“Araz vadisi”ndə smart televizorlar buraxılacaq

post-img

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenlərinin sırasına daha bir sahibkarlıq subyekti qoşulub. Bugünlərdə “Taube Electronics” MMC-yə də parkın rezidenti statusu verilib.

İZİA-nın məlumatına görə, şirkət tərəfindən Azərbaycanda ilk dəfə olaraq smart televizorların istehsalı layihəsi həyata keçiriləcək. İnvestisiya dəyəri 3,5 milyon manat olan layihə çərçivəsində 20-yə yaxın daimi iş yeri yaradılacaq.

Məlumatda bildirilib ki, Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisənin illik istehsal gücü 19 min 500 ədəd televizor təşkil edəcək. Müəssisədə 4 müxtəlif ölçüdə (32, 43, 50, 55 düym) smart televizorların istehsalı planlaşdırılır. 

Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli fərmanı ilə yaradılıb. 200 hektar ərazini əhatə edən sənaye parkında hazırda 17 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. İndiyədək parkın ərazisində həyata keçirilmiş işlərə 30 milyon manatdan çox investisiya yatırılıb. Bunun da hesabına 100-ə yaxın daimi iş yeri yaradılıb.

İqtisadiyyat