildən ya­radılmağa başlanan bu təsərrüfat müasir əkinçilik və bağçılıq təsərrüfatıdır. Bura­da əsasən arpa, buğda, qarğıdalı, pam­bıq, günəbaxan və sair bitkilər becərilir.

Suvarma mənbəyi kimi Yuxarı Qara­bağ kanalından istifadə olunur. “Ağca­bədi taxıl Aqropark”da sudan səmərəli istifadə etmək üçün ABŞ-dan gətirilmiş pivot suvarma sistemləri qurulub. Əkin sahələrinin suvarılmasında ən müasir müasir metodlardan istifadə edilir. Pi­vot suvarma sistemləri elmi və müasir yanaşmaların tətbiqi ilə kənd təsərrüfatı məhsullarının məhsuldarlığının yüksəl­dilməsinə, maya dəyərinin aşağı salın­masına və eyni zamanda, ərzaq təhlükə­sizliyinin təmin olunmasında mühüm rol oynayır. Burada 41-i daimi olmaqla 150 iş yeri yaradılıb. 

Ötən il aqroparkda buğdanın məhsul­darlığı 50 sentner, arpanın məhsuldarlı­ğı, təqribən, 60 sentner, pambıqda isə bu göstərici 45 sentner olub. Nəzərə alaq ki, respublikada buğda üzrə orta məhsuldar­lıq hektara 31,9 sentner, pambıq üzrə isə 30,92 sentner təşkil edib, o zaman ara­dakı fərqin kifayət qədər yüksək olduğu­nu görmək mümkündür. 

Bu il 509 hektarda arpa, 587 hektar­da buğda əkilib. 690 hektarda da pambıq səpini həyata keçirilib. Buğda biçinindən sonra ikinci məhsul üçün qarğıdalı əkini nəzərdə tutulub. 2023-cü ildə həm də 120 hektar sahədə salınmış badam ba­ğından ilk məhsul yığılacaq. 

P. ƏFƏNDİ, “Xalq qəzeti”

İqtisadiyyat