Bakıda II Beynəlxalq Aqrar İnnovasiya Forumu keçirilib

post-img

Dünən Bakıda Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) çərçivəsində II Beynəlxalq Aqrar İnnovasiya Forumu keçirilib. Forumda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış edərək bildirib ki, kənd təsərrüfatı sərgisi gələn ildən başlayaraq yeni formatda təşkil olunacaq.

Qeyd olunub ki, “Agri Week”, yəni kənd təsərrüfatı həftəsi çərçivəsi keçiriləcək sərgi çox sayda yerli fermer, təsərrüfat və təchizatçı şirkətlərə fərqli məkanlarda daha çox əlaqələr quramağa və fürsətlər əldə etməyə imkan yardacaq. Onun sözlərinə görə, tədbirlər Bakı Ekspo Mərkəzi ilə yanaşı, özəl təsərrüfatların ərazisində də təşkil olunacaq. Bununla yanaşı, 3 gün ərzində təşkil olunacaq Beynəlxalq Aqrar İnnovasiya Forumunda kənd təsərrüfatının əsas prioritet istiqamətləri müzakirə olunacaq.

Azərbaycan Robototexnika və Mühəndislik Akademiyasının əməliyyatlar üzrə baş meneceri Ziya İsmayılov isə çıxışında ölkəmizin kənd təsərrüfatı sahəsində yerli istehsal olan süni intellekt əsaslı texnologiya istifadə olunduğuna diqqət çəkib. O, hazırda dövlət subsidiya layihəsi çərşivəsində fəaliyyət göstərən Azərbaycan istehsalı olan “Nutlab” startap layihəsi barədə məlumat verərək bildirib ki, fındıqyığan aqreqat 50 işçinin bir gündə görə biləcəyi işi bir neçə saatda icra edir. Bu da gün ərzində 2 hektarlıq bir ərazidə fındıq yığımını həyata keçirməyə imkan yaradır. Z.İsmayılovun sözlərinə görə, hazırda fındıqçılıq üzrə ixtisaslaşmış Zaqatala və Balakən rayonlarında istifadə olunan aqreqat təkcə fındıq yığımında deyil, həm də yer belləmə, əkin, suvarma və kartof yığımı ilə bağlı fəaliyyət göstərə bilir. Baş menecer bununla yanaşı, yeni startap layihəsi olan “Ağıllı tasma” barədə də tədbir iştirakçılarına məlumat verib. Qeyd olunub ki, bu, heyvandarlıqla məşğul olan fermerlər üçün düşünülən bir layihə olacaq.

İtaliyanın “TİM International” şirkətinin şöbə müdiri Attilio Somma isə çıxışında ölkəmizdəki aqroparklarda iri layihələr üçün süni intellektin tətbiqinin çevik imkanlar yarada biləcəyini vurğulayıb. O, təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək bildirib ki, şirkət müxtəlif sahələr üzrə ixtisaslaşmış böyük bir komandadan ibarətdir və burada bir sıra qabaqcıl texnologiyalar – bulud həlləri, IoT (əşyaların interneti), süni intellekt və kibertəhlükəsizlik inteqrasiya olunaraq tətbiq edilir.

Qeyd olunub ki, İtaliya və Avropada süni intellektin ümumi tətbiqi 50 faizdən çox olduğu halda, aqrar sektorda bu göstərici cəmi 20 faiz təşkil edir. Onun sözlərinə görə, süni intellekt bütün sahələrə təsir göstərsə də, onun digər texnologiyalarla birlikdə istifadəsi daha səmərəli nəticələr verir, çünki süni intellekt yalnız bir vasitədir. A.Somma əlavə edib ki, süni intellekt alqoritmlərinin biznes planlaşdırması və büdcəyə nəzarət sahələrində tətbiqi məhsuldarlığın artırılmasına və xərclərin azaldılmasına mühüm töhfə verir.

Forumda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Rəqəmsal İnkişaf və İnnovasiya Mərkəzinin direktoru Elviz İsmayılov, “Digital Umbrella” MMC-nin İnnovasiya və Rəqəmsal inkişaf şöbəsinin rəhbəri Leyla Hacıyeva, “Peerstack Akademy”nin baş icraçı direktoru Camal Rzayev və başqaları çıxış edərək aqrar sektorun prioritet istiqamətləri ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

Forum öz işini panel müzakirələrlə davam etdirib.

 

İqtisadiyyat