Su ehtiyatlarından səmərəli istifadə strateji hədəfdir

post-img

Dövlət proqramında su təchizatının yüksəldilməsi, itkilərin azaldılması nəzərdə tutulur

Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli sərəncamı ilə yaradılan komissiyanın həyata keçirməsi qərara alınıb.

Sərəncamla Nazirlər Kabinetinə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən adıçəkilən strategiyada nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə dövlət başçısına məlumat vermək və digər məsələləri həll etmək tapşırılıb. Xatırladaq ki, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” Azərbaycan Prezidentinin 2020-ci il 27 iyul tarixli sərəncamı ilə təsdiqlənən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020−2022-ci illər üçün Tədbirlər Planı”nın 2.4-cü bəndinə əsasən hazırlanıb. Milli Strategiyada su ehtiyatlarının artırılması, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılması, həmin sahədə idarəetmənin müasirləşdirilməsi, habelə beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsi istiqamətində müəyyən layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Milli Strategiya 2024−2040-cı illəri əhatə etməklə 3 mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə (2024−2027-ci illər) su ehtiyatlarından səmərəli istifadə üçün zəruri infrastruktur və idarəetmə təkmilləşdiriləcək. Bu çərçivədə su ehtiyatlarının yenidən qiymətləndirilməsi, artırılması, inteqrasiyalı idarə edilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə, suyun keyfiyyətinin yaxşılaşdırılması, su təsərrüfatı obyektlərinin genişləndirilməsi və su itkilərinin azaldılması gerçəkləşdiriləcək.

İkinci mərhələdə (2028−2030-cu illər) təməl şərtlərin möhkəmlənməsi əsasında “təmiz su və sanitariya”, “iqlim dəyişikliyinə qarşı mübarizə”, “dəniz və torpaq ekosistemlərinin mühafizəsi” kimi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə yaxınlaşma reallaşdırılacaq. Nəhayət, 2031−2040-cı illər ərzində –sonuncu mərhələdə hidroekoloji böhranların innovativ texnologiyalar əsasında səmərəli idarə olunması, su ehtiyatlarının artırılması, habelə alternativ su mənbələrindən istifadəni genişləndirməklə dayanıqlı və keyfiyyətli suya tələbatın ödənilməsi təmin ediləcək.

Milli Strategiyada bildirilir ki, dünya ölkələri iqlim dəyişikliklərinin kəskinləşməsi, su ehtiyatlarının azalması və onun ekoloji sistemə mənfi təsirlərinin getdikcə artması kimi ciddi problemlərlə üzləşib. Son 50 ildə davamlı qlobal iqlim dəyişikliyi, əhalinin sürətli artması, urbanizasiya və sənayeləşmə kimi amillər su ehtiyatlarının səviyyəsinə və keyfiyyətinə mühüm təsir göstərib.

Beynəlxalq təşkilatların su ehtiyatlarının vəziyyətinə dair 2024-cü ildə dərc etdiyi hesabata görə dünyada su çatışmazlığı davamlı artır. BMT-nin məlumatına görə, dünyada, təxminən, 2,2 milyard nəfər əhalinin təmiz içməli suya, 3,5 milyard nəfərin isə sanitariya xidmətlərinə çıxışı yoxdur. 2050-ci ilədək suya tələbatın, təxminən, 40 faizdən çox artacağı gözlənilir ki, bu da su qıtlığı problemini daha da kəskinləşdirə bilər.

Sözügedən strategiyada dünyada davamlı iqlim dəyişikliyi nəticəsində quraqlığın artdığı, hazırda 1,4 milyarddan çox insanın bu fəsaddan əziyyət çəkdiyi bildirilib. Bundan əlavə, yağıntıların Cənub–Şərqi Asiya və digər ərazilərdə daşqınların artmasına səbəb olduğu, kənd təsərrüfatı və içməli su hövzələrinə mənfi təsir göstərdiyi, vurğulanıb.

Qeyd edilənlərlə yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan kimi qonşu dövlətlərdə iqlim dəyişikliyindən, o cümlədən hava temperaturunun artmasından və yağıntı normalarının azalmasından irəli gələn su ehtiyatlarında dəyişmə, su təchizatı və irriqasiya infrastrukturunda mövcud problemlər, müasir texnologiyaların zəif tətbiqi kimi amillər ölkəmizdə su ehtiyatlarının formalaşmasına mənfi təsir göstərir.

Milli Strategiyada bildirilir ki, ölkəmizin bərpaolunan şirin su ehtiyatları 26,2 milyard kubmetr təşkil edir. Bunun 8,4 milyard kubmetri yeraltı sulardan, 4,6 milyard kubmetri yerli çay axınlarından və 13,2 milyard kubmetri transsərhəd yerüstü sulardan formalaşır. Bərpaolunan şirin su ehtiyatının 17,8 milyard kubmetri (67,9 faizi) isə yerüstü şirin su ehtiyatları hesabına yaranır. Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütün regiondakı su ehtiyatının, təxminən, 15 faizini təşkil edir. Eyni zamanda, respublikamızda adambaşına düşən su ehtiyatı da qonşu ölkələrlə müqayisədə ən aşağı səviyyədədir.

Yerüstü su ehtiyatları, əsasən, çaylarda cəmlənir. Azərbaycanda mövcud çayların əksəriyyəti kiçik (uzunluğu 5 kilometrdən az) və azsuludur. Ölkə ərazisinin, təxminən, 75 faizi Kür çayı hövzəsinə daxildir. Çay suları ehtiyatlarının, təxminən, 70 faizi qonşu ölkələrin ərazisində, qalanı isə (yerli axım) daxili çaylardan formalaşır.

Quraqlıq illərində transsərhəd su ehtiyatlarının həcmində kəskin azalma müşahidə edilir. Eyni zamanda, Kür və Araz çaylarının su ehtiyatı qonşu ölkələrin ərazisində sugötürücü qurğularla mənimsənilmə nəticəsində xeyli səviyyədə azalır. Bu isə respublikada suya tələbatın ödənilməsində ciddi çətinliklər yaradır.

Azərbaycanda 140-dan çox su anbarı var. Bunların ən böyükləri Kür çayı üzərindəki Mingəçevir (həcmi 15,7 milyard kubmetr), Şəmkir (həcmi 2,7 milyard kubmetr), Araz çayı üzərindəki Xudafərin (həcmi 1,6 milyard kubmetr) və Araz (həcmi 1,3 milyard kubmetr), habelə Tərtər çayı üzərindəki Sərsəng (həcmi 0,56 milyard kubmetr) su anbarlarıdır. Su anbarlarının ümumi həcmi isə 24 milyard kubmetrə yaxındır.

Ölkə ərazisində mövcud 700-ə yaxın gölün əksəriyyəti də yay aylarında quruyur. Qurumayan təbii göllərin sayı, təxminən, 250-dir. Sahəsi 1 kvadratkilometrdən çox olan və böyük təsərrüfat əhəmiyyəti daşıyan göllərin sayı 25-dir. Göllərin ümumi su ehtiyatı 0,9 milyard kubmetrə, şirinsulu göllərin ehtiyatı isə 0,03–0,05 milyard kubmetrə yaxındır.

Azərbaycanda qrunt (yeraltı) suları yüksək keyfiyyəti ilə seçilir. Çaylara axan suyun 16−17 faizi yeraltı suların payına düşür. Yeraltı suların hər il 2 milyard kubmetrdən artığı əkin sahələrinin suvarılmasına və yaşayış yerlərinin su təchizatına sərf edilir. İstismara yararlı qrunt sularının ümumu tutumu bir il üçün 8−9 milyard kubmetr arasında hesabır. Ən çox ehtiyata malik yeraltı sular Qusar maili düzənliyindədir və ehtiyatı 1,3 milyard kubmetr təşkil edir. Yeraltı sularla ən az təmin olunan ərazi Abşeron yarımadasıdır.

Milli Strategiyada Dövlət Statistika Komitəsinin məlumatına əsaslanaraq qeyd edilir ki, 2010−2023-cü illərdə təbii mənbələrdən götürülən suyun həcmi 10,7 faiz, su istehlakı isə 26,7 faiz artıb. İllik su təsərrüfatı balansının göstəricilərinə görə, ölkə üzrə su mənbələrindən əkin sahələrini suvarma məqsədilə götürülən suyun 50 faizi, əhalinin içməli su təchizatı üçün ayrılan suyun isə 37 faizi son istehlakçıya çatmır. Su itkilərinin orta illik həcmi, təxminən, ölkə ərazisində formalaşan yerüstü su ehtiyatları (4,6 milyard kubmetr) qədərdir.

Qiymətləndirmələrə görə, su itkilərinin yaranmasının səbəblərinə əksər suvarma kanallarının torpaq məcralı olması (75 faiz), müasir suvarma sistemlərinin məhdud tətbiqi (5 faiz), içməli su infrastrukturunun köhnəlməsi, fiziki itkiləri və suların dövlət uçotunun mükəmməl olmaması (sayğaclaşmanın başa çatmaması), suların dövlət uçotundan yayınma, nəzarətdənkənar qoşulmalar nəticəsində yaranan kommersiya itkiləri daxildir.

Milli Strategiyada ölkədə su itkilərinin yaranma səbəblərinin aradan qaldırılması istiqamətində son illər ərzində bir sıra layihələrin həyata keçirilməsi vurğulanıb. Eyni zamanda, perspektivdə də görüləcək işlər diqqətə çatdırılıb. Məsələn, suyun dövlət uçotu sisteminin təkmilləşdirilməsi və qanunsuz müdaxilələrin qarşısının alınması, müasir suvarma üsullarının tətbiqinin genişləndirilərək 2027-ci ildə ölkə üzrə 10 faizə çatdırılması, şirin su ehtiyatlarının artırılması məqsədilə 4 yeni su anbarının yaradılması, su təchizatı infrastrukturunun genişləndirilməsi nəticəsində içməli su təminatının 85 faizə, suvarma suyu təminatının isə 90 faizə çatdırılması, alternativ su mənbələrindən istifadənin təşviq edilməsi, sayğaclaşma səviyyəsinin 100 faizə qaldırılması, içməli su təchizatı üzrə itkilərin 33 faizə və suvarma suyu təchizatı sahəsində itkilərin isə 42 faizə qədər azaldılması qarşıya mühüm vəzifə kimi qoyulub.

Bütün bunlarla bərabər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından və hidroenerji potensialından “ağıllı” su sistemlərinin tətbiqi ilə rasional istifadə təmin ediləcək. Bölgədə 28 su elektrik stansiyasının tikintisi başa çatdırılacaq, yerüstü suların hidroenerji potensialı qiymətləndirilərək su elektrik stansiyaları, o cümlədən su təsərrüfatı obyektlərinin imkanları nəzərə alınmaqla kompakt enerji stansiyası yaradılacaq.

Sənəddə sağlamlıq, sahil və su turizmi imkanları üzrə qiymətləndirmənin aparılması, əhalinin içməli su ilə təchizatının daha da yaxşılaşdırılması, əkin sahələrinin suvarma suyuna tələbatının ödənilməsi və su ehtiyatları potensialından səmərəli istifadə olunmasının hövzələrarası su transferini həyata keçirməyə imkan verəcəyi, beləliklə də iqtisadi rayonlarda 300 min hektardan çox torpaq sahəsinin suvarma suyu ilə təmin ediləcəyi diqqətə çatdırılıb.

 



İqtisadiyyat