Sağlam gələcəyin zəruri təminatı

post-img

İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinin gerçəkləşdirilməsi, qlobal temperaturun 2100-cü ilə qədər 2ºC altında saxlanılması insanlığın gələcəyi üçün mühüm önəm daşıyır. Paris iqlim sazişi ilə razılaşdırılan həmin hədəf hazırda dünya ölkələrinin diqqət mərkəzindədir.

Bu məqsədi gerçəkləşdirmək üçün qlobal səviyyədə fəaliyyətlər intensivləşdirilməli, hökumətlər, korporasiyalar, qeyri-hökumət təşkilatları ilə yanaşı, fərdi vətəndaşlar da həmin prosesi dəstəkləməlidirlər. Bu yazıda isə qarşıya qoyulan vəzifənin əhəmiyyətinin sadə vətəndaşların həyatına necə təsir göstərə biləcəyi barədə fikirlər diqqətə çatdırılır.

ADA Universitetinin müəllimi, “yaşıl” enerji üzrə ekspert Orxan Kərimzadə daha sonra qeyd edir ki, bəzi insanlar üçün iqlim dəyişikliyi abstrakt problem kimi görünə bilər. Ancaq məsələnin dərindən təhlili qlobal temperaturun 2ºC-dən yuxarı qalxması ilə ekstremal hava hadisələrinin, o cümlədən daşqınlar, quraqlıqlar, məhsul itkisi və digər ciddi iqlim problemlərin də artacağını söyləməyə əsas verir. Belə şəraitdə isə təkcə ekosistemlər deyil, həm də iqtisadiyyat təhdidlərlə üzləşir. Məsələn, su ehtiyatları getdikcə tükənir, qida təhlükəsizliyi tədricən pozulur, bir çox regionlarda isə məcburi köçkünlük halları artır. Təkrar edirəm, bu cür təhlükələrin baş verməməsi, problemlərin qarşısının alınması üçün, ilk növbədə, qlobal temperaturun 2ºC altında saxlanılması strateji prioritetdir.

Yuxarıda vurğuladığım kimi, bu istiqamətdə sadə vətəndaşların məlumatlandırılması və maarifləndirilməsi çox vacibdir. İqlim dəyişikliyi təsirlərinin azaldılmasında hər bir insanın rolu olduğunu vurğulamaq, onlara enerji səmərəliliyi, su ehtiyatlarının qorunması, tullantıların azaldılması və təkrar emal kimi gündəlik fəaliyyətlərdə iştirak etməyin əhəmiyyətini diqqətə çatdırmaq lazımdır. Bununla yanaşı, iqlim dəyişikliyinə uyğunlaşmaq və davamlılıq yaratmaq üçün milli strategiyalar hazırlanmalı, enerji sektorunda təmiz texnologiyaların istifadəsi genişləndirilməli və istixana qazı emissiyalarının balansını gerçəkləşdirmək məqsədilə daha səmərəli tədbirlərin görülməsi zəruridir.

İqlim dəyişikliyinin təsirlərinə qarşı davamlılığın yaradılmasını hökumətlər və böyük təşkilatlarla bərabər, cəmiyyətin hər bir fərdinin də dəstəkləməsinin önəmini vurğulayan Orxan Kərimzadə qlobal istiləşməni 2ºC altında saxlamaqda beynəlxalq əməkdaşlıq, texnoloji inkişaf və sosial dəyişikliklərin də böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Ekspert sonda fikirlərini yekunlaşdıraraq qeyd edib ki, Bakının evsahibliyi edəcəyi COP29 məhz hər bir şəxsin dünyamız üçün ata biləcəyi addımları önə çıxarmaq, bu istiqamətdə qələbəni reallaşdırmaq məqsədi daşıyır. Sevindirici haldır ki, az bir müddətdən sonra hər kəs bu problemlərə Azərbaycanın gözü ilə baxacaq, proqnozlaşdırılan təhlükələrə qarşı mübarizədə planet sakinlərinə ölkəmizdən çağırışlar ediləcək. Odur ki, bu il nəhəng ölkələrin, dünya ictimaiyyətinin Yer kürəsini gələcək bəlalardan xilas etməsi üçün Azərbaycanı mərkəz seçməsi hər birimizin məsuliyyətini daha da artırır.

 

İqtisadiyyat