İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin məlumatına əsasən, bu ilin yanvar–sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2,47 milyard dollar (ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox) təşkil edib.
Cari ilin III rübündə ölkənin qeyri-neft ixracının dəyəri 2023-cü ilin eyni rübü ilə müqayisədə 31,5 faiz artaraq 869,02 milyon dollara yüksəlib. Təkcə keçən ay qeyri-neft ixracı illik müqayisədə 27,4 faiz artaraq 285,21 milyon dollara bərabər olub. Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 9,8 faiz artaraq rekord səviyyəyə –3,48 milyard dollara yüksəlib.
İxrac əməliyyatlatında diqqətçəkən bu uğurlu göstəriciləri bir sıra amillər şərtləndirib. Belə ki, son illər respublikada ixrac potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib. Bunun nəticəsində özəl bölmə sürətli inkişaf mərhələsinə daxil olub, sahibkarlığın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstlik diqqət mərkəzində saxlanılıb. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər də gerçəkləşdirilib. Eyni zamanda, yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub.
Qeyd edək ki, hazırda dövlətimizin başçısının 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiqlənən “2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, ixracyönümlü yerli istehsalı artıra biləcək güzəştli gömrük prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur. Bu kontekstdə daxildə emal xüsusi gömrük prosedurunun istifadə şərtlərinin sadələşdirilməsi diqqət mərkəzində saxlanılır.
Bütün bunlar isə ölkə iqtisadiyyatı üçün yeni istiqamətlərin formalaşdığını deməyə əsas verir. Bu istiqamətlər isə idxaldan asılılığın azaldılması, qeyri-neft əmtəə və xidmət ixracı həcminin yüksəldilməsi, qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl investisiyaların dominant rolunun gerçəkləşdirilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və “kölgə iqtisadiyyatı” səviyyəsinin minimuma endirilməsindən ibarətdir.