Azərbaycanda süni yağış texnologiyası və havadan suyun əldə edilməsi üzrə pilot layihələr icra olunacaq. Məqsəd ölkənin, xüsusən də işğaldan azad olunmuş ərazilərin su ehtiyatlarından səmərəli istifadə olunması, yeni texnologiyaların tətbiqi ilə su ehtiyatlarının artırılması və ümumilikdə su təsərrüfatının yaradılması və idarə edilməsidir.
AZƏRTAC xəbər verir ki, bunu İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sədrinin müşaviri Aydın Abbasov Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da əksini tapan hədəflərdən danışarkən bildirib.
Sənədin vaxtında hazırlanan strategiya proqramı olduğunu qeyd edən A.Abbasovun sözlərinə görə, elmi potensial, texnoloji təcrübələr, o cümlədən beynəlxalq təcrübədən istifadə edilərək Azərbaycanda bu sahənin ciddi inkişafının istiqamətləri araşdırılacaq.
“Su ehtiyatlarının artırılması, sudan səmərəli istifadə olunmasında mülayim hava qurşaqlarının rolu, ölkə ərazisində süni yağışların yağdırılması üçün beynəlxalq təcrübəyə əsasən texnologiyaların işlənilməsi metodikaları, elmi-tədqiqat və iqtisadi araşdırma işlərinin aparılmasına başlanılıb. Əsas məsələ su ehtiyatlarının qiymətləndirilməsinin düzgün aparılması, su ehtiyatlarının inteqrasiyalı istifadə edilməsi, içməli su ehtiyatlarının səmərəli bölgüsü, əhalinin su ehtiyatının böhran vəziyyətlərdə dayanıqlılığının təmin edilməsi metodologiyalarının hazırlanmasıdır. Su strategiyasının hədəflərindən biri də böhran vəziyyətində sel sularını qoruyub səmərəli istiqamətləndirməkdir. Bu istiqamətdə tədqiqatlar aparılmalıdır. Biz mövcud suyun düzgün idarə edilməsini bacarmalıyıq”, - deyə Aydın Abbasov qeyd edib.
Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək. Mərkəzin icraçı direktorunun müavini Ayaz Müseyibov AZƏRTAC-a açıqlamasında bildirib ki, bu gün qlobal miqyasda su ehtiyatlarından səmərəli istifadə getdikcə daha çox əhəmiyyət kəsb edir. Çünki dünya iqlim dəyişmələri mərhələsindən keçir, su çatışmazlığı artır: “Su ehtiyatlarının daha səmərəli istifadə edilməsi, əhalinin təmiz suya tələbatının daha da yaxşılaşdırılması, su itkilərinin azaldılması, zəruri infrastrukturun gücləndirilməsi xüsusi əhəmiyyətə malikdir. Nəzərə alaq ki, Azərbaycanın digər region ölkələri ilə müqayisədə su ehtiyatları daha azdır. Qəbul olunmuş sənəd və onun icrası ilə əldə ediləcək nəticələrin xüsusi əhəmiyyəti olacaq. Bu sənədin icrası ilə Azərbaycanda su ehtiyatlarının daha səmərəli istifadə olunması və artırılması planlaşdırılır”.