İstiləşmə və Naxçıvanda aqrar sahənin zərərli təsirlərdən qorunması

post-img

Dünən Naxçıvanda “İqlim dəyişikliyinin kənd təsərrüfatının inkişafına təsiri” mövzusunda konfrans keçirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli aktual mövzuya həsr olunmuş məclisin işinə uğurlar arzulayıb və konfransın iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib. O qeyd edib ki, dünyada baş verən qlobal istiləşmə, quraqlıqların artması aqrar sektora, nəticədə, ərzaq təhlükəsizliyi təminatına da mənfi təsir göstərir. Təbii ki, bu, Naxçıvan iqtisadiyyatına da təsirsiz ötüşmür. Çünki kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının əsasını təşkil edir.

Bildirilib ki, muxtar respublikada ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi prioritet məsələlər sırasındadır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” bölgədə bu sahədə atılacaq addımların təməlini təşkil edir. Sözügedən proqramda regionda ekoloji tarazlığın və bioloji müxtəlifliyin qorunması, yaşıllıqların mühafizəsi və artırılması əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilib. Bu da muxtar respublikada iqlim dəyişikliklərinin ətraf mühit komponentlərinə təsirlərinin minimuma endirilməsi işinə mühüm töhfə verəcək.

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova qeyd edib ki, məqsəd COP29-dan sonra iqlim dəyişikliyi problemlərinə qarşı görüləcək tədbirlərin birgə müzakirəsini aparmaqdır. Nazir müavini qeyd edib ki, iqlim dəyişikliyi kənd təsərrüfatında da məhsuldarlığa ciddi təsir göstərir. Bu təsirləri azaltmaq üçün praktik addımlar atılması zəruri xarakter daşıyır.

Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov isə söyləyib ki, qlobal iqlim dəyişikliyi yağıntıların davamlı azalmasına və su qıtlığının artmasına səbəb olur. Bu da kənd təsərrüfatı sektoru üçün ciddi çətinliklər yaradır. Ölkəmizdə kənd təsərrüfatının inkişafı bir çox hallarda birbaşa su təchizatının yaxşılaşdırılmasından asılıdır. Bundan başqa, ölkə ərazisinin 15 faizi quraqlıq, 6 faizi isə səhralaşma təhlükəsi altındadır. Kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud su, torpaq və iqlim ehtiyatlarından daha səmərəli istifadə, kənd təsərrüfatı sahəsinin iqlim dəyişikliyinə uyğunlaşdırılması, su təchizatının yaxşılaşdırılması, müasir su təchizatı texnologiyalarının səmərəli tətbiqi mühüm rol oynayır.

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29-a evsahibliyi edən və bu mötəbər tədbiri uğurla başa vuran Azərbaycanın dünya ekosisteminin qorunması tədbirlərinə mühüm töhfələr verdiyini bildirib. Nazir müavini qeyd edib ki, bioloji müxtəliflik indiki və gələcək nəsillər üçün çox böyük dəyərə malik qlobal sərvətdir. Lakin növlər və ekosistemlər heç vaxt indiki qədər böyük təhlükə altında olmayıb. Ölkəmizdə son 30 ildə ortaillik havanın temperaturu əvvəlki dövrlə müqayisədə orta hesabla 0,9 dərəcə yüksəlib. Ərazinin əksər hissəsində yağıntının miqdarı orta hesabla 4 faiz azalıb. İqlim dəyişikliyi və bioloji müxtəlifliyin itirilməsi bir-biri ilə bağlı proseslərdir və birlikdə həll edilməlidir.

Konfransda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi rəhbərinin müavini Bariz Mehdiyev, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Bitkiçilik Departamentinin müdiri İhsan Emiralioğlu və Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərovanın çıxışları da dinlənilib. Onlar Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP-29un bu il ölkəmizdə keçirilməsi təcrübə mübadiləsi aparmaqla gələcək təşəbbüslərə, dayanıqlı inkişaf sahəsində əməkdaşlıq səylərinin gücləndirilməsi və tərəfdaş münasibətlərin yaranmasına mühüm töhfə kimi dəyərləndiriblər.

Konfransda COP29 və Naxçıvanda “yaşıl enerji” layihələrinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Konfrans “Dayanıqlı kənd təsərrüfatı, qida və su təminatında iqlimin rolu” və “Elmi yanaşmalar və kadr potensialının artırılması” mövzularında panel müzakirələrlə öz işini davam etdirib.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

İqtisadiyyat