Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) rəhbərliyi İsraildə işgüzar səfərdədir. Səfər çərçivəsində İRİA-nın idarə heyətinin sədri Fərid Osmanov bu ölkədə bir sıra məhsuldar görüşlər keçirib.
İlk görüş İsrailin avtonom idarəetmə və süni intellekt texnologiyaları üzrə qlobal liderlərdən biri olan “Mobileye” şirkətinin rəhbərliyi ilə keçirilib. Görüş zamanı “Mobileye”nin strateji inkişaf modeli, elmi-tədqiqat fəaliyyəti və dövlət – özəl sektor əməkdaşlığı təcrübəsi təqdim olunub. Azərbaycanın rəqəmsal transformasiya və innovasiya gündəliyinə uyğun əməkdaşlıq imkanları da geniş şəkildə müzakirə edilib. Qeyd olunub ki, bu cür tərəfdaşlıqlar yüksək texnologiyaların ölkəyə transferi, innovasiya ekosisteminin inkişafı və rəqəmsal islahatların sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Yeri gəlmişkən, “Mobileye” hazırda 50-dən çox avtomobil istehsalçısı ilə əməkdaşlıq edir və texnologiyaları dünya üzrə 800 milyondan artıq nəqliyyat vasitəsində tətbiq olunur.
Daha sonra nümayəndə heyəti İsrailin aparıcı vençur fondlarından biri olan “OurCrowd” platformasının rəhbərliyi ilə görüşüb. Görüşdə Azərbaycan startap ekosistemindəki potensial, dövlətin innovasiya və sahibkarlığa dəstək mexanizmləri, vençur maliyyələşdirmə infrastrukturu və fəaliyyət göstərən investisiya fondları barədə ətraflı məlumat təqdim olunub. Söhbət əsnasında tərəflər birgə investisiya layihələrinin reallaşdırılması, qabaqcıl texnologiyaların Azərbaycana transferi, həmçinin startaplar arasında təcrübə və bilik mübadiləsi sahəsində əməkdaşlıq imkanlarını dəyərləndiriblər. Azərbaycan nümayəndələri İsrailin inkişaf etmiş innovasiya mühiti ilə tanışlığın və bu sahədə əməkdaşlığın gücləndirilməsinin strateji əhəmiyyətini vurğulayıblar.
Məlumat üçün bildiririk ki, “OurCrowd” dünyanın müxtəlif texnologiya sahələrində fəaliyyət göstərən startaplara investisiya yatıran beynəlxalq platformadır və indiyədək yüzlərlə layihəni maliyyələşdirib.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində İsrailin kibertəhlükəsizlik sahəsində dünya üzrə lider şirkətlərdən biri olan “Checkpoint” təşkilatının rəhbərliyi ilə də görüşüb. Görüş zamanı ölkəmizdə kibertəhlükəsizlik əməliyyat mərkəzlərinin yaradılması, kibertəhlükəsizlik akademiyasının təsis edilməsi və “Checkpoint” şirkətinin qabaqcıl texnoloji həllərinin tətbiqi imkanları geniş şəkildə müzakirə olunub. Bununla yanaşı, şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi və lokal tərəfdaşlıqlar vasitəsilə əməkdaşlığın dərinləşdirilməsi məsələləri ilə bağlı da geniş fikir mübadiləsi aparılıb.