Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi–Tədqiqat İnstitutu ilə “Azərbaycan Toxumçular Assosiasiyası” İctimai Birliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Nazirliyin yaydığı açıqlamaya əsasən, sənəd institutun İdarə Heyətinin sədri Elmar Allahverdiyev və Assosiasiyanın sədri Mədinə Əliyeva tərəfindən imzalanıb.
Memorandumun məqsədi istehsal olunan keyfiyyətli və məhsuldar tərəvəz toxumlarının fermerlərə çatdırılmasına dəstək verilməsi, yeni yüksək məhsuldar toxum sortlarının təşviqi və təbliğatı işlərinin birgə həyata keçirilməsi, toxumçuluq sahəsində yeni texnologiyaların tətbiqi üzrə mütəxəssislərin hazırlanmasında ixtisaslaşmış peşə sahibləri ilə birgə treninqlərin təşkil edilməsidir.
İmzalanma mərasimində institutun fəaliyyəti, aparılan elmi-tədqiqat işləri, yeni yaradılmış tərəvəz sortları, tərəvəz toxumçuluğunun inkişafı, yerli toxumlara olan tələbatın ödənilməsi barədə ətraflı məlumat verilib.
“Xalq qəzeti”